İnformasiya savaşında aktiv fəaliyyət göstərməliyik

"İran azərbaycanlılarının Paşinyanın səfərinə etirazını gərək heç olmasa Rusiya mətbuatına çıxaraydıq"
"İrandakı erməni separatçılarının "Qarabağ Ermənistanındır” şüarını səsləndirməsi böyük narazılığa səbəb oldu. Lakin İranda yaşayan azərbaycanlıların cavabı gecikmədi. 100 minlik Təbriz stadionunda "Qarabağ Azərbaycanındır” deyildi və elə Ermənistanın bayrağı yandırıldı”. Bunu "Şərq”ə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Azərbaycan və Ermənistanın biri-birinə qarşı apardığı informasiya müharibəsini dəyərləndirən ekspert bildirib ki, ermənilərin Təbrizdəki Mərkəzində və Tehrandakı səfirliyinin divarına "Qarabağ Azərbaycanındır” yazıları yapışdırıldı. Bu, İrandakı azərbaycanlıların ermənilərin təxribatına miqyasca daha böyük cavabı idi: "Ancaq indi gəlin görək, bunların hansı biri erməni saytlarında yayımlandı? 
Hansısa erməni dedimi ki, İran rejimi nədən ermənilərə və Ermənistana qarşı səsləndirilən şüarlara səssiz qaldı? İran XİN-in mətbuat katibi hadisəni faktiki yerli ermənilərin təxribatı kimi qiymətləndirdi. Ancaq erməni saytları mətbuat katibinin çıxışının həmin hissəsini kəsərək onun sadəcə, "biz danışıqların sülh yolu ilə həllinə tərəfdarıq” cümləsini verdi. 
Biz elə etməliydik ki, Təbrizdə Ermənistan bayrağının yandırılması, üstəgəl, səfirlik divarında "Qarabağ Azərbaycanındır” yazıları erməni cəmiyyətinin diqqətinə çatdırılsın. Düşmən ölkə bunu geniş şəkildə müzakirə etsin. 
Necə ki, biz Tehrandakı ermənilərin təxribatını geniş müzakirə etdik. Ermənilər də İran azərbaycanlılarının onlara tutarlı cavabını müzakirəyə çıxarmalı idi. Çıxarmırsa, deməli, informasiya savaşında daha aktiv fəaliyyət göstərməliyik. Bəziləri sual edə bilər ki, bu məlumatları erməni cəmiyyətinin müzakirəsinə necə çıxara bilərik. 
Axı düşmən ölkənin mediası bu haqda heç nə yazmadı. Əslində informasiya müharibəsinin özəlliyi bundadır ki, düşmənin istəmədiyi informasiyanı onun məkanına ötürməyi bacarasan və onu bu informasiyanı müzakirəyə məcbur edəsən”.
Politoloqun sözlərinə görə, bunun üçün sosial şəbəkələri fəallaşdırmaq, həmin xəbəri xarici dillərdə yaymaq lazımdır: 
"Həmçinin, üçüncü dövlətlərin mətbuatına yol tapmağı təmin edirsən. Məsələn, ermənilər də bizim kimi Rusiya mətbuatını diqqətlə oxuyurlar. Rusiyanın tanınmış qəzetlərinin birində İran azərbaycanlılarının Paşinyanın səfərinə etirazına dair bircə sanballı yazı yayımlansaydı, həmin yazı erməni mətbuatına da yol tapardı”.
İsmayıl