Şahbazın vəziyyəti pisləşdi

Kəlbəcər girovlarının qondarma məhkəməsi təxirə düşdü



 Ermənilər tərəfindən əsir götürülmüş Şahbaz Quliyevin səhhətində problemlər var.
ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı erməni mətbuatı yayıb. Məhz bu səbəbdən də girovların bu günə nəzərdə tutulmuş "məhkəmə" prosesi təxirə salınıb.
Bundan başqa, qeyd edilib ki, məhkəmədə zərərçəkən qismində çıxış edən Vreja Balayan da məhkəməyə gəlməyib. Hakimin qərarı ilə "məhkəmə" prosesi dekabrın 19-na keçirilib.

Xatırladaq ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev, Həsən Həsənov iyul ayında işğal altında olan Kəlbəcərə yaxınlarının qəbrini ziyarət etmək üçün gediblər. Lakin Şahbaz və Dilqəm Dağlıq Qarabağdakı erməni separatçılar tərəfindən girov götürülüb, H.Həsənov isə qətlə yetirilib.

Ermənilər öz doğma torpaqlarına səfər etdikləri üçün girov götürdükləri həmyerlilərimizi diversant adlandırırlar. Azərbaycan isə öz vətəndaşlarının qondarma rejim tərəfindən mühakiməsinin qanunsuz olduğunu bəyan edib.