“Biz neftin qiymətini lap 50 dollar da götürə bilərik”

İlham Şaban: “Bir-iki ilə təhlükə olmayacaq”



Dünya bazarında neftin qiyməti düşməkdə davam edir. Bu hadisə ekspertlər tərəfindən çox ciddi müzakirələrə səbəb olub. Neft bazarında baş verən dəyişikliklər bu prosesin hələ uzun sürəcəyindən xəbər verir. Neftin ucuzlaşmasının Azərbaycanın dövlət büdcəsinə nə dərəcə təsir edəcəyi də ekspertlər tərəfindən mübahisə doğuran məsələdir. Bu kimi suallar və neftin ucuzlaşmasının nə qədər davam edəcəyi ilə bağlı "Şərq”ə danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban hesab edir ki, bu prosesdə uzunmüddətli proqnozlar vermək çox müşküldür:

"Münəccimlik edə bilmərəm, çünki neftin qiyməti ilə bağlı dünyada çox fərqli proqnozlar verilir. Hər bir proqnozun da çox maraqlı əsaslandırmaları var. Bu baxımdan neftin qiyməti ilə bağlı hansısa ağlabatan bir fikir söyləmək də çətin olub. Hər bir şey bazardakı dəyişiklikdən asılıdır. Söhbət təkcə təklif-tələbdən deyil, həm də siyasi ab-havadan gedir. Beynəlxalq ekspertlərdən də heç kəs öz üzərinə hansısa məsuliyyət götürüb, neftin aşağı və ya yuxarı qiymət həddi ilə bağlı ciddi bir proqnoz vermir. Bu gün neftin dünya bazarında satışı 82 dollardır və Amerika Birləşmiş Ştatlarında isə 79 dollardır. Üzü qışa getməyimizə rəğmən qiymətlər kəskin şəkildə dəyişir. Adətən havalar soyuduqca yanacağa olan tələbat da artır. Məntiqlə dünya bazarında getdikcə neftin qiyməti artmalı idi. Ancaq bir sıra amillərdən dolayı bunun əksi baş verdi.

- Məsələn?

- Neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasının əsas səbəbi hasilatda olan artımla bağlıdır. Bazarda tələb təklifi üstələdiyi üçün neft dəyərdən düşür.

- Dünya bazarında neftin qiymətinin düşməsinin dövlət büdcəsinə təsirləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan təbii ki, neft idxalçısıdır. Əgər hər gün ucuzlaşma baş verirsə, ölkənin hər gün gəlirləri azalır. O cümlədən, neft ucuzlaşan zaman xarici şirkətlər dövlət büdcəsinə daha az mənfəət vergisi ödəyəcəklər. Həmçinin Dövlət Neft Fonduna daxilolmalar azalacaq. Çünki "Azəriçıraq-Günəşli” neft yatağında bir gündə təxminən 650 min barrel neft ixrac edilir. Əgər qiymət fərqini bir dollardan götürsək, deməli, ötən günlə müqayisədə "Azəriçıraq-Günəşli” yatağının gəliri 1 dollar azalır.

- Bəzi ekspertlər neftin qiymətinin 90 dollardan götürülməsini riskli addım hesab edirlər. Amma büdcə müzakirəsi zamanı Samir Şərifov heç bir problem yaşanmayacağını dilə gətirib. Siz necə düşünürsünüz?

- Əslində, neftin büdcədə hansı rəqəmlə götürülməsinin elə bir əhəmiyyəti yoxdu. Əsas məsələ hökumətin qarşısında duran vəzifələrdir. Yəni, bilmək lazımdır ki, gələn il üçün hökumət qarşısında hansı məqsədlər durur. Hesablanır ki, bu vəzifələri həyata keçirmək üçün nə qədər vəsait lazımdır. Bu hesablanarkən ümumilikdə büdcədən maliyyələşən təşkilatlar, orda çalışan insanlar, sosial layihələr, təqaüdçülər, ölkədə hər hansı bir beynəlxalq tədbir keçiriləcəksə, bununla bağlı xərclər və s. daxil edilir.
Samir Şərifov neftin qiymətinin düşməsini dövlət büdcəsi üçün o baxımdan risksiz adlandırıb ki, büdcə gəlirlərinin yarıdan çoxu Neft Fondundan transfertlər hesabına formalaşır. Neft Fondunda da hazırda kifayət qədər vəsait var. Hökumətin ekspertləri buna uyğun da büdcənin gəlirlərini hesablayırlar. Yəni, məsələn, neftin orta qiyməti 80 dollar olsa, büdcəyə nə qədər vəsait daxil ola bilər, 90 dollar olsa, nə qədər vəsait ola bilər və s. Çünki ona uyğun da şirkətlər işləyirlər, onlar nə qədər vergi verə bilərlər, bu da hesablanır. Bütün bunlar müxtəlif ssenaridə hazırlanır və müəyyən edilir ki, bunlar olanda büdcədə nə qədər kəsir yarana bilər. Və bu kəsrin Neft Fondu vasitəsilə ödənməsi də ortaya qoyulur və bunun əsasında qərar çıxarılır. Söhbət ondan gedir ki, biz qiyməti lap 50 dollar da götürə bilərik. Bir-iki il üçün heç bir təhlükə yoxdur. Lakin hökumət üçün bu, hansısa fövqəl bir məsələ deyil. Çünki Neft Fondundan istənilən qədər məbləği götürüb ora qoya bilərik. Ancaq makroiqtisadi stabillik deyilən bir amil var. Ona görə bütün bunları yerinə yetirmək üçün götür-qoy edirlər, ona uyğun da qiyməti müəyyənləşdirirlər. Hazırkı büdcə ilə qarşıya qoyulan layihələr də həyata keçiriləcək, hər kəs vaxtlı-vaxtında maaşlarını da alacaq. Sadəcə olaraq, Neft Fondunun gəlirləri azalacaq və sonradan transfert edilən vəsaitlərin yeri dolmayacaq.

Şəymən