Şıxlıdakı məktəbdə şagirdlər sinifdə paltoda otururlar

Direktor və Təhsil şöbəsi isə deyir ki, otaqlar normal isinir



Dörd il əvvəl tikilib istifadəyə verilən Qazax rayonunun Musa Həsənovun adını daşıyan I Şıxlı kənd orta məktəbinə istiliyin verilməsi istilik problemini tam aradan qaldırmayıb. Belə ki, verilən istilik məktəbi yetərincə isitmədiyindən şagirdlər sinifdə palto və gödəkcələrdə otururlar.

Ona görə ki, inşaat zamanı kənddə qaz olmadığından məktəbə qaz xətti çəkilməyib. Hazırda otaqlar duru yanacaqla isidilsə də, sinif otaqları lazımi səviyyədə qızdırılmır.

Məktəbin direktoru Məzahir Qocayev "Azadlıq” radisouna deyib ki, məktəbin qaz-istilik sistemi ilə bağlı şikayət ola bilər: "Ancaq istilik şəraitindən şikayət ola bilməz. Məktəbimiz digər yoldaşların da dediyi kimi, maye yanacaqla təmin olunur. Heç bir şagird deyə bilməz ki, sinif otaqlarımız soyuq olur. Çünki biz əlimizdən gələni edirik ki, heç bir problem olmasın. Məktəbin qaz yanacağı ilə təmin olunmadığını mən də bilirəm. Onu deyə bilərəm ki, məktəb tikiləndə onun qazlaşdırılması layihəyə salınmayıb. Buna görə də maye yanacaqdan istifadə edirik. Ümid edirik ki, yaxın zamanlarda bu da qaydasına düşəcək”.

Yaranmış problemlə bağlı Qazax Rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyev "Şərq”ə bildirib ki, kəndə artıq yeni qaz xətti çəkilib: "Kənddəki evlər mavi qazla təchiz olunub. Lakin məktəb şəxsi ev yox, ictimai bina olduğuna görə, bunun üçün Fövqəladə Hallar Nazirliyindən icazə almaq lazımdır. Bundan sonra həmin məktəbin qazanxanasının odluğu dəyişməlidir. Çünki duru yanacaqdan qaza çevrilməlidir. Məktəbin qazanxanasına qaz xətti çəkilməsi də bu yaxınlarda nəzərdə tutulub. Ancaq hələlik məktəb duru yanacaqla normal isinir. Ümumiyyətlə isə Qazax rayonunda heç bir məktəbin istilik sistemində problem yoxdur”.

Vüqar Şahinoğlu