Ankarada hələ ki, güclər bərabərdir

3 böyük şəhərdən İstanbulda hakim partiyanın namizədi Binəli Yıldırımın şansı daha böyükdür


Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Seçkidə 13 siyasi partiya iştirak edəcək. Artıq siyasi qüvvələr öz cəbhələrini formalaşdırıblar. Hakim AKP və Milliyətçi Hərəkat Partiyası "Cümhur İttifaqı” fonunda seçkiyə qatılacaq. Ana müxalifət sayılan CHP və digər müxalif partiyalar isə "Millət İttifaqı" birliyi ilə mübarizə aparacaqlar. Ancaq hesab edilir ki, CHP-nin PKK-ya yaxınlığı ilə bilinən HDP ilə ittifaq qurması bu cinahı zəiflədir və səs faizinə mənfi təsir göstərir. Əsas resursların hakim qüvvənin əlində olduğunu nəzərə alan ekspertlər İstanbul və Ankara şəhərləri daxil olmaqla ölkənin böyük əksəriyyətində "Cümhur İttifaqı”nın qələbə qazanacağını bildirirlər. İlkin rəy soğruları da AKP və MHP cütlüyünün digər siyasi partiyalardan öndə olduğunu göstərir.

Seçki prosesini "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bəyan edib ki, ana müxalifət partiyası CHP seçkiyə HDP ilə müttəfiq olaraq qatılacağını təkzib edir. Lakin reallıq odur ki, CHP-nin üstün olduğu bölgələrdə HDP, HDP-nin üstün olduğu bölgələrdə isə CHP namizəd irəli sürməyib: 

"Yəni iki partiya bir-birini dəstəkləyir. HDP ilə yaxınlaşan CHP kürd seçicilərin səsinə ümid edir. Ancaq son iki seçki, həm referendum, həm də prezident seçkiləri göstərdi ki, bu, aldadıcı metoddur. AKP Van və Mardin kimi 2-3 şəhər istisna olmaqla, hətta Hakkari, Bitlis və Şanlıurfa kimi kürd seçicilərinin çox olduğu şəhərlərdə də üstünlüyü ələ alıb. 

Hesab edirəm ki, 3 böyük şəhərdən İstanbulda hakim partiyanın namizədi Binəli Yıldırımın şansı daha böyükdür. Ankarada isə hələlik güclər nisbəti bərabərdir. İzmir hər zaman "CHP-nin qalası” olub, lakin bu dəfə AKP orada ciddi fiqurun namizədliyini irəli sürüb. Ümumən, seçkidə AKP-MHP ittifaqının qalib gələcəyini ehtimal etmək olar”.

İsmayıl