90 yaşlı professor 9 ay aparıcı olacaq

Qulu Məhərrəmli: “Mən bu xəbərdən çox sevinirəm”



Müstəqil Azərbaycan jurnalistikasının sütunlarından biri olan, professor, Bakı Dövlət Universitetinin müəllimi, 90 yaşlı Şirməmməd Hüseynov növbəti dəfə tamaşaçılar qarşısına çıxaraq veriliş aparacaq. Proqram ANS telekanalında yayımlanacaq.

Bu haqda İTV-də efirə gedən "Ortaq məxrəc” verilişində "ANS” Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev məlumat verib: "O, nəinki Azərbaycanda, hətta bütün Qafqazda ən yaşlı televiziya aparıcısı olacaq. Bu, bizim ona ad günü hədiyyəmizdir. Şirməmməd Hüseynov 9 ay ANS-də çalışacaq”.

Məlumat üçün bildirək ki, Şirməmməd Hüseynovun dekabrın 17-də 90 illik yubileyi qeyd olunacaq.

Ş.Hüseynovun veriliş aparmasını və istiqlal tarixindən danışmasını fövqəladə bir hadisə kimi qiymətləndirən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Qulu Məhərrəmli bildirib ki, Şirməmməd müəllim özündə istiqlal kodunu daşıyan bir şəxsdir: "Bundan əlavə, o, Azərbaycan mətbuat və müstəqillik tarixini çox dərindən bilən bir şəxsdir. Həmçinin onun çox xarizmatik və gözəl nitqi var, tamaşaçıları danışığı ilə özünə cəlb edə bilir”.

Onun sözlərinə görə, bizdə adətən bilik daşıyıcıları və şəxsiyyətli insanlar bəzi hallarda efirdən kənarda qalırlar: "Nəticədə cəmiyyət faktiki olaraq onların daşıdığı biliklərdən məlumatsız olur. Şirməmməd müəllim zaman-zaman efirlərdə olan insandır. Hətta mənimlə birlikdə "7 gün” proqramında dəfələrlə çıxış edib. "7 gün”ün ozamankı populyarlığının bir səbəbi də məhz onun verilişdə çox qeyri-adi məlumatlar verməsi və ətraflı şərhlərlə çıxış etməsi olub.

Tanınmış teletənqidçinin fikrincə, burada əsas məsələ yaşla bağlı deyil: "Şirməmməd müəllimin 90 yaşında veriliş aparması qeyri-adi hal kimi dəyərləndirilməməlidir. Əsas hadisə istiqlal mövzusunun Azərbaycan ekranında bu şəkildə və belə bir xarizmatik aparıcının simasında təqdim olunmasıdır. Mən bu xəbərdən çox sevinirəm və ANS televiziyasına da çox təşəkkür edirəm ki, belə bir TV layihəsi həyata keçirir. ANS televiziyasına uğurlar arzu edirəm”.

Vüqar Şahinoğlu