
ABŞ Putini müharibəsiz çökdürməyə çalışır
Kremlin isə geriyə yolu yoxdur

Qərb dövlətləri ilə Rusiya arasındakı qarşıdurma getdikcə daha da şiddətlənir. ABŞ başda olmaqla Avropa ölkələri Ukrayna hadisələrinə görə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirir. Rusiya isə adekvat olaraq qərb mallarının öz ölkəsində satışına embarqo qoyur və Ukraynadakı qanlı savaşı davam etdirir. Hələlik heç bir tərəf güzəştə getmək, geri çəkilmək barədə düşünmür. Bu fonda çoxları iddia edir ki, yaranmış vəziyyət üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.
Ukrayna rus işğalından sığortalana biləcəkmi?
Ukrayna ordusu ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında şiddətli döyüşlər davam etməkdədir. Kremlin hərbi-siyasi və iqtisadi yardımları hesabına öz mövqelərini möhkəmləndirən separatçılar Ukrayna ordusuna qarşı hərbi əməliyyatları genişləndirir. İddialara görə, rus hərbiçilərinin də iştirak etdiyi döyüşlərdə Ukrayna ordusunun əsas kontingentinin məhv edilməsinə çalışılır. Məqsəd Kiyev hökumətini təslimçi sülhə razı salmaqdır. Qərbin verdiyi dəstək xarakterli bəyanatlara rəğmən Ukraynanın bugünkü vəziyyəti kifayət qədər ümidsiz görünür. Ona görə də bir çox ekspertlər indiki şərtlərlə Ukraynanın xilasını mümkünsüz sayırlar. Onların fikrincə, Avropanın mərkəzində qərarlaşan Ukrayna bütün dünyanın gözü qarşısında addım-addım, qarış-qarış işğal ediləcək.
Rusiyanı sülhə gətirmək üçün yeni sanksiyaların tətbiqi yubadılır
Ötən gün Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Brüsseldə toplaşaraq, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi haqda qərar veriblər. Sanksiyalar paketində Rusiya məmurları və Ukraynadakı rusmeyilli 14 separatçı liderin, o cümlədən 8 qurumun hesablarının dondurulması, səyahət qadağası və s. sanksiyalar nəzərdə tutulub. Amma yeni sanksiyaların tətbiqi fevralın 16-dək təxirə salınıb. Fransanın xarici işlər naziri Loran Fabius "Reuters” agentliyinə açıqlamasında bildirib ki, sanksiyaların tətbiqinin yubadılmasında məqsəd Ukrayna böhranının həlli ilə bağlı sülh cəhdlərinə mane olmamaq, dialoqun baş tutmasına vaxt verməkdir. O qeyd edib ki, hadisələrin gedişi fevralın 11-də Minskdə keçirilməsi planlaşdırılan 4 tərəfli sammitin nəticələrindən asılı olacaq. Böyük Britaniyanın xarici işlər naziri Filip Hamond Brüssel görüşündən əvvəl jurnalistlərə bildirib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü dayanana qədər Avropa öz mövqeyində möhkəm durmalıdır.
Vaşinqton Avropada müharibə törətməyə çalışır
Almaniya kansleri Merkellə görüşən ABŞ Prezidenti Barak Obama mətbuata açıqlamasında Rusiyanın bütün beynəlxalq müqavilələri pozduğunu deyib. Rusiyanın Ukraynadakı terrorçuları təchiz etdiyini bildirən ABŞ prezidenti Rusiyanın bu cür addımlarla bütövlükdə Avropa Birliyi ilə arasında əməkdaşlığı sarsıtdığını bəyan edib: "Biz diplomatik həll yollarını tapmağa, diplomatik strategiyanı davam etdirməyə çalışacağıq. Rusiyaya qarşı sanksiyalar qüvvədə qalır, təzyiqləri daha da gücləndirəcəyik”. Fransanın "Milli Cəbhə” partiyasının lideri Martin Le Pen ABŞ-ın Rusiya sərhədlərinə qədər Avropada müharibə törətməyə çalışdığını deyib. O, Avropa liderlərini ABŞ-a qarşı iradəsiz olmaqda günahlandırıb: "Avropa liderləri Ukrayna hökumətinin mülki vətəndaşları bombalamasına göz yumur. Onların Ukrayna məsələsində ABŞ-ın mövqeyinə qarşı gələcək iradəsi yoxdur. Avropa Birliyi də Ukrayna böhranının həllində ABŞ-ın siyasətini təqlid edir”.
Ukrayna böhranı ABŞ və onun müttəfiqlərinin hərəkətlərinin nəticəsidir
Rusiya Prezidenti Vladimir Putin Misirin "Əl-Əhram” qəzetinə müsahibəsində ABŞ-ı sərt tənqid edib. ABŞ və Qərb müttəfiqlərini dəfələrlə xəbərdar etdiyini bildirən Putin Ukrayna böhranının Rusiyanın təqsiri üzündən baş vermədiyini açıqlayıb: "Böhran soyuq müharibədə özlərini qalib sayan ABŞ və onun Qərb müttəfiqlərinin cəhdinin nəticəsidir. Biz dəfələrlə Ukraynanın daxili işlərinə müdaxilənin zərərli təsiri haqqında ABŞ və onun Qərb tərəfdaşlarına xəbərdarlıq etdik. Lakin onlar bizim dediklərimizə qulaq asmadılar”.
"Rusiyanı müharibəsiz geri oturtmağın yeganə yolu sanksiyalardır”
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Ukraynanın üzləşdiyi vəziyyətin ümidsizliyini qeyd etməklə yanaşı, məlum işğalçılıq siyasətinin Rusiyaya da baha başa gələcəyini vurğulayıb. Ekspertin sözlərinə görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar təsirsiz ötüşə bilməz: "Ukraynanın mövcud vəziyyəti kifayət qədər ağırdır. Çünki bu münaqişə başlayanda ölkənin ordusu dağılmış vəziyyətdə idi. Yanukoviç Ukraynanın həm siyasi, həm də iqtisadi sistemini sıradan çıxardıb. Bu gün yeni Ukrayna hökumətindən sürətli tərəqqi və yenidənqurma gözləmək sadəlövhlükdür. Mən hələ naşılıqları, siyasi səhvləri demirəm. Digər bir tərəfdən Rusiyanın aşkar şəkildə Ukraynaya qarşı işğalçılıq siyasəti yürütməsi, təbii ki, narahatlıq doğurur. Bu mənada Qərbin, Avropa Birliyinin Rusiyaya tətbiq edilən sanksiyaları uzatması çox effektiv addımdır. Çünki biz son aylarda Rusiya iqtisadiyyatının hansı vəziyyətə düşdüyünə şahid olduq. Nəzərə alsaq ki, qarşıdakı 6 ay ərzində qüvvədə olacaq sanksiyalar neftin qiymətinin azalması fonunda özünü daha aydın hiss etdirəcək, o zaman Rusiya iqtisadiyyatının böyük problemlərlə üz-üzə qalacağını söyləmək olar. Rusiyanı müharibəsiz geri oturtmağın yeganə yolu sanksiyalardır”.
"Rusiya Ukraynanı işğal etsə belə, heç nəyə nail olmayacaq”
Ə.Oruclunun fikrincə, bu gün Rusiya daxilində ciddi sosial gərginlik müşahidə edilir. Ona görə də rəsmi Moskva diqqəti daxili problemlərdən yayındırmaq üçün müharibəyə can atır: "Ukraynada baş verən bütün uğursuzluqlara baxmayaraq, ABŞ və Avropa Birliyinin sərgilədiyi taktika düzgün taktikadır. Bu taktika müharibəyə rəvac vermir. Rusiyanı iqtisadi baxımdan boğur. Müharibənin davam edəcəyi təqdirdə, Rusiyanın Ukraynanı işğal etməsi ehtimalı kifayət qədər böyükdür. Lakin Rusiya Ukraynanı işğal etsə belə, heç nəyə nail olmayacaq. Moskvaya qarşı sanksiyalar daha da güclənəcək, Ukraynada ruslara qarşı genişmiqyaslı partizan müharibələri baş verəcək. Rusiyanın daxilində isə nələrin baş verəcəyini təsəvvür etmək çətin olacaq”.
"Putin güzəştə getməyi məğlubiyyət kimi qəbul edir”
Politoloq Ərəstun Oruclunun sözlərinə görə, sanksiyaların uzadılmasının səbəbi Rusiyanın Qərbin tələblərinə nəinki məhəl qoymaması, hətta Ukrayna siyasətini bir qədər də sərtləşdirməsidir: "Rusiyanın bu davranışı Qərbi sanksiyaları uzatmağa vadar edir. Şübhəsiz ki, bu, Rusiya iqtisadiyyatında daha ciddi əngəllərə səbəb olacaq. Rusiyanın yaxın zamanlarda Ukrayna iddialarından əl çəkməsi də gözlənilən deyil. Çünki Ukrayna problemi Rusiyanın daxilində artıq hakimiyyət məsələsinə çevrilib. Putin güzəştə getməyi məğlubiyyət kimi qəbul edir və düşünür ki, güzəştə getsə, ölkə daxilində mövqelərini sürətlə itirəcək”.
"Problemləri çox olan Avropa Rusiya ilə gərginlikdə maraqlı deyil”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu iki tərəfin də geri addım atmayacağını düşünür: "Qərbin Rusiyadan üç əsas tələbi var. Ukraynanın ərazi bütövlüyünü tanımaq, separatçılara canlı və texniki dəstək verməmək və Krımın işğalına son qoymaq. Putin isə bunları qəbul etmir. Rusiya Ukraynadakı separatçılara dəstək verməkdən əl çəksə belə, Qərb Krımla bağlı tələb irəli sürəcək. Putin isə nəinki Krımdan əl çəkir, Ukraynanın şərqindəki separatçılara dəstək verməkdən də imtina etmir. Bu isə Qərbi sanksiyaları daha da sərtləşdirməyə vadar edir. Zənnimcə, Qərb geri addım atmayacaq. Çünki sanksiyaların işə yaradığını görür. Rusiyada nə qədər indiki hakimiyyət mövcuddur, Kreml geri addım atmayacaq. Ancaq Rusiya geri addım atarsa, Qərb də sanksiyaları ləğv edəcək. Çünki Avropanın özünün çoxlu sayda problemləri var və Rusiya ilə gərginlik yaratmaqda maraqlı deyil”.
"Amerika dünyanı başqa güclü dövlətlə bölüşmək istəmir”
E.Şahinoğlu qarşıdurmanın daha çox ABŞ-ın dünyada rəqibsiz lider dövlətə çevrilmək maraqlarına xidmət etdiyini bildirib: "Rusiya nüvə dövlətidir. Amerika isə dünyanı ikinci bir güclü dövlətlə paylaşmaq istəmir və fövqəldövlət statusunu qorumaq istəyir. Putinin Amerika ilə rəqabət aparmaq istəyi varsa, Amerika da Rusiyanı zəiflətməklə bu rəqabəti aradan qaldırmağa çalışır və Putin hakimiyyətini yıxmağa can atır. İndiki halda Amerika bunu bacarır. Sanksiyalar və neftin ucuzlaşması Rusiyanı çökdürür. Rusiyanın ümumi itkiləri 200 milyard dollardır. Amerika Rusiyanı cəzalandırmaqda davam edir, Rusiya ABŞ-ı cəzalandıracaq gücdə olmaz”.
İsmayıl