"ABŞ-Türkiyə qarşıdurmasında uduzan kim olacaq ? - ŞƏRH

Fikrət Sadıqov: "Hər halda bütün hadisələrdən iki ölkənin vətəndaşları əziyyət çəkəcək. Bu məsələdə sağlam düşüncəli yanaşma sərgiləmək lazımdır. Əks halda qarşıdurma bundan sonra da davam edəcək”


"Türkiyə ilə ABŞ arasında o vaxt razılaşma əldə oluna bilər ki, hər iki tərəf bir araya gəlsin”.

Bunu "Sherg.az”a son günlər Türkiyə və ABŞ arasındakı gərginliyin nəticələrindən danışarkən politoloq Fikrət Sadıqov deyib. 

Ekspert bildirib ki, Türkiyənin bu vəziyyətdə olması bizi narahat etməlidir:

"Çünki Türkiyə onsuz da mürəkkəb vəziyyətdədir. Bu dövlətin stabilliyinə həm daxili, həm də xarici amillər təsir göstərir.  ABŞ bir nəfərin həbsinə görə, bütün türk vətəndaşlarına viza verilməsini dayandırır. Bu, düzgün deyil, diplomatiyada belə sərt addım atılmamalıdır. Hər bir məsələ müzakirə olunmalı, kompromisə gedilməlidir.

Türkiyə isə düzgün olaraq bu addıma cavab verdi. Amerikalıların Türkiyəyə gəlməsi ilə bağlı viza qadağası tətbiq etdi. Bu diplomatik müharibədir və Türkiyə başlamayıb. Qardaş ölkə sadəcə öz maraqlarına cavab verən addım atır. Əgər kimisə həbs ediblərsə, buna hüquqi əsas var. Hüquqi addımı siyasi, diplomatik proseslərlə eyni səviyyəyə qoymaq düzgün deyil. Hər halda bütün hadisələrdən iki ölkənin vətəndaşları əziyyət çəkəcək. Bu məsələdə sağlam düşüncəli yanaşma sərgiləmək lazımdır. Əks halda qarşıdurma bundan sonra da davam edəcək”.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarının Vaşinqton olduğunu bəyan edib.

Aysel Aslan