ABŞ istəyir, Avropa istəmir

Merkel və Olland çalışacaq ki, Putini razılaşdırsın, müharibə alovlanmasın


Ukrayna böhranının aradan qaldırılmasına dair hazırladıqları sülh planını təqdim etmək məqsədilə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Kiyevə səfərə gəliblər. "Şərq” qəzeti "fr.euronews.com”-a istinadən xəbər verir ki, səfər çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüş keçirilib və səfərin məqsədi barədə müzakirələr aparılıb.

Məlumata görə, vasitəçilərin Moskvaya da səfəri gözlənilir. Onlar Rusiya Prezidenti Vladimir Putini də sözügedən sülh planı ilə tanış edəcəklər. Bu arada qeyd edək ki, ötən günlərdə Kiyevdə səfərdə olan Amerikanın dövlət katibi Con Kerri Ukrayna ilə bağlı rəsmi Moskvaya çağırış edib. O bəyan edib ki, Kreml Ukraynada qan tökülməsinin dayandırılmasına sadiq olduğunu nümayiş etdirməli, ordusunu qonşu ölkədən çıxarmalı və atəşkəs rejiminə əməl etmək üçün separatçılara təzyiq göstərməlidir: "Rəsmi Vaşinqton münaqişənin dinc yolla həllinin tərəfdarıdır, amma Rusiya tanklarının Ukrayna sərhədini keçməsinə göz yuma bilməz. Putin Ukrayna ilə müharibəni bitirməlidir. Moskvanın təcrid vəziyyətdən xilas olmasının yeganə yolu budur”.

Kiyev görüşünün nəticələrini şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, hazırda Amerika ilə Avropa arasında rəqabət başlayıb: "C.Kerri Kiyevə səfərində fikir səsləndirdi ki, Ağ Ev Ukraynaya silah verə bilər. Bu bəyanat yalnız Rusiyanı deyil, eyni zamanda bir sıra Avropa ölkələrini narahat etməyə başlayıb. Görünür, Avropa da böhranın dinc yolla həllini istəyir. Avropa düşünür ki, Amerika okeanın o tayında, Rusiya isə qonşuluğundadır. Müharibənin Avropaya birbaşa təsirləri olacaq. Bu səbəbdən Avropa Birliyi ölkələri hərəkətə keçib. Almaniya kansleri və Fransa prezidenti turneyə çıxıb. Onlar təcili müharibəni dayandırmağa çalışırlar. Amma bu o anlama gəlməli deyil ki, müharibə dayanacaq. Məsələ burasındadır ki, separatçılar müstəqillikdən başqa heç nə ilə razılaşmırlar. Vəziyyəti qəlizləşdirən də budur”.

Politoloqun qənaətincə, hər şey Rusiyanın mövqeyindən asılı olacaq: "Merkel və Olland şimal qonşumuzu sülhə dəvət edəcəklər. Əsas müzakirə mövzusu o ola bilər ki, Moskva separatçıları silahlandırmaqdan vaz keçsin. Çünki separatçılar dəstək aldıqlarına görə, uğurlu əməliyyatlar həyata keçirə bilirlər. Putindən razılıq alınsa, döyüşlərdə fasilə yarana bilər. Bu da müharibənin səngiməsinə xidmət edəcək. Səfərdən çox şey asılıdır”.

Poroşenkonun bir müddət öncə Putinin təklif etdiyi sülh sazişindən imtinasına gəlincə, E.Şahinoğlu vurğulayıb ki, Ukrayna lideri ölkəsinin maraqlarına xidmət göstərir: "Poroşenko rəsmi Kiyevin təhlükəsizlik və milli maraqlarını ayaqlar altına ata bilməz. Ola bilsin, müharibənin qalmasında maraqlı qüvvələr var. Amma Poroşenko üçün öməmli olan odur ki, müharibəni dayandırıb, ərazi bütövlüyünü təmin etsin və islahatlara başlasın. Müharibə gedə-gedə islahatlara başlamaq mümkünsüzdür. İslahatların aparılmaması ona qarşı narazılıqlara yola açacaq. Ölkənin müxalifəti güclənəcək. Digər yandan Poroşenko sülh planını ona görə qəbul etməyib ki, orda Ukraynanın ərazi bütövlüyünü təhlükə altında qoyan müddəalar yer alıb. Məlumdur ki, Poroşenko həmin sazişə imza atsa, Krımdan əl çəkməli olacaqdı. Putinin sözügedən ssenarisi Ukraynanın maraqlarına cavab vermirdi. Zənnimcə, vasitəçilərin səfərindən çox şey asılıdır. Putinlə razılığa gələ bilsələr, atəşkəsə nail olunacaq. Lakin atəşkəs müharibənin sonu demək deyil. Çünki separatçılar işğalçılıq planlarından əl çəkməyiblər. Onlar Maripulu ələ keçirib, Krıma quru yolu təmin etmək istəyirlər. Düşünürəm ki, savaş yenidən alovlana bilər”.

Ayyət Əhməd