Dollara qadağa Rusiyanı tamam çökdürə bilər

Ancaq ekspertlər Moskvanın belə bir addım atacağına inanmırlar



Rusiya hökuməti ərazisində ABŞ dollarının dövriyyəsi qadağan edilə bilər. Bununla bağlı Rusiya Dövlət Dumasına dolların Rusiya ərazisində dövriyyəsini və saxlanmasını qadağan edən qanun layihəsi təqdim olunub.

Qanun qəbul edildiyi təqdirdə Rusiya vətəndaşları bir il ərzində Rusiya banklarında olan dollar hesablarını bağlamalı, nəğd dolları rubla və ya digər ölkələrin valyutalarına dəyişməlidirlər. Bununla yanaşı, polis, gömrük, vergi, sərhəd və miqrasiya xidməti tərəfindən tutulan nağd dollarlar isə müsadirə ediləcək. Belə olan halda ABŞ dollarının dövriyyəsi və saxlanılması yasağı Rusiya Mərkəzi Bankı, hökuməti, xarici işlər və müdafiə nazirlikləri, Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidməti tərəfindən aparılan valyuta əməliyyatlarına aid edilməyəcək.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Rusiyanın belə bir addım atmasına inanmır: "Bunu siyasi aksiya kimi dəyərləndirirəm. Dollardan imtina edilməsi Rusiyanın neftdən gələn gəlirlərinə də təsir edə bilər. Çünki rus nefti dünya əmtəə birjasında dollarla satılır. Bu baxımdan qonşu ölkənin iqtisadiyyatı brend markalı neftin qiymətindən asılıdır. Belə olan halda qadağa Rusiya iqtisadiyyatına çox böyük zərbə vura bilər. Digər tərəfdən qadağa Rusiya kimi böyük ölkənin turizm sektoruna da mənfi təsir göstərə bilər. Həm rus turistlərin xarici ölkələrə turist səfərlərinə, həm də ölkəyə turist gəlişinin kəskin azalmasına səbəb olar”.

İqtisadçı-ekspertin fikrincə, Rusiyanın bu addımı atmasına səbəb rublun dollarla rəqabətdə dayanıqlığının zəif olmasıdır: "Rus rublu dollarla nisbətdə kəskin ucuzlaşdığına görə rus rublunu lazımi dəyərdə saxlamaq mümkün olmur. Belə olduğu təqdirdə rus valyuta ehtiyatı kifayət qədər azala bilər. Ona görə də Rusiya Çinlə və digər ölkələrlə ticarətdə milli valyuta ilə xarici ticarəti həyata keçirtməyi planlaşdırır. Lakin istənilən halda belə bir qadağanın tətbiq edilməsi ölkənin milli valyutası olan rublun dəyərdən düşməsini, çökməsini sürətləndirəcək”.

Vüqar Şahinoğlu