Buğdanın istehsalı azalıb, bahaçılıq olacaq

Bu il də Qazaxıstandan buğda almaq mümkün olacaq, ancaq sonrakı il vəziyyət dəyişəcək


Ölkədə bahalaşma dalğası başlayıb. Yeni il bayramına hələ 20 gün var, amma artıq indidən ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Xüsusən də çörəyin, un və un məhsullarının qiymətində. Unun qiymətinin bahalaşdığını əsas gətirən sahibkarlar çörəyin qiymətində artımın labüd olduğunu deyir. Hələ ki, bu artım konkret qiymətdə deyil, çörəyin çəkisinin azalmasında özünü göstərir. Deyilənə görə, 50 kiloqramlıq un kisəsinin qiyməti 17.40 qəpikdən 18.80 qəpiyə qalxıb.

Bu da təbii ki, çörəyin qiymətinə təsir edir. Digər ərzaq məhsullarının qiymətində də artımlar başlayıb. Ümumilikdə ərzaq məhsullarının qiymətində 2,6 faiz bahalaşma qeydə alınıb.

Bahalığın əsas səbəbi kimi Rusiyadan un idxalının azalması göstərilir. Bildirilir ki, iqtisadi sanksiyalar dövrünü nisbətən asan adlatmaq üçün Rusiyanın ərzaq buğdasının ixracını azaldacağı gözlənilir. Azərbaycan hökuməti başqa ölkələrdən, baha qiymətə də olsa, buğda və un idxal etməyə məcbur olacaq.

Bu isə əlbəttə ki, Azərbaycanda ərzağın, xüsusən də çörəyin qiymətinə təsirsiz ötüşməyəcək. Bəs tələb olunan ehtiyacı ödəmək və gözlənilən qiymət artımını önləmək üçün hansı tədbirlər görülməlidir?

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, iqtisadçı Vahid Məhərrəmov "Şərq”ə açıqlamasında Azərbaycan üçün alternativ variant olaraq Qazaxıstanı göstərdi:

- Doğrudur, Qazaxıstan da buğda istehsalını azaldıb və onlar da Rusiya kimi heyvandarlığa üstünlük verməyə başlayıblar. Və taxıl məhsullarından əsasən yemçilik üçün istifadə etməyi düşünürlər. Daha çox ət və ət məhsullarının istehsalına üstünlük verirlər. Ancaq bu il Qazaxıstandan buğda idxal etmək mümkün olacaq. Sonrakı il ərzində isə vəziyyət dəyişə bilər. Çünki taxıl ixracatçısı ölkələr gözlənilən ərzaq qıtlığına tədarük görürlər və burada da ən optimal yolu heyvandarlığın inkişafında görürlər. Rusiya da bu yolu seçib. Biz dəfələrlə bu məsələyə toxunub, gələcəkdə Azərbaycanın çətin duruma düşə biləcəyini demişdik. Bünu nəzərə alaraq da taxılçılığın inkişaf etdirilməsinin vacib olduğunu bildirirdik. Vaxtilə xəbərdarlıq edirdik ki, ərzaq buğdasının idxalından asılılıq ölkəni problemlərlə qarşı-qarşıya qoya bilər. İxracatçı ölkələr bundan təzyiq vasitəsi kimi istifadə edəcəklər. Amma bu il də taxıl istehsalı lazımi səviyyədə olmadı. Statistikaya əsasən bu il taxıl istehsalı ötənilkinə nisbətən 20 faiz azdır. Artım əvəzinə, əksinə azalma var. Bu il ölkədə 2 milyon 300 min ton taxıl istehsal olunub. Bu da əlbəttə, tələbatı ödəmir və məcburuq ki, başqa ölkələrdən taxıl idxal edək. Bilirsiz, taxıl təkcə çörək deyil. Taxıl süddür, düyüdür, qarğıdalıdır, ətdir. Taxıl ən strateji məhsuldur. Ərzaq təminatında taxıl ən mühüm rol oynayır. Heyvandarlığın inkişafı da taxılçılıqla bağlıdır. Heyvanın güclü yemi olmasa, nə bala verəcək, nə ət. Ona görə də taxılçılığın inkişafı ən əsas şərtdir. Amma görürük ki, bu sahədə irəliləyiş yoxdur. Görünür, bəzi məmurlara taxıl idxal etmək daha sərfəlidir, nəinki yerli istehsalı inkişaf etdirmək.

Rusiyadan 3-cü sort buğda alınır?

V.Məhərrəmov qeyd etdi ki, Azərbaycan ərzaq buğdasına olan tələbatı tamamilə idxal hesabına ödəyir. Və Rusiyadan təxminən 600 min ton, Qazaxıstandan isə 800 min ton ərzaq buğdası idxal edir. Bundan əlavə, sahibkarlar da daxili istehsalı artırmaq üçün 40-50 min tona yaxın un idxal edirlər. Məsələ burasındadır ki, Rusiyadan idxal olunan aşağı sinif ərzaq buğdasıdır. Buğdanın keyfiyyəti tərkibindəki zülalın faizinə görə təyin edilir. Azərbaycana idxal olunan buğdada zülalın faizi 22-dən aşağıdır. Zülalın faizi heç olmasa 23-dən yuxarı olmalıdır. Keyfiyyətsiz buğda alındığından çörəyin də nə tamı var, nə duzu. Əhali də deyir ki, çörəyin əvvəlki dadı qalmayıb. Necə dad qala bilər ki, bu, keyfiyyətsiz, əsasən heyvandarlıqda yem üçün istifadə olunan buğdadır. Əvvəllər çörək bişirilməsində istifadə olunan buğdanın standartı vardı, aşağı sinif buğdadan çörək bişirilmirdi. İndi fərqli vəziyyətdir. Sahibkarlar isə keyfiyyətli un idxal etməklə qazanc əldə edirlər. Ölkəyə gətirilən unun bir hissəsindən spirt, spirtli içki istehsalında, bir hissəsindən də çörək istehsalında istifadə olunur.

Qiymət qalxmır, çəki azalır

Əhalinin ən çox müşahidə etdiyi hal çörəyin çəkisinin azalmasıdır.
Elə ki, qiymət artımı başlayır, çörəyin çəkisi də azalır. Amma bu, əslində, çörəyin bahalaşması anlamına gəlir. Çünki əvvəllər 35 qəpiyə 450 qram çörək alan vətəndaş çəkinin azaldılması nəticəsində 35 qəpiyə 350-400 qram çörək almış olur.

V.Məhərrəmov qeyd etdi ki, bu, sahibkarların çəki ilə manipulyasiya etməsidir:

- Heç bir sahibkar özünü ziyana salıb, keyfiyyətli un idxal edib çörəyi ucuz qiymətə satmaz. Ona görə də vəziyyətdən çıxış yolunu çəkidə manipulyasiya etməkdə görürlər. Çörəyin çəkisini azaldırlar, qiymət isə eyni qalır. Bu da istehlakçını aldatmaqdır. Son zamanlar bir neçə yeni çörək zavodu istifadəyə verilib. Növbənöv çörəklər istehsal edilir. Amma onlardan birini alın, tərəzinin üzərinə qoyun, görəcəksiniz ki, çəkisi necə yüngüldür. Çəkiyə baxanda artıq bilinir ki, çəki ilə qiymət nisbəti tərs mütənasibdir. Sahibkara sərf etməsə, bu çörəyi bişirər?! Hansı sahibkar xaricdən baha qiymətə keyfiyyətli un alıb ucuz qiymətə çörək satar? Sahibkarlar çörəyin çəkisini azaltmaqla daha çox gəlir əldə edirlər.

Dünya bazarında buğdanın qiyməti qalxmayıb

V.Məhərrəmov bildirdi ki, dünya bazarında buğdanın qiymətinin qalxması ilə bağlı yayılan xəbərlər əsassızdır:

- Mən dünya birjalarını daim izləyirəm. Çikaqo, Paris birjalarına baxmışam. Bahalaşma yoxdur. Əksinə, qiymətlərdə enmə var. Dünya bazarlarında 6 aydır ki, enmə müşahidə edilir. Buğdanın, südün qiymətində də, digər kənd təsərrüfatı məhsullarının qiymətində də enmələr var. Çünki istehsal faizi artıb. Qiymət artımı yalnız şəkərdə olub. Görünür, yerli bazarlardakı qiymət artımını dünya bazarları ilə əlaqələndirməyə çalışırlar. Amma bu, yanlışdır.

V.Məhərrəmov bahalaşma dalğasının ilin sonunda daha da güclənəcəyini vurğuladı:

- Bu, bizdə artıq ənənə halını alıb. Bayram gəlməmiş qiymətlər qalxır. Digər ölkələrdə adətən bayram günlərində ucuzlaşma edilir ki, daha çox satış olsun. Bizdə isə əksinədir. Bahalaşmanın olacağı labüddür. Biz buna artıq "adət” etmişik. Süni qiymət artımının qarşısını almaq üçün hökumət qiymət siyasətini müəyyənləşdirməlidir.

Məlahət Rzayeva