Millət vəkili Gəncədəki hadisəni pislədi

“İcra başçısına, polisə əl qaldıranlar qəhrəman deyillər”




Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərmiş bir qrup şəxsin qarşısı alınıb. Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon icra hakimiyyətinin başçısı və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb. Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxşdir, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Məsələyə münasibət bildirən millət vəkilləri isə hesab edir ki, yolu bağlayan şəxslər icra başçısına və polisə xəsarət yetirdiyi üçün istənilən halda qanunsuzluq ediblər.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, qanunsuz tikintilərlə bağlı aparılan araşdırmalar vaxtı gələndə daha mötəbər qiymətini alacaq: "Gəncədə baş verən bu hadisə isə heç də xoş hal deyil. Bütün hallarda polisə və icra başçısına qarşı zorakılıq ən böyük qanunsuzluqdur və birmənalı şəkildə pislənməlidir. Dövlət təmsilçilərinə qarşı göstərilən bu itaətsizlik heç bir halda özünə bəraət ala bilməz. Biz bir parlament üzvü olaraq, qanunsuz tikililərin sökülməsinin hansı əsaslarla aparılması, məcburi köçkünlərin qəsəbələrdə yerləşdirilməsinin hansı formada reallaşdırılmasından bəhs etmirik. Burada faktiki olaraq söhbət ayrı-ayrı adamların müəyyən bir fikir və qəzəb altında hərəkət etməsindən və hakimiyyət təmsilçilərinə qarşı zorakılıq göstərməsindən gedir. Bir şeyi qeyd edim ki, ölkədə hansısa aksiyalar zamanı vətəndaşlar xəsarət alan zaman dərhal ictimai reaksiyalar gəlir. Media təmsilçiləri xəsarət alan insanların yanında olur, onları müdafiə edirdilər və bu cür hallarda polisin daha soyuqqanlı və ehtiyatlı olmasının vacibliyini bildirirdilər. İndi isə mənzərə fərqlidi. Bu hadisə ətrafında sosial şəbəkələrdə, mediada aparılan diskussiyalara nəzərən deyə bilərəm ki, köçkünlərin kiçik bir qismi ilə yerli icra orqanlarını toqquşdurmaqdan zövq alırsa, bu, doğru bir şey deyil”.

Z.Orucun sözlərinə görə, Gəncədə və digər ərazilərdə məskunlaşan on minlərlə, yüz minlərlə məcburi köçkün üçün həm humanitar problemlərinin aradan qaldırılması, həm də mənzil-məişət şəraiti ilə bağlı dövlət səviyyəsində ən mühüm addımlar atılmaqdadır: "Bunu görməzdən gələrək qarşısına gələn hər hansı bir dövlət işçisini günahkar bilərək zorakılığa əl atmaq heç bir halda qəhrəmanlıq deyil. Sözün açığı, bu hadisənin kəlbəcərlilərin adına yazılmasının da tərəfdarı deyiləm. Çünki Kəlbəcər köçkünlərinin ümumi sayı 70 mindən artıqdır. Bu hadisədə konkret adamlar rol alıb. Yəni ki, bu hadisəni köçkünlərlə hakimiyyət orqanları arasındakı münaqişə kimi deyil, adi vətəndaş polis qarşıdurması kimi adlandırmalıyıq. Biz vətəndaşların nə dərəcədə hüquqa uyğun addım atmadıqlarını dəyərləndirməliyik. Məhz bu cür də yanaşaraq birmənalı şəkildə bu hadisəni pisləyir və onları müdafiə edənlərin yanlış mövqedə olduqlarını düşünürəm. Bu gün icra hakimiyyətinin başçısına, təmsilçilərinə, polis orqanlarına qarşı bu cür itaətsizlik göstərən, onlara əl qaldıran adamlar sabahları müəyyən toqquşmalarda yem kimi istifadə oluna bilərlər. Bu isə yolverilməzdir və mən qəbul edə bilmərəm”.

Şəymən