“Azərbaycan ən böyük yatırımlarını Türkiyə iqtisadiyyatına qoyub”

Əli Həsənov: “Media texnologiyaları hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, hər iki ölkənin jurnalistləri ortaq maraqlardan çıxış etməlidir”



Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 11-də Bakıda keçirilən "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda keçirilən konfransda çıxış edib.

AzərTAc-ın məlumatına görə, Azərbaycanla Türkiyə media qurumlarının əlaqələrindən bəhs edən Əli Həsənov deyib: "Dövlətlərimiz vahid mövqedən çıxış edirsə, diaspor təşkilatlarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı fəaliyyət göstərirlərsə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Teyyub Ərdoğan bütün məsələlərdə ölkələrimizin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırsa, nə üçün bizim media orqanları da birgə fəaliyyət göstərməsin. Sizə bir faktı xatırladım. Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində regionun 15-ə yaxın ölkəsinin rəsmilərinin toplaşdığı tədbirdə forpost dövlət olan Ermənistanın prezidenti Serj Sərkisyan Türkiyənin əleyhinə danışarkən, Azərbaycan prezidenti onun sözünü saxladı və dedi ki, sən Türkiyənin burada olmamasından sui-istifadə edib, dövlətin ünvanına böhtanlar yağdırma. Türkiyə burada olmasa da, mən buradayam və sənin cavabını verəcəm. Təkcə bu ifadələrin özü bu gün Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında olan münasibətlərin nə səviyyədə olduğunu göstərir”.

1998-2000-ci illərdə Azərbaycana ən böyük yatırımların Türkiyə tərəfindən qoyulduğunu deyən Əli Həsənov bildirib ki, Azərbaycan neftdən əldə olunan gəlirlər sayəsində özünün iqtisadi durumunu yaxşılaşdırdıqdan sonra xaricə sərmayələr qoymağa başlayıb: "Azərbaycan ən böyük yatırımlarını Türkiyə iqtisadiyyatına qoyub. Yaxın 5 ildə Azərbaycan dövləti Türkiyə iqtisadiyyatına 20 milyard dollar vəsait yönəldib. Bu da Azərbaycan neftinin qardaş ölkəyə gətirdiyi üstünlüklərdir ki, Türkiyədə çoxlu sayda iş yeri açılıb. Bütün bunlara görə mən bugünkü konfransı çox aktual hesab edirəm. Düşünürəm ki, iki ölkənin jurnalistləri də dövlətlərimizin strateji xəttini qoruyaraq, prezidentlərimizin yürütdüyü siyasətdən və ulu öndərlərimiz - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müəyyənləşdirdiyi xətdən çıxış edərək, ölkələrimizin maraqlarını qorumalıdırlar.

Media texnologiyaları hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, hər iki ölkənin jurnalistləri ortaq maraqlardan çıxış etməlidir. Əlbəttə, peşəkar jurnalistlər konfransda bu barədə danışacaqlar. Ənənəvi media strukturları yerini modern media strukturlarına verir. Bu da ondan irəli gəlir ki, müasir dövrdə ənənəvi ünsiyyət forması virtual ünsiyyət formasına keçir. Buna müvafiq olaraq həm Azərbaycan, həm Türkiyə getdikcə modernləşərək mövcud strukturlarını, o cümlədən media strukturlarını müasir çağırışlara uyğunlaşdırır. Jurnalistlər unutmamalıdırlar ki, hansı şəraitdə, hansı texniki vasitələrlə, hansı maddi və mənəvi mühitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar dövlətlərimizin, xalqlarımızın maraqlarını nəzərə almalı və bu maraqların təmin olunmasına töhfələrini verməlidirlər”.

"Trend”in məlumatına görə, Əli Həsənov çıxışında bütövlükdə islam dünyasında baş verən hadisələrin mediada işıqlandırılması tərzindən də danışıb: "Biz hamımız bilirik ki, islam dini dünyaya, bəşəriyyətə hansı dəyərləri gətirib. Təəssüf ki, hazırda həmin dəyərlərin çoxu başqa ad altında dünyada təbliğ olunur. İslam ölkələri terroru dəstəkləyən, öz daxillərində və bir-birləri ilə nizam yarada bilməyən dövlətlər kimi təqdim edilirlər. Bu anlamda jurnalistlərin qarşısında mühüm vəzifələr durur”.

Əli Həsənov təəssüflə deyib ki, insanlar müsəlman ölkələrində baş verən hadisələri hələ də CNN, BBC və dünyanın digər bu kimi transmilli media qurumlarından alırlar: "Amma araşdırıldıqda, həmin ölkələrdə baş verən hadisələrlə onlar haqqında dünyaya yayılan məlumat arasında ciddi uyğunsuzluq olduğu, hadisələrin təfərrüatının kənarda qaldığı, hətta əsas cizgilərinin belə o informasiyalarda öz əksini tapmadığı üzə çıxır. Suriyada, Misirdə, İranda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Qəzza bölgəsində, Yəməndə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr məgər yalnız o transmilli media orqanlarının təqdim etdiyi kimidir? Məgər bütün dünya ölkələri o media qurumlarının jurnalistləri kimi düşünür? Əlbəttə ki, yox. Amma bizim media nümayəndələrimiz ayrı-ayrı ölkələrin jurnalistlərindən sağlam fəaliyyət göstərsə də, səslərini bəzən ölkə hüdudlarından kənara çıxara bilmirlər. Bu da ona gətirir ki, dünyada müsəlman dövlətləri, xalqlarına qarşı qərəzli rəy formalaşdırılır. Bu dövlətlər və xalqlar terrorizmin məskəni kimi, vəhşi, sivil normalardan uzaq insanlar kimi təqdim olunurlar”.

Prezident Administrasiyasının şöbə müdiri bir neçə gün əvvəl İranda keçirilən İslam Konfransı Təşkilatının mətbuat və informasiya nazirlərinin toplantısında çıxış edərək Azərbaycanda İslam Ölkələri Jurnalistlər Birliyinin yaradılması haqqında məlumat verdiyini və dünyanın 55-dən artıq dövlətinin bu təşəbbüsü ürəkdən dəstəklədiyini qeyd edib.

Əli Həsənovun sözlərinə görə, islam dövlətləri Azərbaycanın bu işə ilk təşəbbüskar kimi qoşulmasını, İslam Ölkələri Jurnalistləri Birliyinin təsis qurultayının Bakıda keçirilməsi təklifini yüksək qiymətləndiriblər.

"Biz öz ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparırıq, heç kimin torpağında gözümüz yoxdur. Amma, eyni zamanda, tələb edirik ki, bizim də ərazi bütövlüyümüzə hörmətlə yanaşsınlar”.

Bu sözləri də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfransdakı çıxışında deyib.

Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı təcrübə mübadiləsi apardıqlarını, ixtisasartırma kurslarında iştirak etdiklərini bildirən Əli Həsənov iki ölkənin media qurumlarının bütün məsələlərdə həm müvəffəqiyyətləri, həm problemləri bölüşmək gücündə olduğunu vurğulayıb.

Türkiyənin dünyada özünün hərbi, ideoloji, siyasi, iqtisadi gücü ilə mühüm bir yer tutan dövlət olduğunu və Azərbaycanın da bu gün Türkiyənin gücünə güc qatacaq bir səviyyədə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov deyib:

"Bu gün Azərbaycan dünyada Türkiyənin gücünə güc qataraq vahid maraqlar uğrunda bir birlik formalaşdırıb. Bu birlik heç kimin maraqlarını təhdid etmir, heç bir xalqa, dövlətə, dinə və etnik struktura qarşı yönəlməyib. Biz öz varlığımızı qoruyuruq və istəyirik ki, dünyada da bizim dinimizə, dilimizə, mədəniyyətimizə, maddi-mənəvi dəyərlərimizə hörmətlə yanaşsınlar. Biz öz ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparırıq, heç kimin torpağında gözümüz yoxdur. Amma, eyni zamanda, tələb edirik ki, bizim də ərazi bütövlüyümüzə hörmətlə yanaşsınlar. Dünya birliyi bizə nə qədər lazımdırsa, biz də dünya birliyinə o qədər lazımıq. Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə dünyaya verdiklərinin qarşılığını istəyir”.