Başlanğıc uğurlu sayıldı

İqtidarla müxalifət partiyalarının bir araya gəlməsi bəzi problemləri həll edəcək



Dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla müxalifət partiyalarının liderləri bir araya gəliblər. 17 partiya sədrinin qatıldığı görüşdən hər iki tərəf razı qalıb. Görüşdən sonra mətbuat konfransı keçirən Prezident Administrasiyasının rəsmisi Əli Həsənov toplantıda cəmiyyəti, siyasi partiyaları və vətəndaşları düşündürən siyasi, sosial və beynəlxalq münasibətlər sahəsindəki bütün məsələlərin müzakirə olunduğunu bəyan edib.

Ə.Həsənov bildirib ki, baş tutan görüşün yekununda belə görüşlərin davam etdirilməsi qərara alınıb: "Görüşün yekunlarına əsasən, həm hakimiyyət nümayəndəsi kimi bizim tərəfimizdən, həm də siyasi partiyalar tərəfindən gələcəkdə də belə görüşlərin davam etdirilməsinin çox vacib olduğu qeyd olunub. Biz bu qənaətə gəldik ki, bu görüşlər mütəmadi davam etdirilsin, görüşlərin keçirilməsi ilə bağlı vaxt, müzakirəyə çıxarılacaq məsələlər, partiyaları, vətəndaşları narahat edən və ya onları düşündürən daxili və xarici siyasət məsələləri görüşlərdə mütəmadi olaraq müzakirə olunsun və ortaq nəticələrə gəlinsin”. PA rəsmisi qeyd edib ki, tədbirdə bir çox məsələlər müzakirə olunub: "Görüşdə Azərbaycan hakimiyyətinin, siyasi partiyaların, azad medianın fəaliyyətinə aid olan məsələlər, eyni zamanda ətrafında ciddi söhbət gedən bir sıra həbs olunmuş insanlarla bağlı məsələlər müzakirə olunub. Bütün məsələlər üzrə tam açıq fikir mübadiləsi aparılıb. Biz hakimiyyət nümayəndəsi olaraq onların əksəriyyətini dinlədik və ümumiləşdirdik. Mən müvafiq dövlət strukturlarına, o cümlədən ölkə Prezidentinə müzakirə olunan məsələlərlə bağlı gəldiyimiz ortaq nəticələrin əksəriyyətini çatdıracağam”. Ə.Həsənov vurğulayıb ki, hər bir siyasi partiyanın cəmiyyətə və həyata keçirilən siyasətə öz baxışı var: "Görüşlərdə müxtəlif məsələlər qaldırıldı. Bunların sırasına siyasi partiyaların maliyyələşdirilməsi, siyasi partiyaların mənzil-qərargahlarla təmin olunması, partiyalar və seçki institutlarının fəaliyyəti, partiyaların seçkilərdə və dövlət tədbirlərində iştirakı müzakirə olundu. Düşünürük ki, birinci görüş üçün kifayət qədər əlverişli və dinamik toplantı oldu”.

Görüşdə iştirak edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə tədbiri müsbət qiymətləndirib və görüşün pozitiv olduğunu bildirib: "Ən azı hər iki tərəfin problemləri masa arxasında həll etmək zəruriliyini qəbul etməsi olduqca müsbət haldır. Bizi narahat edən məsələlərlə bağlı hörmətli Əli müəllimə kifayət qədər məlumat verdik. İstərdik ki, Azərbaycan problemlərini danışıqlar yolu ilə masa arxasında həll edək. Bunun üçün ötən gün keçirilən görüş başlanğıc idi. Təklif etdik ki, görüşdən kənarda qalan digər siyasi partiyalar da dəvət edilsin. Düzdür, birinci görüşdə çox şeyə nail olmaq mümkün deyil, əgər davamlı olacaqsa, Azərbaycan cəmiyyəti də, iqtidar da, müxalifət də bu görüşlərdən uduşlu çıxacaq”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib ki, görüşdə aktual məsələlər müzakirə olundu və partiyaların problemləri rəsmi səviyyədə diqqətə çatdırıldı: "Təbii ki, biz də Böyük Qurtuluş Partiyası olaraq orada iştirak etməyi özümüzə məqsədəuyğun saydıq.

Ümumiyyətlə, dialoq məsələsi bizim tərəfimizdən dəfələrlə qaldırılıb. Amma buna o qədər də əhəmiyyət verilməyib. Ümid edirik ki, bundan sonra iqtidarla digər partiyalar arasında konstruktiv bir əməkdaşlıq mühiti formalaşacaq. Təbii ki, bu, ümumi işimizin xeyrinədir. Hesab edirəm ki, beynəlxalq vəziyyətin gərgin olduğu bir vəziyyətdə Azərbaycanda daxili uzlaşmanın olması çox faydalıdır”.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da görüşdə bütün məsələlərin müzakirə olunduğunu bildirib: "Tədbirdə əsasən "siyasi məhbuslar”, proporsional seçki sistemi, partiyaların maliyyələşdirilməsi və digər məsələlər müzakirə olundu. Ən əsası isə görüşün davamlı və əhatəli olması qənaətinə gəldik. Qaldırdığımız məsələlər qeydə alındı, nəticəsini gözləyirik. Ümid edirik ki, bu görüş bütün problemlərə müsbət təsirini göstərəcək. M.Mirəlioğlu Müsavat Partiyası və AXCP-nin görüşdə iştirak etməməsinə də münasibət bildirib. O qeyd edib ki, görüşlə bağlı məsələni Demokratiya və İnsan Haqları Mərkəzində 11 partiya müzakirə edib: "Müsavat Partiyası da əvvəldən axıradək bu müzakirələrdə iştirak edib. Ancaq müzakirələrdə iştirak edən şəxs suallara cavab vermir. AXCP-nin isə bu məsələdə hansı mövqedə dayandığı bəllidir”.

İsmayıl