“Yolka” quraşdırırlar, cavabdeh tapılmır

Fəhlələrin həyatı tükdən asılıdır




Sosial şəbəkələrdə bulvar ərazisində bayram şamı (yolka) quraşdırılmasını əks etdirən foto yayılıb. Fotodan görünür ki, "yolka” quraşdıran fəhlələrin təhlükəsizlik kəmərləri yoxdur. Halbuki, "yolka”nın kifayət qədər hündürlüyü var və belə şəraitdə əslində, orada işləyən fəhlələr təhlükəsizlik qaydalarına riayət etməlidirlər.

Amma şəkildən də göründüyü kimi, fəhlələrin həyatları tükdən asılıdır. Daha dəqiq ifadə etsək, "yolka”nın dəmir budaqlarından. Qeyd edək ki, fotonun "Venesiya” yaxınlığında çəkildiyi bildirilirdi.

Məsələ ilə bağlı Bakı Bulvar İdarəsi ilə əlaqə saxladıq. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov "Şərq”ə açıqlamasında "Venesiya” ərazisinin Bakı Bulvar İdarəsinə aidiyyəti olmadığını dedi:

- "Venesiya” ərazisi başqa bir qurumun tabeliyindədir. O "yolka”nın bizə aidiyyəti yoxdur.

N.Məcidov "Venesiya” rəhbərliyi ilə əlaqə saxlamağımızı məsləhət gördü.

Bu dəfə əlaqə yaratdığımız "Venesiya” rəhbərliyindən Elşad Nuriyev isə bildirdi ki, onların səlahiyyətində olan ərazidə heç bir "yolka” quraşdırılmayıb:

- Mən "yolka” quraşdırılması ilə bağlı heç bir göstəriş verməmişəm. "Venesiya” ərazisində "yolka” quraşdırılması üçün münasib sahə də yoxdur. Burada iki restoran var, biz "yolka”nı restoranın içərisində quraşdırırıq.

E.Nuriyev fotoya baxdıqdan sonra həmin ərazinin Yeni Bulvar sahəsinə aid olduğunu təxmin etdi. Və təkrar bizə Bakı Bulvar İdarəsi ilə əlaqə saxlamağı məsləhət gördü.

Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov "yolka”nın nəhayət ki, məlum olan "dislokasiya” yerini öyrəndikdən sonra "bəli, yeni bulvar ərazisinə biz cavabdehik” dedi. Lakin N.Məcidov təhlükəsizlik tədbirləri ilə bağlı narahatlığa əsas görmədiyini söylədi:

- "Yolka”nı quraşdıran təcrübəli şirkətdir. Neçə ildir biz həmin şirkətlə çalışırıq. Onların peşəkarlığına söz ola bilməz.

Bununla yanaşı, N.Məcidov məsələ ilə maraqlanıb, şirkətlə danışacağını da bildirdi. Əlavə olaraq N.Məcidovdan öyrəndik ki, Yeni il münasibətilə Bulvar ərazisində təxminən 10 ədəd bayram

şamı quraşdırılacaq. Ən hündür "yolka” 21 metr hündürlüyündə olacaq və Kukla Teatrının arxasında ucaldılacaq. 21 metrlik "yolka”nı yığanları da təhlükəsizlik kəməri olmadan ora dırmaşdırmasınlar, barı. "Bir çətən külfət”ləri var bəlkə...

Məlahət Rzayeva