Zəlimxan Məmmədli və “Borçalı”nın üzvləri Gürcüstana buraxılmır

Mətbuat konfransında qonşu ölkənin siyasi rəhbərliyinə etirazlar səsləndi




"Borçalı” Cəmiyyəti İctimai Birliyinin sədri Zəlimxan Məmmədli özünün və müavininin Gürcüstana buraxılmamasına etiraz olaraq, mətbuat konfransı keçirib. Rəhbərlik etdiyi qurumun barış və sülh carçısı olduğunu qeyd edən Z.Məmmədli bildirib ki, cəmiyyətin Gürcüstanda keçirdiyi "Elat” tədbirlərinin məqsədi milli-mənəvi dəyərlərimizi bərqərar etməkdən ibarətdir: "Buna rəğmən Gürcüstan hakimiyyəti bizə etimadsızlıq nümayiş etdirir”.

Cəmiyyət rəhbərliyinin və üzvlərin əksəriyyətinin Gürcüstan kökənli olduğunu xatırladan birlik sədri vurğulayıb ki, bu ilin iyul ayında müavini Salman Murğuzov sözügedən ölkəyə buraxılmayıb: "Məsələnin səbəblərini araşdırmaq istəsək də, rəsmi Tiflis heç bir cavab vermədi. Mənim keçməyim isə oktyabrın 19-da yasaqlandı. Bu səbəbdən həmin ölkənin Daxili İşlər Nazirliyinə müraciət ünvanladım. Nazirlik bildirdi ki, "Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər haqqında” Gürcüstan qanununun XI maddəsinin I bəndinin "E” hissəsinə görə, bu ölkəyə buraxılmıram. Halbuki həmin qanunda göstərilir ki, xarici vətəndaş ölkənin təhlükəsizliyinə zərər vurarsa və ictimai sabitliyi, insan haqlarını kütləvi şəkildə pozarsa, ölkəyə buraxılmır. Deməli, məni Gürcüstanın milli təhlükəsizliyinə və milli maraqlarına zərbə vuran bir şəxs kimi qələmə verib, ora keçməyimi qadağa ediblər. Mənsə bu ittihamları tam əsassız sayıram. Tələb edirəm ki, bu qadağa tam aradan qaldırılsın”.

Z.Məmmədlinin qənaətincə, Tiflisin qərarı cəmiyyətin fəaliyyətinə kölgə salmağa, etnik qarşıdurma yaratmağa yönəlib: "Eyni zamanda Gürcüstan hakimiyyətinin milli azlıqlara dözümsüzlüyünün təzahürüdür. Azərbaycanın və Gürcüstanın milli maraqlarını təhdid edən bir qərardır. Bu hal digər fəsadlara yol açmamış, Gürcüstan hakimiyyəti sağlam yanaşma göstərməli və ədaləti bərpa etməlidir. Ata-baba yurdumuza maneəsiz gediş-gəlişimizə şərait yaradılmalıdır”. Cəmiyyət sədri bəyan edib ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla təmasları olub: "Görüşümüz nəzərdə tutulur. XİN və Prezident Aparatına müraciətlər etmişik. Azərbaycan siyasi hakimiyyətinə Borçalı məsələlərində əməkdaşlıq təklif edirəm. Bütün səviyyələrdə səylərimizi birləşdirməliyik. O cümlədən Gürcüstan siyasi hakimiyyətinə də müraciətlərimiz olub. Bildirmişik ki, Gürcüstanı hədələyəcək, milli maraqlarına təhlükə yaradacaq heç bir işimiz yoxdur. Oradakı türklərin vətəndaş hüquqlarının təminatını tələb edirik. Separatçılıqla məşğul deyilik. Onlara anlaşma təklif edirik. Ən qısa zamanda problemlərin həllinə nail olmağa çalışırıq. Bu gün (dünən) Adanaya yola düşürəm. Borçalı türklərinin problemlərini orda da qaldıracam. Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının problemidir. Türkiyənin də imkanlarından faydalanmalıyıq. Cəmiyyətin fəaliyyəti ilə məşğuluq. Burada siyasi motiv axtarmağın mənası yoxdur. Hər kəsi birliyə və həmrəyliyə dəvət edirəm”.

Addımın yanlış olduğunu söyləyən birliyin yaradıcılarından olan Nəsib Nəsibli hesab edir ki, bu, Azərbaycan-Gürcüstan dostluğuna zərbədir: "Cəmiyyət rəsmilərinin ora getməsinə qadağa qoymağın adı düşmənçilikdir. Təşkilat Gürcüstanla Azərbaycan arasında körpü rolunu oynayır. Əlaqələri genişləndirir. Problemlərin həllinə xidmət edir. Bizə deyirlər ki, Borçalı sözündən əl çəkin. Yaxşı, biz bundan imtina etdik. Axı yüz minlərlə türkün varlığını necə pərdəarxasına keçirəcəksiniz? Yanlışlıq aradan qaldırılmalıdır”.

Cəmiyyətin idarə heyətinin üzvü, professor Elman Əliyev birliyə qarşı törədilən hadisələri ədalətsizlik adlandırıb: "Zəlimxan bəy "Elat” bayramını kəşf edib. Onun davranışlarında Gürcüstana qarşı ancaq hörmət görürəm. Borçalının təəssübkeşidir. Görkəmli insandır. Cəmiyyətin fəaliyyətində Gürcüstanın milli maraqlarına zidd bir addım yoxdur. Rəsmi Tiflisin dediklərində heç bir əsas görmürəm. Gürcüstandakı bəzi insanların və qüvvələrin qısqanclığıdır”.

Cəmiyyətin sabiq sədri, ziyalı ağsaqqal, ictimai-siyasi xadim Eyvaz Borçalı bu məsələlərlə bağlı mətbuat konfransının keçirilməsinə etiraz edib. Onun sözlərinə görə, belə işlərə həssas yanaşmaq lazımdır: "Məsələni mətbuata çıxarmazdan öncə, cəmiyyət borçalıların hamısını yığıb, müzakirələr keçirmək lazım idi. Borçalının halı hamıdan çox məni ağrıdır. Çünki bu yolda başım çox bəlalar çəkib. Amma baxın, Zəlimxan bəy və müavini "Borçalı” Cəmiyyətinin sədri olduğuna görə buraxılmırlarsa, onların birlikdə rəhbərliyə mənəvi haqları yoxdur”.

Keçmiş rəhbər söyləyib ki, cəmiyyət sədrinin ölkəyə girişinə qadağa qoyulursa, deməli, əsaslar var: "Bunlar hamısı müqayisə olunmalıdır. Hesab edirəm ki, öz hüquqlarını qoruya bilməyən şəxs cəmiyyətə rəhbərlik edə bilməz”.

E.Borçalı cəmiyyət sədri və müavininin müəyyən müddətə istefaya getməsini təklif edib: "Başqa yolunu görmürəm. Məsələni şoulaşdırmaq olmaz. Məsələni dəqiq həll etmək lazımdır. Son söz hər şeyi dəqiqləşəndən sonra deyilməli idi. Hər şeyi sivil qaydada həll etmək lazımdır. "Borçalı” Cəmiyyəti sizin siyahıda olanlardan ibarət deyil. Cəmiyyət bütün borçalılardan ibarətdir. Çoxlu ziyalılarımız, yaxşı ağsaqqallarımız və gənclərimiz var. Onları bir araya gətirib müzakirələr aparılmalıdır”.

Sabiq rəhbər onu da diqqətə çatdırıb ki, ictimai fəaliyyətlə, siyasi fəaliyyəti qarışdırmaq olmaz: "Bunlar tamamən başqa anlayışlardır”.

E.Borçalının təklifinə cavab verən Z.Məmmədli qeyd edib ki, hər hadisəyə görə istefaya getmək doğru deyil: "Şou yaratmırıq. Məsələnin mətbuata çıxması isə yalnız mənim qərarım deyil. Ümumilikdə birliyin qənaətidir. Media ölkənin güzgüsüdür. Dövlətçilik dəyərlərini qoruyan böyük institutlardan biri mediadır. Hər halda haqsızlığa qarşı dirəniş göstərmək lazımdır. Dirənişimiz də ağlımızdır. Zənnimcə, bu addımlarla hədəfimizə çatacağıq”.

Sabiq sədrin fikirlərinə narazılıq ifadə edən təşkilatın üzvü Giya Paçxataşvili deyib ki, bu gün operativlik və çeviklik göstərməsək, sabah E.Borçalının özünü də buraxmayacaqlar: "Şounu siyasətçilər deyil, artistlər yaradır. Gürcüstanın siyasi elitasında oluram. Gürcüstanın hara və kimlər tərəfindən sürükləndiyini özləri yaxşı görür. Bu məsələləri cəmiyyət üzvlərinə qarşı haqarət sayıram. Görünür, rusların və onlara züy tutan ermənilərin əməlidir. Təşkilatın mətbuat konfransını şou adlandırmaq siyasi uzaqgörənlikdən uzaqdır”.

Qurumun sədr müavini Salman Murğuzov törədilənləri haqsızlıq hesab edir: "İyunun 26 da, doğulduğum Qaraçöp kəndinə gedərkən qaytardılar. Sərhəd məntəqəsinin işçiləri ilə mübahisələr apardıq. Lazımi orqanlara müraciətlər etdim. Təəssüflər olsun ki, Gürcüstandakı səfirimizin mənə birinci sualı "mənim nömrəmi hardan tapmısan” oldu. Bakıya gələn kimi Azərbaycan və Gürcüstan xarici işlər nazirinə rəsmi müraciətlər etdim. Sonra Gürcüstanın prezidenti, baş naziri və spikerə ayrıca məktubla müraciət etdim. Hansı əməli iş görülmədi. Cəmiyyətin fəaliyyətində heç bir siyasi motiv yoxdur”.

Təşkilatın üzvü Firudin İsmayılov deyib ki, cəmiyyətin fəaliyyətində heç bir siyasi nüans yoxdur: "Cəmiyyətin məkrli niyyəti yoxdur. Fikrimcə, olanlar Gürcüstan dövlətinin ayağına yazılmalı deyil. Müəyyən qurum və bəzi məmurların gördüyü işlərdir. Gürcüstanın prezidenti və baş nazirinə müraciət edirəm ki, məsələnin qarşısını tezliklə alsınlar”.

Tədbirin sonunda bu ittihamlara etiraz edən "Borçalı” Cəmiyyəti Gürcüstan hakimiyyətinə qarşı bəyanat verib.

Ayyət Əhməd