ABŞ Türkiyə sərhədlərinə radar sistemi quraşdırır “Amerikanın hədəfi bölgənin açarlarını əldə saxlamaqdır”



"Amerika Yaxın Şərq siyasətində uğursuzluq potensialını son vaxtlar daha da artırır”. Bunu "Sherg.az”a ABŞ-ın Türkiyə sərhədinə radar sistemi quraşdırmasının nəticələrini şərh edərkən politoloq Tofiq Abbasov söyləyib. Onun sözlərinə görə, Amerika qərb tərəfdaşları ilə birlikdə oturuşmuş dövlətləri parçalayıb, yeni konfiqurasiya yaratmağa çalışırdı: 

"Bu baxımdan, 2000-ci illərin əvvəlində qərb mətbuatı aparıcı siyasi simaların dili ilə İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın səhvi ucbatından Yaxın Şərqdə süni dövlətlərin yarandığını iddia edirdi. Burada söhbət Suriya, İraq, İordaniya və s. dövlətlərdən gedirdi. Belə açıqlamaların verilməsində əsas məqsəd cəmiyyəti, həmin dövlətlərin əhalisini dəyişikliklərə hazırlamaq idi. Vaxtilə SSRİ ilə, Şərqi Avropa ilə yaxınlıq edən dövlətlər hədəfə alınmışdı. Bu ölkələrin bütünlüklə dəyişdirilməsi nəzərdə tutulurdu. Lakin bu dəyişimin yarada biləcəyi fəsadlar, infrastrukturun dağılması, insanların qaçqın vəziyyətinə düşməsi siyasətin müəyyən qədər iflasa uğramasına şərait yaratdı”.

T. Abbasov vurğulayıb ki, qeyd edilən planını həyata keçirə bilməyən Amerika siyasətinin iflasa uğradığını qəbul etməyərək, sonuna qədər davam etməyə çalışır: 

"Bu məsələdə Amerikaya dəstək olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və s. dövlətlər isə mövcud vəziyyətdən qazanc əldə etməyə çalışırlar. Türkiyə isə "süni dövlətlər” sırasına daxil edildiyinə görə, fəlakətlərdən sığortalanmaq üçün ehtiyatlı siyasət aparır, Rusiya, Çin, İran, Qətər kimi dövlətlərlə əməkdaşlıq edir. Amerikanın hədəfi bölgənin açarlarını əldə saxlamaqdır. Ona görə, Türkiyə və Amerika arasında anlaşılmaz vəziyyət hökm sürür. Rəsmi Vaşinqton Türkiyə kimi dövləti belə Rusiyaya doğru sürükləyir, İranla, Çinlə yaxınlaşmağa vadar edir”.

Qeyd edək ki, Türkiyə mətbuatının məlumatına görə, Suruçun qarşısındakı Kobaniyə gətirilən sistemlər amerikalı əsgərlər tərəfindən montaj edilir. Radar sistemi vasitəsilə bölgədə uçan təyyarələr müşahidə ediləcək.

Aysel Aslan