Kəlbəcərlilər yolu bağladılar

İcra başçısı, müavini və 5 polis yaralandı






Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 10-da saat 11:30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxşdir, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Gəncənin Nizami rayonunun icra başçısı Nizami Hacıyev klinikaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, başına daşın dəyməsi nəticəsində xəsarət alan rayonun icra başçısı dünən klinikaya yerləşdirilib.

Həkimin sözlərinə görə, icra başçısı qapalı beyin-kəllə travması alıb, tamoqrafiyası çıxarılıb və səhhətində ciddi problem olmadığı məlum olub. Yaralıdünən Gəncə Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.

Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.(trend)

Gəncədə Nizami rayon İcra Hakimiyyətinin başçısı və müavininin xəsarət alması ilə nəticələn hadisə ilə bağlı Gəncə və Kəlbəcər İcra Hakimiyyətləri münasibət bildirib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev Lent.az-a açıqlamasında bildirib ki, heç bir sakin incidilməyib: "Orada sakinlərə dəllallar tərəfindən qanunsuz olaraq torpaqlar satılıb. Sakinlər də indi onlardan pulunu tələb edirlər. Yəni hadisə həmin dəllallar tərəfindən törədilib. Hadisəni törədən şəxslər də həbs edilib”.

İcra başçısının müavini vurğulayıb ki, orada yalnız qanunsuz hasarlar sökülüb: "Məcburi köçkünlər üçün qəsəbələr salınıb. İnsident yaşanan ərazidə olan tikililərdə yaşayış olmayıb”

N. Həmzəyevin sözlərinə görə, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev hadisədən bir gün öncə Kəlbəcər sakinləri ilə görüş keçirib: "Sakinlər görüşdən razı qalmışdı”.

Məsələ ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Əbülfəz Mehdiyev bildirib ki, həmin tikililərin qanuni sənədi yoxdur: "Lakin qışın soyuğunda insanların tikililərini sökmək doğru deyil. Onlar orada 1993-cü ildən məskunlaşıblar”.

Məsələyə münasibət bildirən millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, qanun hamıya şamil olunur. Onun sözlərinə görə, qanun üçün jurnalist, qaçqın anlayışı yoxdur: "Həmin tikililər qanunsuzdursa, qarşısı alınmalıdır. Qanun keşikçilərinə qarşı qeyri-leqal formada davranıblarsa, qanunun tələb etdiyi formada cəzalanmalıdırlar”.

Hadisədən məlumatsız olduğunu deyən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirli bildirib ki, məsələni araşdıracaqlar. Təşkilat sədrinin qənaətincə, məcburi köçkünlərin məskunlaşdığı ərazidən çıxarılması üçün onlara alternativlər təklif olunmalıdır: "Məsələni konfliktsiz də tənzimləmək olardı. Görünür, məcburi köçkünlərlə danışıqlar aparılmayıb. Onlara düzgün izahat verilməyib. Problem də bu səbəbdən baş qaldırıb”.

Ayyət Əhməd