Aprelin 26-da Bakıda bu ilin iyun ayında keçiriləcək bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarının təntənəli açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə baş tutdu. Bununla da Bakı - 2015, Birinci Avropa Oyunları alovunun ölkə boyunca səyahətinə start verildi. Tarixdə ilk dəfə təşkil olunacaq bu oyunların Azərbaycana həvalə olunması ölkəmizə yüksək inam və etibarın, dövlət başçısı İlham Əliyev cənablarının ölkədə idmana olan böyük qayğısının xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilməsinin parlaq nümunəsidir.
Bakıda keçiriləcək bu oyunlar Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümumafrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin Olimpiya ənənələrinə uyğun qitə Oyunları keçiriləcək. Avropa Oyunlarında on altısı Olimpiya və dördü qeyri-Olimpiya olmaqla cəmi 20 idman növünün təmsil olunması nəzərdə tutulur. Bakıda keçirilən bu yarışlarda ümumilikdə 253 medal uğrunda mübarizə aparılacaq.
Olimpiya məşəlinin yandırılması tarixən mif kimi dolaşan, sirli-sehrli bir ənənədir. Azərbaycan təbiətinin, mədəniyyətinin və irsinin təntənəli bayramında məşəl ölkənin hər bir yerinə səyahət edəcək. Qürürvericidir ki, bu cür möhtəbər yarışa ev sahibliyi etmək məhz mənim Vətənimin payına düşüb. Bu həm də Azərbaycan gəncləri üçün böyük təcrübədir. Bu oyunlarda könüllü tələbələrin iştirakı onların gələcək perspektivləri üçün böyük tramplindir. Səmimi könüllünün iştirakı olmadan Avropa Oyunlarını təsəvvür etmək çətindir. Könüllülər oyunların güzgüsü, həm də şəhərə gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edən şəxslərdir. Bu kimi böyük ölçülü və iri həcmli bir tədbirin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi və ya media üzvlərinə, eləcə də fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün könüllülərə böyük ehtiyac hər zaman duyulur.
Könüllülər yeni təcrübə, qabiliyyət və bacarıq əldə etmək, yeni dostlar, yeni biliklər qazanmaq istəyən gənclər və özünü gənc hiss edən insanlardır. Azərbaycan bu masştabda bir idman yarışına ilk dəfə ev sahibliyi etdiyi üçün könüllülərin hər biri bu tarixin yazılmasına köməklik göstərməlidir.
Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları olduqca böyük tarixi əhəmiyyət daşıyır. Bu oyunların vacib hissəsindən biri kimi könüllülərin işi qeyd olunmalıdır. Belə tədbirlərdə gənclərin və tələbələrin xüsusi yeri var. Dünyanın müxtəlif ölkələrində böyük miqyaslı tədbirlər keçirilərkən tələbə könüllülərin cəlb olunması işin koordinasıyasında xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyət gənclərimizin ictimai maraqlarına xidmət etməklə bərabər, onların öz bacarıqlarını inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmalarına şərait yaradır. Ölkəmizdə də mütəmadi olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərə könüllülərin cəlb olunması ənənəsi var. Bu təcrübəyə misal olaraq "Avroviziya” musiqi yarışması zamanı da fəal könüllülərimizin xüsusi xidmətləri vardı. I Avropa Oyunları zamanı da bu təcrübədən yararlanmaq zəruridir. Gənclərin bu yöndə iştirakına maraq genişdir. Könüllü olacaq tələbələr müvafiq təlimlər keçir, tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti qruplara bölünürlər. Mən könüllülük aksiyasını həm də gənclərimizin gələcək həyata və fəaliyyət prinsiplərinə hazırlıqları üçün bir məktəb kimi dəyərləndirirəm.
Mən hətta belə bir təklif vermək istəyirəm. Ənənəyə görə Olimpiya məşəli bütün dövrlərdə Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya Məbədindən götürülür. Bundan sonra Avropa Oyunlarının məşəlinin alovu da hər dəfə Azərbaycandan - Atəşgahdan götürülsün. Mən bu təklif dəyərləndirilərsə, bunun ölkəmizin dünyada tanınması baxımından çox əhəmiyyətli olacağını düşünürəm.
Sonda onu da vurğulamaq istəyirəm ki, I Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. Bakıya Oyunlara ev sahibliyi etmək hüququ 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK)
tərəfindən verilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avropa Oyunları Komitəsi ilə birgə oyunların yüksək səviyyədə təşkili və keçirilməsi üçün fasiləsiz olaraq çalışır.
Artıq I Avropa Oyunları möhtəşəm bir tarix yazmağa başlayıb. Bu tarix ölkəmizin dünyaya bəxş etdiyi ən mühüm məqamlardan, anlardan olacaq. Bu tarix Azərbaycanı dünyaya, dünyanı Azərbaycana daha da yaxınlaşdıracaq. Biz bu tarixə inanırıq və onunla qürur duyuruq. Əminliklə bildirirəm ki, ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun, ölkə Prezidenti İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə reallaşacaq bu yarış müasir Azərbaycanın tarixində bir misilsiz simvol olacaq. Buna hər bir Qusar sakini kimi mən də bütün varlığımla inanıram.
Jalə Əmirbəyova, Qusar rayonu