Təhsil naziri Mikayıl Cabbarov vətəndaşlardan məktəblərdə rast gəldikləri qanunsuzluqları gizlətməməyə çağırıb. Nazir KİV-ə açıqlamasında rayon təhsil şöbələri tərəfindən müəllimlərdən pul yığılması xəbərlərinin araşdırıldığını deyib və əlavə edib ki, vətəndaşlar bu cür halları gizlətməməlidir:
"Mən vətəndaşlara üzümü tutaraq deyirəm ki, belə halların olmasını gizlətməsinlər. Bəhanədən asılı olmayaraq, qanundan kənara çıxan istənilən hərəkət qanunsuzdur. Eyni zamanda, bəzi hallarda yoxlanılmamış məlumatlar da deyilir. Bu baxımdan Təhsil Nazirliyinə, yaxud aidiyyəti üzrə hüquq-mühafizə orqanına edilən hər bir müraciət araşdırılır və nəzarətdə saxlanılır”.
Təhsil nazirinin bu çağırışı effekt verəcəkmi? Valideynlər pul yığan direktorları, müəllimləri "satacaqlarmı?”
Nazirin çağırışını müsbət dəyərləndirən təhsil eksperti Nadir İsrafilov "Şərq”ə açıqlamasında təhsil müəssisələrində qeyri-qanuni pul yığılmalarının qarşısını alacaq xüsusi bir mexanizm olmadığını dedi. Uzun illər təhsil sahəsində çalışmış N.İsrafilov qanunsuzluqların qarşısının alınmasının bir yolu olduğunu söylədi:
- Bunun ən effektiv yolu qanunsuzluğa yol verənin əməlinə görə cəzalanmasıdır. Mən 7 təhsil naziri ilə işləmişəm. 90-cı illərə qədər təhsil sahəsində bu səviyyədə şikayətlər olmayıb. Neqativ hallar tək-tük olardı. Çünki o zaman mətbuata, ictimai qınağa xüsusi önəm verilirdi. Bir qəzetdə hansısa məktəb, bir müəllim və ya direktorla bağlı tənqidi yazı dərc olunurdusa, rəsmi qurumlar dərhal reaksiya verirdilər. Yadıma gəlir ki, bir dəfə qəzetdə Lənkərandan şikayət dərc edilmişdi. Yazmışdılar ki, filan direktor öz qızını dəstə rəhbəri təyin edib. Buna görə rayona komissiya getdi, yoxladılar, araşdırma apardılar. Həmin direktor işdən azad edildi. Amma indi mətbuatda nələr yazılır, videoçarxlara qədər internetə yerləşdirilir, internat məktəblərində baş verənlərlə bağlı və s. Nə qədər yazılır ki, bayramlarda şagirdlərdən pul yığılır, məktəbin təmirinə pul istəyirlər... Şagirdlərə test kitabçaları satılır. Nəticəsi nədir? Kimi cəzalandırıblar, kimi işdən azad ediblər? Neqativ hallar ona görə azalmır ki, ictimai qınağa əhəmiyyət verən yoxdur. Mətbuatın yazdığı, televiziyanın göstərdiyi heç kimin vecinə deyil. Elə bir imtahan sessiyası olmur ki, nazirin xüsusi əmri olmasın. İmtahanlar, "zaçot”larla bağlı pul söhbəti yığışmır. Amma mən hələ rast gəlməmişəm ki, hansısa müəllim, fakültə dekanı buna görə cəzalansın. Əgər imtahanlarda rüşvət halı yoxdursa, xüsusi əmrlər nəyə görə verilir. Demək, rüşvətin alınacağı ehtimalları var. Ehtimal olan yerdə faktın baş verəcəyi də tamamilə mümkündür. Bəs niyə kimsə
cəzalanmır? Cəzasızlıq olduğu üçün rüşvətin qarşısı alınmır. Nazirliyin "Qaynar xətt” xidməti var. Müəyyən müddətdən bir "Qaynar xətt”in nəticələri açıqlanır. Baxırsan ki, şikayətlərin çoxu işə qəbul, yerdəyişmə ilə bağlıdır. Rüşvət halları ilə bağlı bir-iki şikayəti də gözünə qatırlar, ya da adını "anonim” qoyurlar. Sonra da deyirlər ki, yoxlandı, təsdiqlənmədi. Orta məktəblərdə, bağçalarda, internat məktəblərində bu qədər qanunsuzluqlar baş verir, amma nə bir direktor, nə də bir müəllim Əmək Məcəlləsinin 72-ci bəndi ilə işdən azad edilməyib. Hamısı "öz xahişi ilə” işdən çıxır. Yəni, ən son hədd, ən "ağır cəza” ərizə yazıb öz xahişi ilə işdən çıxmaqdır. Əlbəttə, belə olan halda, qanunsuzluqlar da davam edəcək, valideynlərdən, şagirdlərdən pul da yığılacaq. Təhsil müəssisələri bilik, savad verməklə yanaşı, həm də mənəvi dünyanın güzgüsüdür. Orada qanunsuzluq baş verirsə, bundan bütün cəmiyyət təsirlənir. Amma o qanunsuzluqları edənlər qanunun tələb etdiyi şəkildə cəzalansalar, cəmiyyət də görər ki, hər kəs əməlinə görə cəzasını aldı.
N.İsrafilov orta məktəblərdə pul yığımlarına görə valideynləri də qınadı:
- Bəli, bəzən pul yığımı kampaniyalarının başında valideynlər dayanır. Sovet vaxtı da şagirdlər müəllimləri təbrik edirdi. Güllə, ətirlə. Amma indi pul yığımları kütləvi xarakter alıb. Qrup halında pul toplayırlar. Mütəşəkkil şəkildə. Bir çox hallarda da buna məktəbin özü şərait yaradır. Ümumtəhsil məktəblərinin Əsasnaməsində iki "qəribə” bənd var. Biri budur ki, "məktəb ianə toplaya bilər”. Digəri də "məktəb əlavə xidmət göstərə bilər”. Bunlar nə deməkdir? Məktəb niyə ianə toplamalıdır? Təhsil, hərbi xərclərdən sonra ən çox vəsait ayrılan sahədir. Azərbaycan dövləti təhsilə hər il külli miqdarda vəsait ayırır. Bu, məktəblərə azlıq edir ki, özlərinə ianə toplamaq hüququ da verirlər?! "Əlavə xidmətlər” də mən belə başa düşürəm ki, repetitorluqdur. Məktəb başqa hansı əlavə xidmət göstərə bilər? Repetitorluğu da bu ad altında rəsmiləşdirmək istəyirlər. Bu dəqiqə məktəblərə getsəniz, siniflərdə şagird tapmazsınız. Hamısı repetitor yanına gedir. Getsinlər, əlavə dərs öyrənmək yaxşıdır. Amma problem bundadır ki, şagirdlər repetitor yanına əsas dərslərin hesabına gedir. Müəllim sinifdə keçməli olduğu dərsi əlavə saat adı altında şagirdə dərsdən sonra keçir. Bütün şagirdlər repetitor yanına gedəcəksə, onda dövlət məktəblərə niyə bu qədər vəsait ayırır? Hamı özəl təhsillə məşğul olsun. Bilirsiz, bu problemlər nə qədər ki, həllini tapmayıb, qanunsuzluqlar da olacaq.
Məlahət Rzayeva