Aqil Abbas birinci gün qonaqlıq verəcək

Millət vəkili Qarabağı qalib gəlmiş hesab edir




"Qarabağ” futbol klubu Qarabağımızın varlığını gücü ilə meydançada bir daha göstərdi. "Qarabağ” və "İnter” klubları arasında baş tutan Avropa Liqası qrup oyununda hakim tərəfindən müəmmalı qərar qəbul edilib. Oyunun baş hakimi oyunun son dəqiqələrində "Qarabağ”ın hesabda fərqlənməsinə baxmayaraq qolunu qeydə almayıb.

Nəticədə oyun 0:0 hesabı ilə bitib. Ağdam təmsilçisi son nəticədə növbəti mərhələyə adlaya bilməsə də, yenə də gözəl oyunu və əzmi ilə qələbə ruhunda meydanı tərk etdi. "Qarabağ”ın qalib gəlməsi təqdirdə millət vəkili Aqil Abbas saytların birinə demişdi ki, "Qarabağ” udsa, hamıya qonaqlıq verəcəyəm. A.Abbasın digər həmkarı Fazil Mustafa isə deputatın bu fikirlərinə cavab olaraq indiyədək heç seçkilərdə belə mümkün olmayan vəd eşitmədiyini söyləyib. Onun fikrincə, bu minvalla, "Qarabağ”ın heç-heçəsi "Dnepr”dən çox Aqil bəyin işinə yarayıb.

Həmkarı F.Mustafanın fikirlərinə münasibət bildirən A.Abbas "Şərq”ə deputatın bunu zarafatla söylədiyini bildirib: "Hamıya deyəndə, jurnalist dostlarımı, həmkarlarımı nəzərdə tuturdum. Mənim 7 milyon Azərbaycan xalqına qonaqlıq verməyə gücüm çatmaz. Lakin özümüzü qalib gəlmiş hesab edirəm. Çünki hakim səhvinə görə məğlub olmuşuq. Buna görə də söz verdiyim kimi qonaqlıq verəcəyəm. Matəm günü olmasaydı, (12 dekabr ümummilli lider Heydər Əliyev matəm günü-red) elə bu gün ziyafət verərdim. Birinci gün aşağı düşüb, (Azərbaycan nəşriyyatının yeməkxanasını-red.) yeməkxanada qonaqlığımı görərsiniz. Narahat olmayın, sözümün üstündə duracam”.

Qeyd edək ki, Ağdam təmsilçisi oyuna əlavə olunmuş dəqiqələrdə qol vuraraq qrupdan çıxmaq məsələsini həll edib. Ancaq oyunun çex baş hakimi Miraslaz Zelinka Riçard Almeydanın təmiz qolunu saymamaqla "Dnepr”ə yardım etmiş olub.

Vüqar Şahinoğlu