Vəhhabilərin sayı şimal bölgəsində artır

Sülhəddin Əkbər: “Bu, həmin bölgədə Rusiyanın və Şimali Qafqazdakı dini-ekstremist, radikal qüvvələrin aktivliyi ilə əlaqədardır”
Ərəstun Oruclu: “Azərbaycanın şimalında dini radikal təriqətlərdən ibarət bir zolaq yaratmaq istəyirlər”


Radikal dini təriqətlərə qoşularaq ölkəni tərk edənlər arasında şimal bölgəsindən olan vətəndaşlar üstünlük təşkil edir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin də iddia etdiyi kimi, təkcə Xaçmaz rayonu üzrə 500 nəfər vəhhabi təriqətinə qoşulub. Onlardan 3-4 nəfərinin daha radikal olduğunu vurğulayan başçı hesab edir ki, bu cür halların ölkəmiz üçün heç bir təhlükəsi yoxdur.

Məsələnin hüquq-mühafizə və müvafiq dövlət orqanlarının ciddi nəzarəti altında olduğunu vurğulayan başçı bildirib ki, problemlə bağlı lazımi tədbirlər görülür. Hər nə qədər Ş.Xanbabayev azərbaycanlıların dini təriqətlərə qoşulmasını ciddi təhlükə kimi görməsə də, məsələnin aktuallığı hər kəsə bəllidir. Xüsusən də, Yaxın Şərqdə baş verənlər fonunda ekstremist qüvvələrin ölkəmiz üçün nə vəd etdiyini təsəvvür etmək o qədər də çətin deyil. Son zamanlar Azərbaycanda dini təriqətlərin aktivləşməsi və onların vətəndaşlarımızı öz torlarına salaraq, İŞİD-ə qoşması gündəmin əsas xəbərlərindəndir. Təbii ki, bu problemə qarşı aidiyyəti qurumlar lazımi tədbirləri görür. Hələlik ortada ciddi bir nəticə olmasa da, ən azından vəziyyət gərgin də deyil. Amma istənilən halda Azərbaycanda dini təriqətlərin, ekstremist qüvvələrin niyə məhz şimal bölgəsini hədəf alması sual doğurur?

Azad Demokratlar Partiyasının sədri, sabiq MTN əməkdaşı, politoloq Sülhəddin Əkbərin qənaətincə, şimal bölgəsindən dini ekstremist təşkilatlara meyillərin çox olmasının bir sıra səbəbləri var: "Bu, ilk növbədə ölkədəki ictimai-siyasi vəziyyət, sosial durumla bağlıdır. Bu, həmin bölgədə Rusiyanın və Şimali Qafqazdakı dini-ekstremist, radikal qüvvələrin aktivliyi ilə əlaqədardır. Üçüncüsü isə bu qrupların Azərbaycandan daha çox sünni mənsəbinə məxsus regionlarda aktivlik göstərməsi faktoru əsas rol oynayır”.

Görüləcək qabaqlayıcı tədbirlərə gəldikdə isə politoloq deyib ki, bu məsələ qlobal problem olduğundan qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir: "Dünyanın ən böyük dövlətləri, hətta supergüc hesab etdiyimiz ölkələr belə beynəlxalq terror təşkilatları qarşısında acizdirlər. Onların xüsusi xidmət orqanları bu barədə ciddi düşünür, qarşısını almaq üçün baş sındırırlar.

Əslində radikal qruplaşmalar zaman-zaman regional problem kimi görünsə də, qlobal bir təhdiddir. Çünki onların harda və necə hərəkətə keçəcəyini öncədən dəqiqləşdirmək çox çətindir. Bu məsələ artıq bir ölkənin, bir regionun, bir rayonun problemi olmaqdan çıxıb. Dini radikalizm artıq qlobal bir problemə çevrilib. Amma indiyə qədər heç bir ölkə onlara qarşı mübarizənin effektiv yolunu tapa bilməyib. Bunun başlıca səbəbi isə ondan ibarətdir ki, qloballaşma getdikcə, problemin əhatə dairəsi də böyüyür. Mübarizənin effektivliyi üçün isə qlobal səylər birləşdirilməlidir. Radikal qruplaşmaları zərərsizləşdirmək, onların öz əhatə dairələrini genişləndirməsinin qarşısını almaq üçün qlobal səviyyədə bir strategiya hazırlanmalı və onlara qarşı kompleks, ardıcıl, məqsədyönlü siyasət yeridirməlidir. Əks halda, zorakılığı əsas mübarizə üsulu seçən ekstremist qruplara qarşı lokal mübarizələr effekt verməyəcək. Çünki bunlar dünyada elə bir kök salıb ki, bir bölgədən sıxışdırıldıqda, digər bölgədə meydan sulayırlar. Qlobal səviyyədə mübarizə olmayana qədər qabaqlayıcı tədbirlərin səmərəliliyi çox aşağı olacaq”.

S.Əkbər deyib ki, radikal dindarların Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün Azərbaycanın potensialı yetərsizdir. Odur ki, təhlükə gəlmədən Azərbaycan kompleks tədbirlər işləyib hazırlamalı, siyasi, dini-ideoloji, hərbi, texniki-təşkilati, informasiya təhlükəsizliyi, maliyyə və s. məsələlərini düzgün qurmalıdır: "Həmçinin terrorizmlə mübarizə aparan bütün dövlətlərlə sıx əməkdaşlıq etməli, kəşfiyyat xarakterli informasiya mübadiləsi aparmaqla məqsədyönlü və ciddi siyasət həyata keçirməlidir. Kampaniya xarakterli tədbirlər həyata keçirib, zahiri görünüşünə görə kimlərisə həbsə almaq kimi əməliyyatlar heç bir effekt verməyəcək. Bir şeyi də unutmayaq ki, bu gün dini radikallar Azərbaycanda fəallaşmayıbsa, deməli, terror təşkilatları hələlik Azərbaycanda təxribat həyata keçirmək tapşırığı almayıb. Amma istənilən halda ekstremist qüvvələrin Azərbaycanda və Orta Asiya respublikalarında geniş yayılması və hərəkətə keçməsi gözləniləndir. Bu isə sadəcə ehtimal deyil, demək olar ki, bütün dünya ekspertləri bu məsələdə həmfikirdilər”.

Digər sabiq MTN əməkdaşı, "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə məsələyə fərqli prizmadan yanaşıb. Əvvəla, Xaçmazda 500 nəfərin vəhhabi təriqətinə qoşulmasının dəqiqliyinin şübhə doğurduğunu vurğulayan politoloq deyib ki, heç kəs yaxasından lövhə asıb, gəzmir ki, mən filan təriqətin təmsilçisiyəm. Ə.Oruclu güman edir ki, Xaçmazda vəhhabi təriqətinə qoşulanların sayı sözügedən rəqəmdən heç də az deyil. Sadəcə, konkret say açıqlanması da inandırıcı deyil.

Politoloqun sözlərinə görə, daha çox şimal bölgəsində dini ekstremist təriqətlərə meyillərin başlıca artma səbəbi Rusiya faktoru ilə bağlıdır: "Dağıstanda və Çeçenistanda sələfilik həddindən artıq geniş yayılıb. Şimal bölgəsinə oradan ədəbiyyat gətirilir və bu əsərlər əhali arasında yayılır. Doğrudur, bunun planlı şəkildə olması və ya kortəbii şəkildə yayılması da müəyyən qədər sual altındadır. Amma mənim subyektiv düşüncəm belədir ki, bu proses planlı şəkildə həyata keçirilir. Azərbaycanın şimalında dini radikal təriqətlərdən ibarət bir zolaq yaratmaq istəyirlər və bundan gələcəkdə Azərbaycana qarşı çox ciddi təhdid faktoru kimi istifadə edə bilərlər”.

İcra başçısının "vəhhabi təriqətinə üzv olan azərbaycanlıların ölkəmiz üçün heç bir təhlükəsi ola bilməz” fikrinə toxunan Ə.Oruclu hesab edir ki, icra başçılarının bu cür məsələləri şərh etməsi, rəy bildirməsi qəbulolunan deyil: "Sözün düzü, icra başçılarının bu cür bəyanatlar verməkdə nə dərəcədə səlahiyyətli olub-olmadıqlarını bilmirəm. Bu problemlə məşğul olmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir və xüsusi dövlət orqanları var. İcra başçısının vəzifəsi rəhbərlik etdiyi rayonda dövlət orqanlarının işini tənzimləməkdir. İcra hakimiyyəti başçısının sələfi və ya digər təriqət üzvlərini sayması, onların təhlükəli olub-olmaması barədə danışması anlaşılan deyil”.

Şəymən