Avropa sözünü Azərbaycanın dili ilə demək istəyir

Ancaq “Türk axını” qaz kəmərinin çəkilməsi TANAP-a təsir göstərməyəcək




Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Trans-Anadolu qaz kəmərindən (TANAP) danışıb. O bildirib ki, Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan boru kəməri TANAP-a alternativ deyil: "Türkiyə adıçəkilən layihənin iştirakçısıdır. Avropa İttifaqı bir neçə dəfə narahatlığını bildirib. İddia edib ki, Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan yeni qaz kəmərinin tikintisi TANAP-ın reallaşdırılmasına təsir göstərə bilər. Ancaq bu belə deyil”.

Məlumat üçün bildirək ki, dekabrın 1-də Türkiyəyə səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin "Cənub axını” layihəsinin dayandırıldığını bəyan edib. Həmin gün Rusiyanın "Qazprom” və Türkiyənin "Botaş” şirkətləri Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan boru kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıb. Borunun nəqletmə gücü 63 mln. kubmetr təşkil edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, V.Putin sözügedən boruya "Türk axını” adının verilməsini təklif edib. Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da TANAP-ın Türkiyə üçün ən mühüm layihə olduğunu söyləyib. Onun sözlərinə görə, bu layihənin reallaşması çox önəmli bir haldır: "Bunun üçün işlər uğurla davam etdirilir. Türkiyə tərəfindən boru xətlərinin çəkilməsi işi artıq tamamlanıb. Rəsmi Ankara üçün TANAP yenə də qüvvədədir”.

Türkiyə rəsmilərinin bəyanatını şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Şərq”ə açıqlamasında qeyd edib ki, son zamanlar Avropa Birliyi özünü qeyri-adekvat aparır: "2005-ci ildə Avropa öz bazarlarını diversifikasiya etmələri barədə qərar qəbul etdi. Bununla Avropa bazarının Rusiya qazından asılılığını azaltmağa çalışırdılar. Həmin istiqamətdə çoxşaxəli strategiya tətbiq etdilər. NABUCCO layihəsinin dəstəklənməsi haqda qərar versələr də, həyata keçmədi. Daha sonra 2013-cü ildə Azərbaycan Xəzər qazını Avropaya daşıyacaq layihəni ortaya qoydu. Hələ bundan bir il qabaq 2012-ci ildə şimal qonşumuz Avropaya qaz nəql edəcək "Cənub axını” layihəsini gündəmə gətirmişdi. Lakin Avropa ilə Rusiya arasındakı siyasi və iqtisadi qarşıdurma nəticəsində Moskva bundan imtina etdi. İndi həmin boru kəmərinin adını dəyişib "Türk axını” qoydular. Bundan sonra Avropa əl-ayağa düşdü”.

Ekspertin qənaətincə, "Türk axını” qaz kəmərinin çəkilməsi TANAP-a təsir göstərməyəcək: "2013-cü ilin 19 sentyabrında müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən Azərbaycan qazının 8 kub milyardı İtaliyaya, 1 kub milyardı Yunanıstana, 1 kub milyardı isə Bolqarıstana gedəcək. Rusiya Türkiyə arasındakı qaz anlaşmasının bizə heç bir isti-soyuğu yoxdur”.

İ.Şabanın fikrincə, Avropanı narahat edən Rusiyanın Ukrayna üzərindən tranziti dayandırmasıdır: "Avropa özünün demək istədiyini Azərbaycanın dili ilə çatdırmaq istəyir. Moskva ilə Bakı arasında qarşıdurma yaratmaq niyyətindədir. Ölkəmiz isə bu cür provakasiyalara getmir”.

Ayyət Əhməd