Sakinlər İcra Hakimiyyətinə müraciət etsinlər

Novxanıya gedən yolun işıqlandırılmasına Abşeron Rayon İcra Hakimiyyəti cavabdehdir
Yol infrastrukturunun düzgün qurulmaması qəzalar üçün münbit şərait yaradır


Avtomobil qəzalarının sayının artmasının bir səbəbi də yollarda işıqlandırmanın lazımi səviyyədə olmamasıdır. Masazır sakinləri Masazır dairəsindən Novxanı istiqamətində gedən əsas yolda heç bir işıqlandırma sisteminin olmamasından şikayət edirlər. Sakinlər bildirir ki, axşam saatlarında bu yolda avtomobil idarə etmək müşkülə çevrilir. Yolda heç bir işıqlandırma vasitəsi olmadığından sürücülər yolu demək olar ki, görmür. Bu da qəfil qəzaların yaranmasına səbəb olur.

Qeyd edək ki, oxşar hal paytaxtın digər ərazilərində də təkrar olunur. Məsələn, Babək prospektindən Günəşli qəsəbəsinə gedən yolda da nə piyada keçidi var, nə də bir işıqfor. Sakinlər yolu qorxa-qorxa keçir. Xüsusilə də "Qartal”ın "ətəklərində”. Həmin yolda 3 istiqamətdə avtomobillər hərəkətdədir. Yolboyu ayırıcı xətlər olmadığından, keçidlər müəyyən edilmədiyindən həm sürücülər əziyyət çəkir, həm də piyadalar təhlükə altındadır. Əlaqədar təşkilatlara edilən müraciətlərə isə ənənəvi cavab verilir: "O istiqamətdə işlər aparılır. Düzələcək”. Deyirlər ki, hövsələniz olsun, düzəldə-düzəldə gəlirik də, gözləyin!..

Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, yol infrastrukturunun düzgün qurulmaması qəzalar üçün münbit şərait yaradır:

- Yollara cavabdehliyi 3 subyekt daşıyır. Bəzi yollar dövlətin timsalında ya Nəqliyyat Nazirliyinin, ya da Bakı Şəhər İcra Hakimiyyətinin, bəzisi isə rayon icra hakimiyyətləri və bələdiyyələrin balansındadır. Beynəlxalq əhəmiyyətli yollar da var, yerli əhəmiyyətli yollar da. Dediyiniz Novxanı yolu səhv etmirəmsə, yerli əhəmiyyətli yoldur. Buna görə də sakinlər

Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etməlidirlər. Yolun işıqlandırılmasını, keçidlərin qoyulmasını rayon icra hakimiyyəti təşkil etməlidir. Eləcə də Babək prospekti ilə Günəşli qəsəbəsi arasındakı trassda da keçidlər qoyulmalıdır ki, əhali rahatlıqla yolu keçə bilsin. Nə qədər uşaq məktəbə gedib gəlir, yaşlı insanlar yolu keçməkdə çətinlik çəkirlər. Bir halda ki, avtobuslar həmin yolda saxlayır, sərnişinləri düşürüb-mindirirlər, piyada keçidi də, yeraltı və ya yerüstü keçid də olmalıdır. Sürücülər üçün də belə yol təhlükəlidir. Dörd bir tərəfdən avtomobillər hərəkət edirsə və yolda işıqfor, yolayırıcı qoyulmayıbsa, əlbəttə, bu çox təhlükəlidir və qəzaların sayını artıra bilər.

Ə.Hüseynov bildirdi ki, işıqlandırma və digər yol infrastrukturunun təşkili Dövlət Yol Polisinin öhdəsində deyil, lakin buna baxmayaraq DYP də öz növbəsində cavabdeh qurumlara müraciət etməlidir:

- DYP-nin də marağında olmalıdır ki, yollarda qəzaların sayı azalsın. Burada da ən vacib məsələ yol infrastrukturunun düzgün qurulmasıdır. Baxırsan ki, yol uzanıb gedir, amma nə bir dənə işıqfor var, nə də bir keçid. Özlərinə zəhmət verib təhlil aparmaq istəmirlər. Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyətləri də mütəxəssisləri bu işə cəlb etməlidir. Mütəxəssislər yola baxış keçirməli, avtomobil, piyada sıxlığını müəyyənləşdirib, buna müvafiq addım atmalıdırlar. Amma təəssüf ki, bəzən fərdi şəxslərin evinin qarşısında pyiada keçidi, işıqfor, hətta ayrı-ayrı hallarda yerüstü keçidlərin də inşa edildiyinin şahidi oluruq. Halbuki həmin yoldan səhər-axşam yalnız bir-iki nəfərin maşını keçir. Yol infrastrukturu qurularkən əhali və avtomobil sıxlığı nəzərə alınmalıdır. Sıx gediş-gəliş olan yollarda piyadaların da, avtomobil sürücülərinin də təhlükəsizliyi təmin edilməlidir.

Məlahət Rzayeva