Bundan sonra vətəndaşların müvafiq icra hakimiyyətlərinə müraciətlərinin elektron vahid bazası yaradılacaq. Bu haqda ölkə prezidenti fərman imzalayıb. Fərmana əsasən yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılacaq.
Ölkə prezidenti İlham Əliyev bununla bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlarını da verib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə bir fərmanın verilməsini əhəmiyyətli hesab edir. Onun sözlərinə görə, belə bir qərarın verilməsi regionlarda "Elektron Hökumət” quruculuğuna rəsmən start verilməsi kimi dəyərləndirilə bilər: "Düzdür, indiyə qədər regionlarda internet resursların və hər hansı informasiya sisteminin yaradılması, xidmətlərin elektron formaya keçirilməsi müşahidə olunurdu. Amma bu işlər sanki həvəskar səviyyəsində aparılırdı. Yəni kim necə istəyir, o formada edirdi. Lakin sözügedən fərman bu məsələlərə nöqtə qoydu. Vahid standart qaydasında respublikanın bütün icra hakimiyyətlərində vətəndaşlarla bağlı belə bir xidmətin elektron formaya keçməsini təsdiq elədi. Bu, artıq o deməkdir ki, regionlarda artıq bir yanaşma olacaq”.
O.Gündüzün qənaətincə, prezidentin belə bir fərmanı kifayət qədər faydalı olacaq: "İnternet texnologiyalarından istifadə edən vətəndaşlar öz müraciətlərini elektron formada göndərəcəklər. Lakin düşünürəm ki, bu hələ işin başlanğıcıdır. Əgər regionlarda icra hakimiyyətlərinin təqdim etdiyi 100 xidmət növü varsa, bu, onlardan yalnız biridir. Bu baxımdan ümid edirəm ki, biz növbəti mərhələlərdə göstərilən xidmətlərin çox hissəsinin tam elektron formaya salmasının şahidi olacağıq”.
Bölgələrdə yaşayan vətəndaşlara bu sistemin öyrədilməsini təklif edən O.Gündüz həm də icra hakimiyyətlərində bu sistemi işlədəcək şəxslərə elektron texnologiyanın öyrədilməsini vacib sayır: "Əgər vətəndaşlar bu yenilikdən istifadə etməyəcəklərsə, bu kimə lazımdır”.
Vüqar Şahinoğlu