Belə adamlar 5 nəfəri də öldürə bilər

Ola bilsin ki, qatil nənəni vaxtında həkimə aparmağa pulları olmayıb



Azərbaycanda az qala hər gün ailə-məişət zəminində müxtəlif cinayətlər baş verir. Son günlər isə bu istiqamətdə baş verən hadisələr daha da çoxalıb. Televiziya ekranlarından, mediadan arvadın əri, qızın atası, qardaşın digər qardaşı tərəfindən öldürüldüyü, ailə üzvlərinə xəsarət yetirildiyi barədə informasiyalar insanları dəhşətə gətirir. Bir neçə il əvvəllərə qədər nadir hallarda baş verən bu tip cinayətlər son dövrlər adi hal kimi qəbul olunmağa başlanıb. Bu da həmin tip hadisələrin sayının kəskin artması ilə bağlıdır.

Dünənki səhərimizi də bu cür dəhşətli xəbərlə açdıq. Bu dəfə nənənin 6 aylıq nəvəsinin nəfəsini kəsməsi, gəlinini isə daşla öldürməsi bütün diqqətləri özünə çəkdi. Belə ki, qayınana-gəlin arasında düşən mübahisənin sonunda qayınana əvvəl gəlini, sonra isə nəvəsini öldürüb.

Hadisənin baş verdiyi Suraxanı rayonu, Qum adasının, Zeytun Bağları adlanan massivində 40 yaşlı qayınana Şərqiyyə Hüseynovanın qətlə yetirdiyi 20 yaşlı gəlini Elnarə 3 ay idi ki, adıçəkilən ünvanda kirayədə yaşayırmış. 15 gün öncə Gürcüstandan oğlunun yanına gələn Şərqiyyə Hüseynova ilə gəlin arasında nəyin baş verdiyi isə hələlik bəlli deyil. Faktla bağlı araşdırmalar aparılır. Psixoloq Kənan Rəhimovun sözlərinə görə, insanların əksəriyyəti düşünür ki, başqa bir insana zərər yetirə bilər və bu, normal haldır. Əslində isə həmin adam insanlıqdan kənara çıxır:

"Bu hadisə belə münaqişəli ailələrlə bağlı sahə müvəkkillərinin rolunu yada saldı. Əvvəllər bir qayda olaraq, sahə müvəkilləri tabeçiliklərində olduğu ərazinin təhlükəsizliyi üçün məsuliyyət

daşıyırdı. Ərazisini yaxşı tanıdığından, həm də problemli ailələrin vəziyyətindən xəbərdar olduğundan xoşagəlməz hadisələrin vaxtında qarşısını almağa da kömək edirdi. İndi isə ərazidə kimin necə yaşamasından sahə müvəkkilinin heç xəbəri də yoxdur. Elə hadisənin baş verdiyi ərazidə də məlum oldu ki, sahə müvəkkilini tanıyan yoxdur”.

Psixoloq bu kimi halların qarşısının alınması üçün isə paytaxtdan kənarda xüsusilə maarifləndirmə işlərinə ehtiyac olduğunu vurğulayıb.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist- ekspert İlqar Altay də bildirib ki, bu hadisə çox dəhşətli və tükürpədicidir: "Həm də hadisəni törədən şəxs qadın olduğu üçün gözlənilməz bir hadisədir. Azərbaycan mentalitetinə uyğun olmayan bu cür hadisələr çox nadir halda baş verir. Çox güman ki, həmin qadının psixoloji durumunda müəyyən problemlər olub.

Hadisə ilə bağlı artıq araşdırmalar başlayıb və istintaq da gedir. Hər şey araşdırmaların sonunda bəlli olacaq. Amma burada başqa səbəb görmürəm. Görünür, vaxtlı-vaxtında yoxlamalardan keçməyib, ya da müalicəsi düzgün aparılmayıb. Ümumiyyətlə, psixoloji problemləri olan insanlardan hər şey gözləmək olar. Belə adamlar çox təhlükəli olur. Təcrübəmdə rast gəlmişəm, onlar 5 adam da öldürə bilər. Bu cür xəstələrin qeydiyyatı aparılmalı və vaxtında önləyici tədbirlər görülməlidir. Onsuz da cəmiyyətdə aşınmalar gedir. İnsanlar hər gün əsəb, stress, gərginlik içərisindədir. Ola bilsin ki, bu ailənin müəyyən maddi çatışmazlıqları var. Vaxtında bu qadını həkimə aparmağa pulları da olmayıb”.

Şəymən