Gələn il neft sektorunda xeyli insan işdən çıxarılacaq

Mirvari Qəhrəmanlı BP-də çalışan azərbaycanlıların taleyindən narahatdır



Böyük Britaniyanın "British Petroleum” (BP) neft-qaz şirkəti dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən gələn il yüzlərlə iş yerinin məcburi ixtisarına 1 mlrd. dollar sərf edəcək. BP-nin prezidenti, baş icraçı direktoru Bob Dadlinin sözlərinə görə, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir edəcək. Bununla belə, BP-nin rəhbəri bildirib ki, böyük ehtimalla ixtisarlar platformada işləyən işçilərə aid olmayacaq.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı BP işçilərinin taleyindən çox narahat olduğunu deyib. Onun sözlərinə görə, təkcə BP Azərbaycan yox, gələn il ölkənin bütün neft sektorunda xeyli insan işdən çıxarılacaq. Buna səbəb təkcə neftin qiymətinin dünya bazarında ucuzlaşması yox, həm də ölkədə hasilatın aşağı düşməsidir: "Ölkənin bütün neft strukturlarında ciddi ixtisarlar gedir. Dövlət Neft Şirkətində ötən ilin sonlarından başlanan ixtisarlar indiyə qədər də davam etməkdədir. BP-nin baş ofisi hələ bir müddət bundan əvvəl layihələrin dayandırılması və ixtisarlarla bağlı mesaj vermişdi. Özəl şirkət olduğu üçün daha çox mənfəət əldə etmək fikrindədir və humanitar yardımlar etmək fikrində deyil”.

M.Qəhrəmanlının sözlərinə görə, neftin qiyməti kəskin şəkildə düşsə belə, BP Azərbaycandakı layihələri dayandıracaq qədər ixtisarlara getməyəcək, daha doğrusu, dayandıra bilməz: "Bu layihələrin hər biri razılaşdırılıb, müqavilə imzalanıb. Hər bir layihədə saat işi nəzərdə tutulur. Layihə müddəti və həmin müddətdə işi yerinə yetirən şəxslər razılaşdırılır və müqavilə imzalanır. Həmin layihələrə yenidən baxıb, işçilərin sayını azaltmaq qeyri-mümkündür. Bu mənada deyə bilərəm ki, BP hər nə qədər ixtisarlar aparsa da, bu proses layihələrdə getməyəcək”.

Əsas ixtisarların baş ofisdə həyata keçiriləcəyini vurğulayan Komitə sədrinin sözlərinə görə, ixtisar zamanı azərbaycanlılara qarşı qərəzli yanaşmalar olmasın deyə, bu məsələni mətbuat da, hüquq müdafiəçiləri də diqqətdə saxlamalıdır: "BP-nin Azərbaycandakı baş ofisində 1000-ə yaxın insan işləyir və kifayət qədər yerli işçilər var. Biz nəzarətdə saxlayacağıq. Yaxşı olar ki, mətbuat da bu məsələni diqqətdə saxlasın ki, BP-də yerli işçiləri ixtisara salıb, xariciləri saxlamasınlar. Bunun üçün əlimizdən nə gəlir edəcəyik, lazımi hüquqi yardımları göstərəcəyik. BP-də çalışan xaricilərin fəaliyyəti burada çox baha qiymətə başa gəlir. Onların burada yaşayışı üçün bütün xərclər əvvəlcədən layihədə əks olunur. Bu səbəbdən də daha çox yerli işçilərin ixtisara düşəcəyindən narahatam. Dövlət Neft Şirkətinin əməkdaşları məndən inciməsin, amma deməliyəm ki, BP-də çalışan mütəxəssislər daha savadlı və peşəkar olurlar. Çünki orada qohum-əqrəba, tanış məsələsi keçmir. Kimin biliyi, qabiliyyəti varsa, işə onlar götürülür. Bu mənada BP-dəki ixtisarlar azərbaycanlılara şamil olarsa, Azərbaycandan xaricə beyin axını sürətlənə bilər ki, bu da bizim üçün heç də ürəkaçan hal deyil”.

Bütün bu problemlərin neftin qiymətinin düşməsi səbəbindən yarandığını vurğulayan Komitə rəhbərinin sözlərinə görə, hökumət vaxtında qeyri-neft sektorunun inkişafı ilə bağlı zəruri tədbirləri görsə idi, bu gün büdcə təhlükə qarşısında qalmazdı: "Rusiyaya sanksiyalar tətbiq olunanda heç kəs ciddiyə almadı. Hər kəs düşündü ki, bizdən yan ötəcək. Amma göründüyü kimi, Rusiyaya edilən sanksiyaların bir ucu da artıq Azərbaycana bağlanmaqdadır. Əslində bir neft ölkəsi olaraq, bu məsələ bizi çoxdan narahat etməli idi. Azərbaycana milyardlarla pul daxil olanda qeyri-neft sektorunun inkişafı ilə bağlı heç bir tədbir görülmədi. Biz neft hasilatının aşağı düşməsi ilə bağlı dəfələrlə həyəcan təbili çalsaq da, ciddiyə alan olmadı. Qeyri-neft sektorunun inkişafı əvəzində sosial layihələrə daha çox yer verdilər. Dövlət büdcəsi neft fondundan asılı vəziyyətə düşdü. Bu gün isə neftin hasilatı düşməkdə, qiyməti isə azalmaqda davam edir. Azərbaycana gələn pullar isə sürətlə azalır. Bu səbəbdən də işsizliyin kütləvi hal alacağı ilə bağlı çox narahatam”.

Qeyd edək ki, "BP-Azerbaijan” şirkəti gələn il ixtisarların olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Şirkətdən mətbuata verilən məlumata görə, BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətli layihələrdir: "BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək”. Məlumatda bildirilib ki, indiki mühitdə şirkət rəqabət qabiliyyətliliyi daha da artırmaq, o cümlədən lazımsız təşkilati mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxır: "Təbii, biznes fəaliyyətinin tələblərinə uyğun olaraq təşkilatımızın daha sadə və səmərəli olması lazımdır və bu da bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla həm də daha güclü və daha rəqabətqabiliyyətli olaq”.

Şəymən