ABŞ terrorla sarsıldı, 50 nəfər öldü

Hadisənin ABŞ vətəndaşı əfqan əsilli müsəlman Ömər Mətin tərəfindən törədildiyi məlum olub
“Müsəlmanlara potensial terrorçu kimi baxanların sayı artacaq”


ABŞ-ın Florida ştatının Orlando şəhərində terror aktı törədilib. Homoseksualların toplandığı gecə klubuna edilən hücum nəticəsində 50 nəfər ölüb, 53 nəfər isə yaralanıb. Hadisədən sonra İŞİD terror qruplaşması terrorun məsuliyyətini öz üzərinə götürsə də, bu, təsdiqini tapmayıb.

Terror aktının 1986-cı il təvəllüdlü, ABŞ vətəndaşı əfqan əsilli müsəlman Ömər Mətin tərəfindən törədildiyi məlum olub. İŞİD yaraqlısı olduğu iddia edilən Ömər Mətin polislə atışma zamanı öldürülüb. Məlumat üçün deyək ki, yaşanan olay ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.

"Ömərin əqli çatışmazlığı olub”

Öldürülən Ömər Mətinin keçmiş həyat yoldaşı mətbuata açıqlama verib. Yusufiy adlı qadın Mətinin əqli çatışmazlığının olduğunu bildirib. Yusufiy deyib ki, Ömər onunla tanış olduğu zaman dindar olmayıb. O, toydan bir neçə həftə sonra ev işləri görmədiyi üçün Ömər tərəfindən döyüldüyünü, işgəncəyə məruz qaldığını söyləyib: "Məni onun əlindən ailəm xilas etdi”.

"Baş verən hadisə terrordur, nifrət hücumudur”

ABŞ Prezidenti Barak Obama Orlando şəhərində törədilən terrorla bağlı açıqlama verib. Prezident bəyan edib ki, terrorun baş verdiyi gün bütün ABŞ və homoseksual cəmiyyət üçün kədərli bir gündür: "Bu hadisəni terror və nifrət hücumu adlandırmaq üçün əlimizdə yetərli dəlillər var. Bir təcavüzkar gecə klubunu hədəfə alıb. Ora sadəcə gecə klubu deyildi, həm də bir həmrəylik mərkəzi idi. Təhlükəsizlik qüvvələrimiz isə həyatlarını təhlükəyə ataraq, fədakarlıq ediblər. Onlar terrorçunu zərərsizləşdiriblər”. Obama baş vermiş hücumun ABŞ tarixindəki ən böyük qətliam kimi tarixə düşdüyünü deyib.

Tramp müsəlmanları hədələdi

ABŞ prezidentliyinə namizəd Donald Tramp müsəlmanları ölkəyə buraxmamağa çağırıb. Tramp bu barədə özünün tvitter səhifəsində yazıb: "Orlandoda baş verənlər yekun deyil, başlanğıcdır. Ölkə rəhbərliyimiz zəif və səriştəsizdir. Mən bundan əvvəl də qadağaya dair bəyanatlar vermişdim. Biz hər zaman belə hadisələrə hazır və sərt olmalıyıq”. Tramp Ağ Evin hazırkı rəhbəri Barak Obamanı Floridada baş verən terror aktına görə istefa verməyə çağırıb. O, vurğulayıb ki, Amerika xalqı radikal islam terrorçuları tərəfindən hücuma məruz qalıb və Obama öz çıxışında biabırçı şəkildə, hətta "radikal islam” ifadəsini işlətməkdən imtina edib: "Yalnız bu səbəbə görə o, istefa verməlidir. Əgər demokratların namizədi Hillari Klinton bu hücumdan sonra "radikal islam” sözünü işlədə bilmirsə, o da Prezident kürsüsü uğrunda mübarizədən geri çəkilməlidir. Biz bir daha siyasi səhvlərə yol verməmək üçün təmkinli davranmamalıyıq”. Ehtimal olunur ki, Trampın məlum hadisədən sonra etdiyi sərt çıxışlar onun seçki kampaniyasının tərkib hissəsidir.

"Trampın siyasi kampaniyalarda islamafobiya yaradan bəyanatlar verməsi böyük səhvdir”

Millət vəkili Asim Mollazadə bildirib ki, ABŞ-da baş verən terror hadisəsi bütün dünya sivilizasiyasına qarşı hücum və azadlıq dəyərlərinə zərbədir. Deputatın sözlərinə görə, sözügedən hadisədən sonra ABŞ-da müsəlmanlara qarşı münasibət kəskinləşməyəcək: "Terror ciddi cinayətdir və mülki əhali terrorun qurbanı olan zaman hadisənin cinayət yükü artır. Bu kimi böyük cinayətlərin harada, nə səbəbdən və kimlər tərəfindən törədilməsindən asılı olmayaraq terror qəbuledilməzdir”. Millət vəkilinin fikrincə, Orlandoda törədilən qanlı terror Donald Trampa siyasi üstünlük qazandırmayacaq: "Şübhəsiz, heç bir səmavi din terror aktlarına, zorakılığa haqq qazandırmır. İslam dininin terrora qarşı olduğunu isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Bütün səmavi dinlər, o cümlədən islam dini insanları hüzura, insan haqlarına hörmətə səsləyir və radikallığın, zorakılığın əleyhinədir. Dinlərin günahsız insan öldürməsi, mühakiməsiz qətllərə haqq qazandırması mümkün deyil. Hər hansı bir siyasətçinin siyasi kampaniyalarda dinlərə qarşı antisemitizm, islamafobiya yaradan bəyanatlar verməsi isə böyük səhvdir. Düşünmürəm ki, son hadisə Donald Trampa siyasi xal qazandıracaq. Çünki ABŞ demokratiya və multikulturalizm dəyərləri üzərində qurulmuş cəmiyyətə malikdir”.

Siyasi ekspert Şahin Cəfərli terror hadisələri insanlarda terror qorxu və etimadsızlıq yaratmaqla bərabər Qərb-İslam sivilizasiyaları arasındakı çatları dərinləşdirir: "ABŞ-dakı terror aksiyası ən əvvəl sıravi amerikalıların şüurunda və psixologiyasında növbəti iz buraxacaq. Bu hadisələr nəticəsində Amerika və ümumən Qərb cəmiyyətlərində istər-istəməz müsəlmanlara etimadsızlıq yaranacaq. Bütün müsəlmanlara potensial terrorçu gözü ilə baxanların sayı artacaq, islamofobiya güclənəcək. Orlando terrorunun müəllifi Ömər Mətinin İŞİD-ə simpatiyası təhlükəsizlik strukturlarına məlum imiş. Lakin onun haqqında hər hansı tədbir görülməyib. Bundan sonra bu tip şəxslərin ciddi izlənəcəyini güman edirəm. Həmçinin, ölkəyə gələn müsəlman miqrantlara da ciddi nəzarət olacaq. Hətta ABŞ-da qeyri-leqal yaşayan və müəyyən hüquq pozuntuları törədən, yaxud şübhəli fəaliyyətlərlə məşğul olan ayrı-ayrı miqrantların deportasiyası da mümkündür”.

"Hər belə terror aktı Trampın aktivinə yazılan əlavə xaldır”

Ekspert hesab edir ki, hadisənin Prezidentliyə namizəd Donald Tramp üçün əlavə təbliğat imkanları açacağı şübhəsizdir: "Məlum olduğu kimi, Tramp ümumiyyətlə, müsəlmanların ABŞ-a buraxılmaması ideyası ilə çıxış edib. O, indi bu düşüncəsinin nə qədər əsaslı olduğunu anlatmağa çalışacaq və bunun nəticəsində Trampa inananların sırası genişlənəcək. Hillari Klintonun, eləcə də rəsmi orqanların təhlükəsizliklə bağlı mücərrəd açıqlamaları və fikirlərindənsə, Trampın qəti və konkret mövqeyi çoxlarına daha cəlbedici görünəcək. Seçkiyə hələ çox var və ABŞ-da, Avropada yeni terror aktlarının baş verməsi mümkündür. Bir sözlə, hər belə terror aktı Trampın aktivinə yazılan əlavə xal deməkdir”.

İsmayıl