Abort zamanı ölən qadın...

Faciədə sadəcə həkimləri günahlandırmaq ədalətli deyil
Elə qadınlar var ki, 12 həftəlik uşağını israrla abort etmək istəyir


Göyçay Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının dünyasını dəyişməsi ilə bağlı aparılan araşdırma başa çatıb. Xəstəxananın Tibbi Şurasının növbədənkənar iclası keçirilib. Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, iclasda verilən qərar nəticəsində abort edərkən qadının ölümünə səbəb olan ginekoloq işdən çıxarılıb.

Qeyd edək ki, iclas fevralın 12-də xəstəxanada Göyçayın Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış 1990-cı il təvəllüdlü, Ağstafa sakini Əliyeva Nurlanə Əlişirin qızının abort zamanı dünyasını dəyişməsi ilə bağlı olub.

Qərara görə, qadını abort edən həkim-ginekoloq Roza Babayeva işdən çıxarılıb. Həmçinin, xəstəxananın ginekologiya şöbəsinin müdiri əvəzi Leyla Əliyeva tutduğu vəzifədən azad olunub. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Bu günlərdə Milli Məclisdə abortla bağlı müzakirələrin keçirildiyini vurğulayan sosioloq Lalə Mehralı deyib ki, mövcud dəyişikliyə görə, aborta bir həkim qərar verə bilməz. Ümumi konsilium keçirilməli və bir neçə həkimin rəyi əsasında proses baş tuta bilər:

 "Konsilium zamanı isə abortun hansı səbəbdən edildiyi, qadının həyati təhlükəsinin olub-olmadığı öyrəniləcək. Şəxsən öz adıma bu dəyişikliyi düzgün hesab edirəm, bir həkimin qərarı ilə keçirilən abortların fəsadları barədə çox eşitmişik”.

Konkret hadisəyə gəldikdə isə L.Mehralı deyib ki, qadının ölümünə səbəb olan ginekoloqun işdən çıxarılması adekvat qərar deyil. Ümumiyyətlə, bu cür laqeyd və məsuliyyətsiz həkimlərin bir daha heç bir səhiyyə orqanında işləməməsi barədə qərar çıxarılmalı, o şəxs həkimlik fəaliyyətindən uzaqlaşdırılmalıdır. Əks halda o gedib başqa bir özəl xəstəxanada fəaliyyətini davam etdirəcək:

"Bununla belə sosioloq faciəvi sonluqla bitən abortlarda sadəcə həkimlərin günahlandırılmasını ədalətli hesab etmir. Onun sözlərinə görə, həkimlə yanaşı heç bir tibbi göstəriş olmadan körpəsini öldürən ana da günahkardır. 

Elə qadınlar var ki, 12 həftəlik uşağını israrla abort etmək istəyir. Qanunvericilikdə belə bir qadağa olmadığı üçün həkim də prosesi öhdəsinə götürür. Elə qadınlar var ki, hamiləliyinin 13-14-cü həftəsində olduğuna rəğmən həkimə cəmi 9-10 həftəlik olduğunu deyir. Həkimlər də heç bir yoxlama aparmadan abortu reallaşdırır. Halbuki abortda əvvəl qadın müayinə edilməli, analiz verməli, onun irsi xəstəliyinin olub-olmadığı öyrənilməlidir. Təəssüflər olsun ki, Azərbaycanda abort stoluna çıxarılan qadınların heç biri fərdi müayinədən keçirilmir”.

Şəymən