Açıqlama ilə iş bitmir

Rəsmi Tehran plakat qaldıran erməniləri tapıb məsuliyyətə cəlb etməlidir



Məlumdur ki, ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi soyqırımın 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib. Paşinyan Tehranda səfərdə olarkən "Ararat” klubunda erməni icması ilə görüşdə "Qarabağ Ermənistanındır və Son” yazılmış plakat qaldırılıb. 

İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan yaratması həm soydaşlarımızın, həm də ictimaiyyətin geniş etirazına səbəb olub. Buna cavab olaraq martın 2-də Millətçi Gənclər Təşkilatının fəalları İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları İran hökumətinin Ermənistana dəstək verməsinə etiraz ediblər. Narazılıqdan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib ki, "Ararat” idman kompleksində erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir. Qasımi deyib ki, Ermənistan baş nazirinin ermənilərlə görüşü normal haldır.

İran rəsmisinin açıqlamasını şərh edən millət vəkili Fazil Mustafa Paşinyanın İran erməniləri ilə görüşünə normal yanaşsa da, plakat məsələsinə və buna göz yumulmasına sərt münasibət bildirib: 

"Plakat məsələsinə rəsmi Tehranın yanaşması bizim üçün, yəni İranla dostluq və səmimi qonşuluq münasibətlərinə sadiq olan Azərbaycan üçün yalnız bir halda qaneedici sayıla bilərdi. İran tərəfi həmin plakatı qaldıran və iki ölkə arasında münasibətləri qəsdən pozmaq istəyən ermənilərin kimliyinin təsbit edilməsi və məsuliyyətə cəlb olunması barədə açıqlama verərdi. 

Əks halda anlaşılacaq ki, bu plakatı qaldırmağı birbaşa rəsmi Tehran qeyri-rəsmi formada ermənilərə tapşırıb. Bu, olduqca ciddi bir məqamdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı belə bir addım dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə mənfi təsir göstərəcək”.

İsmayıl