“Bərdə narkotika tranzitinə uğramış şəhər deyil”

“Buranı ayırmaq və hədəfə çevirməyin əleyhinəyəm”



Daxili İşlər Nazirliyi tərəfindən Bərdə şəhərində həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində narkotik daşıyıcıları olan böyük qrup yaxalanıb. Əməliyyat nəticəsində 15 nəfər saxlanılsa da, ilkin dindirilmədən sonra onların 7-si sərbəst buraxılıb.

Qalan 8 nəfər isə həbs olunub. Həbs olunanlar arasında kriminal aləmdə tanınmış Abbas Əliyev də var. Bütün bunlar Bərdə və respublikanın digər bölgələrində kriminogen durumun hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu göstərir.

Bərdədən seçilən millət vəkili Zahid Oruc hesab edir ki, respublikada və rayonlarda bütün ictimai-siyasi proseslər nəzarət altındadır: "Yəni kriminogen durumda hər hansı narahatçılıq yoxdur. Belə bir əməliyyatın həyata keçirilməsi dövlətin ölkə daxilində narkotik qaçaqmalçılığına və onun tranzitinə, istifadəsinə qarşı başlatdığı mübarizənin bir göstəricisidir”.

Z.Orucun fikrincə, narkotik vasitələrin dövriyyəsi Azərbaycanın milli təhlükəsizliyini təhdid edən ən mühüm problemlərdən birinə çevrilib: "İnanın ki, buna görə onlarla ailələr dağılır, həyat yoldaşlarının həbsi nəticəsində ailələr var-yoxdan çıxır, sıxıntılar yaşanır. Eyni zamanda narkotik istifadə edən gənclər fiziki cəhətdən məhv olur, mənəvi-psixoloji olaraq zədələnirlər. Bəzən bu proseslər ailənin digər nümayəndələrinə də sirayət edir. Hətta elə insanlar tanıyıram ki, sanki ailənin bütün üzvlərini yoluxdurmuş olur. Bu baxımdan belə tədbirlərin həyata keçirilməsi mütərəqqi haldır. Polis orqanlarının bundan sonrakı həyata keçirəcəyi tədbirlər bütövlükdə bölgələrimizin ab-havasını daha da yaxşılaşdırmağa xidmət edəcək”.

Deputatın qənaətinə görə, Bərdə ölkənin digər şəhər və rayonlarından daha artıq dərəcədə narkotik maddələrin istifadəsinə və tranzitinə uğramış bir şəhər deyil: "Bu şəhəri digərlərindən ayırmaq və hədəfə çevirməyin qəti əleyhinəyəm. Əminliklə deyə bilərəm ki, Bərdə sakinləri qeyri-qanuni vasitələrlə gələcəklərini təmin etməyə qəti şəkildə meyilli olmayıblar. Gələn köçkünlərlə rayon sakinləri tam əmin-amanlıq şəraitində yaşayıblar və yaşayırlar”.

Vüqar Şahinoğlu