Şeyx Nobelə ən uyğun obrazdır

Fazil Mustafa da, Mirmahmud Mirəlioğlu da din xadiminin namizədliyini dəstəkləyəcək



Azərbaycan Nobel İnformasiya Mərkəzi gələn il üçün Nobel mükafatına 4 nəfərin namizədliyini təqdim edib. Hələlik dörd namizəddən sadəcə birinin, sülh üzrə mükafata təqdim olunan şəxsin adı ictimaiyyətə açıqlanıb. Qurumun vitse-prezidenti Bəybala Ələsgərovun verdiyi məlumata görə, Azərbaycandan sülh üzrə Nobel mükafatına təqdim edilən namizəd bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədir.

Əslində Şeyxin namizədliyi daha əvvəldən gündəmə gəlib və ictimaiyyətdə müzakirə olunub. Bəziləri QMİ sədrinin irəli sürülməsini düzgün seçim hesab etməsələr də, əksəriyyət Şeyxin namizədliyini dəstəkləyib. A.Paşazadəni dəstəkləyənlərin fikrincə, Şeyxülislamlıq məqamı Azərbaycanı dinlə bağlı konfranslarda təmsil edir və müəyyən konfliktlərin həllində açar rolunu oynayır. Bu baxımdan Şeyxin namizəd göstərilməsi və islamın Azərbaycan modelinin dünyaya təqdim edilməsi müsbət haldır. Xüsusən, Yaxın Şərqdə İŞİD probleminin səngiməməsi, digər islam ölkələrində məzhəbçiliyin, təriqətçiliyin hələ də mübahisə mövzusu olduğu bir məqamda tolerantlığın nümunəsi olan Azərbaycan modeli yüksək qiymətləndirilməyə layiqdir. Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Şeyxülislamın namizəd kimi təqdim olunmasını müsbət dəyərləndirib. Şeyxin uyğun obraz olduğunu düşünən deputatın fikrincə, bölgədə sülhün müəyyən dərəcədə bərqərar olmasında QMİ rəhbərinin mühüm rolu var: "Şeyxülislamın namizədliyini dəstəkləməliyik. Bunun təbliğ olunması Azərbaycanın xeyrinədir. Əgər Nobel Azərbaycana gələrsə, bu, ölkəmiz üçün faydalı olar. Hesab edirəm ki, biz ilk növbədə mümkün olandan yapışmalıyıq. Yəni sülh mükafatının verilməsində hansı şərtlər önəm daşıyırsa, biz də daha çox onlara üstünlük verməliyik. Əgər bu tələblərə Şeyx cavab verirsə, onda niyə də olmasın? Lap Şeyx Nobel almasa belə, bunun özü müsbət mənada Azərbaycanın təbliğatı deməkdir. Zənnimcə, bundan imtina etmək düzgün olmaz”. F.Mustafa bildirib ki, kimlərinsə Şeyxə fərqli münasibəti ola bilər. Amma elə məsələlər var ki, onlara xırda hisslərlə yanaşmaq doğru deyil: "Məsələn, biz hansısa müğənninin davranışını, həyat tərzini xoşlamaya bilərik. Amma həmin şəxsin bütövlükdə Azərbaycanı təmsil etməsi və mükafat alması bizim hamımızı sevindirir. Eyni qaydada Şeyxin namizədliyinə də bu cür baxılmalıdır. Münasibətlərin

necə olmağından asılı olmayaraq, Azərbaycanın bu formada tanıdılması ümumi işin xeyrinədir. Mən bu ideyanı dəstəkləyirəm və əlimdən gələn hər cür yardımı göstərməyə hazıram”. Çoxları Nobel almaq üçün Azərbaycanın şanssız olduğunu düşünsə də, deputat bu məsələdə şans axtarmağı doğru hesab etmir: "Burda şansdan söhbət gedə bilməz. Təbii ki, bizim Nobel almaq şansımız azdır. Çünki hər zaman ermənilərlə müqayisə kontekstində məsələyə yanaşılır. Amma ümumiyyətlə, şansımızın olmadığını demək də yanlışdır. Çünki ümumi gedişatı müəyyən etmək mümkün deyil. Biz əvvəlcə işi görməli, sonra şansı düşünməliyik. Əsas odur ki, məyus olmadan bu işi davam etdirək”. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da Hacı Allahşükür Paşazadənin namizədliyinin irəli sürülməsini təqdirəlayiq hesab edib: "Şeyxin namizədliyini dəstəkləyirik. Ümumiyyətlə, Azərbaycandan kim Nobelə namizəd göstərilsə, ona dəstək vermək lazımdır. Əvvəl-axır Nobel Azərbaycana gəlməlidir. Ona görə ki, Nobelin təsis olunmasında, bütövlükdə o fondun formalaşmasında Azərbaycanın mühüm rolu olub. Onlar Azərbaycanın sərvəti hesabına öz fondlarını yaradıblar. O ki qaldı Şeyxülislama, Hacı Allahşükür Paşazadə 1990-cı ildən etibarən nəinki Azərbaycanda və Qafqazda, bütün dünyada kifayət qədər tanınan nüfuzlu xadimdir. Onun qanlı yanvar hadisəsi zamanı SSRİ rəhbəri M.Qorbaçova yazdığı müraciət hamının xatirindədir. İndi bir sıra şəxslər məsələlərə başqa cür yanaşırlar. Amma o zaman Şeyxin həmin müraciəti Azərbaycan xalqının bütün istək və arzularını özündə əks etdirən ən mühüm sənəd idi. 1992-ci ildə Qroznıda "Qafqaz evi”nin formalaşmasında da hörmətli Şeyxin böyük rolu olub. Həmin toplantıda millət vəkilləri, dövlət müşavirləri və Prezident Administrasiyasının nümayəndələri ilə birlikdə A.Paşazadə də iştirak edib. Şeyxin digər xidmətləri də göz önündədir”. M.Mirəlioğlu deyib ki, bu günə qədər Şeyxülislam göstərdiyi xidmətlərə görə onlarla beynəlxalq mükafatlara layiq görülüb: "Demək olar ki, Şeyxülislam Tanrıdan da, dövlətdən də, öz xalqından da mükafatını alıb. Amma indi onun namizədliyi özündən əvvəl Azərbaycan üçün lazımlı və faydalıdır. Hesab edirəm ki, Nobeli təsis edənlər üçün də mükafatın Şeyxə verilməsi böyük fəxr olardı. Əlbəttə, bunlar bizim təbii arzularımızdır. Amma reallıqda nə olacaqsa, qismət deyib onu da qəbul edəcəyik”.

İsmayıl