Erməni ailəsi ölkəsinə qaytarıldı

Dilqəm Əsgərov və Şahbaz Quliyevin isə məhkəmə “şousu” davam edir




Kəlbəcərdə Ermənistan hərbçilərinin girov götürdüyü soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma məhkəməsinin növbəti iclası təxirə salınıb. Məlumata görə, Ş.Quliyevin "vəkili” Arkadi İsraelyan səhhətində yaranmış problemlə əlaqədar prosesdə iştirak etməyib. Bunun üçün növbəti "şou” iclası dekabrın 19-na təyin olunub.

Yada salaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda torpağa tapşırılıb. D.Əsgərov və Ş.Quliyev üzərində qondarma məhkəmə prosesi oktyabrın 27-də başlayıb. Ermənilər öz doğma torpaqlarına səfər etdikləri üçün girov götürdükləri həmyerlilərimizi diversant adlandırırlar. Azərbaycan isə öz vətəndaşlarının qondarma rejim tərəfindən mühakiməsinin qanunsuz olduğunu bəyan edib.

Şahbazın vəziyyəti pisləşib

Ş.Quliyevin səhhətində problemlər var. Bu xəbəri erməni mətbuatı yayıb. Məlumata görə, bu günə nəzərdə tutulan (dünən) "məhkəmə” prosesinin təxirə salınmasına səbəb olan hadisələrdən biri də budur.

Ermənilər öz doğma torpaqlarına səfər etdikləri üçün girov götürdükləri həmyerlilərimizi diversant adlandırırlar. Azərbaycan isə öz vətəndaşlarının qondarma rejim tərəfindən mühakiməsinin qanunsuz olduğunu bəyan edib.

Oğlu Dilqəm Əsgərovu yuxusunda görüb

Dünən mətbuata atası üzərində qurulan saxta məhkəmə prosesindən danışan D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib ki, atasını və Ş.Quliyevi yuxusunda görüb: "Atam gecə yatanda da fikrimdən çıxmır. Yuxuda görüm ki, Şahbaz girovluqdan azad edilib, atam isə yox. Şahbazı qınadım ki, niyə atamı orda qoyub gəldin? Dedi ki, elə bilirsən atanı azad etmək asandır? Elə oyun atanın üzərində qurulub”.

Erməni ailəsi ölkəsinə qaytarılıb

Ötən gün 2010-cu ildən üçüncü bir ölkəyə keçmək ümidilə könüllü olaraq Azərbaycana gələn 5 nəfərdən, 1958-ci il təvəllüdlü Gevorkyan Yeqişe Petrosoviç və onun ailə üzvləri - həyat yoldaşı 1982-ci il təvəllüdlü Mardanyan Ruzanna Genoyevna, oğlu 2002-ci il təvəllüdlü Gevorkyan Alfred Yeqişeviç, qızı 2003-cü il təvəllüdlü Gevorkyan Qayane Yeqişevna, oğlu 2006-cı il təvəllüdlü Mardanyan Petros Yeqişeviçdən ibarət erməni ailəsi qarşı tərəfə təhvil verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilən məlumata görə, proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Və insidentsiz başa çatıb. Təhvilvermə Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində baş tutub. Bəzi iddialara görə, düşmən ailəsinin öz ölkəsinə qaytarılması girovlarımız D.Əsgərov və Ş.Quliyevin Azərbaycana ekstradisiyası ehtimalını yaradır.

Girovlarımız üzərində keçirilən qurama məhkəmə və onların qaytarılması barədə "Şərq”ə danışan millət vəkili Fazil Mustafa qeyd edib ki, bu işdə Rusiyanın da rolu ola bilər: "Onların girov kimi sağ qalmaları və məhkəməyə çıxarılmaları təbliğat baxımından xeyrimizə işləyir. İndi çalışmalıyıq ki, bir sıra vasitələrə əl ataraq, məsələnin həllini tapaq. Başqa yolumuz yoxdur”.

Ayyət Əhməd