"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakıda keçiriləcək Avropa oyunları zamanı bütün qonaqları tam qəbul etməyə hazırdır.
Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev APA-ya açıqlamasında deyib ki, Avropa Oyunları ilə bağlı İçərişəhərdə və Qala qoruqlarında bir sıra tədbirlər keçiriləcək. Onun sözlərinə görə, bu çərçivədə iyunun 11-dən 14-dək İçərişəhərdə VI Qız qalası festivalı təşkil olunacaq: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən festivala dünyanın bir çox ölkəsindən rəssamlar dəvət edilib. Onlar Qız qalasının qarşısında qalanın maketlərini bəzəyirlər. Həmin maketlər həm Bakıda, həm də dünyanın bir çox ölkəsində nümayiş olunacaq. Bununla da Qız Qalası, İçərişəhər, ümumiyyətlə Azərbaycan mədəniyyəti haqqında məlumatlar əldə edilməsinə imkan yaradılacaq”.
S.Nuriev qeyd edib ki, İçərişəhər və Qala qoruqlarına gələn qonaqlar üçün bələdçi xidmətləri tam hazırdır. Artıq bələdçilərin sayı artırılıb: "Eyni zamanda, qonaqların sayı çox olacağı üçün bu prosesə könüllülərin də cəlb olunması vacibdir. Könüllərin xarici dil bilməsi, tariximiz, İçərişəhər haqqında məlumatlara sahib olması vacibdir. Məhz bu məqsədlə hazırda onlar üçün kurslar təşkil olunub. İçərişəhərin ərazisində audio-bələdçilər də fəaliyyət göstərir. Onların sayı artıılıb”.
İdarənin rəisi əlavə edib ki, İçərişəhərdə fəaliyyət göstərən muzeylər hazır vəziyyətdədir. Avropa oyunları zamanı muzeylərin iş vaxtının, saatların artırılacağını deyən S.Nuriyev qeyd edib ki, ilkin plana əsasən, muzeylər axşam saat 9-10-na kimi fəaliyyət göstərəcək: "İçərişəhərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin idarəediciləri ilə də görüşlər keçirilib. Bu gün tam əminliklə deyə bilərik ki, həmin qonaqların qəbul edilməsi, İçərişəhər haqqında dolğun məlumatın verilməsi üçün tam hazırıq. Avropa oyunlarının şahidi, iştirakçısı olmaq üçün Bakıya çoxlu sayda idmançı, onların azarkeşi, KİV nümayəndəsi təşrif buyuracaq. Onlar oyunlar çərçivəsində Bakı haqqında, qədim tarix, zəngin mədəniyyət haqqında məlumat alma imkanı əldə edəcəklər”.