Abşeronun icra başçısı qadın oldu

Eldar Əzizovun yerinə Zakir Fərəcov gətirildi
İradə Gülməmmədova: “Prezidentin etimadını doğrultmağa çalışacağam”



Prezident İlham Əliyev Eldar Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzərTAc xəbər verir ki, o, prezidentin sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ölkə başçısının digər sərəncamları ilə Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ölkə başçısının digər sərəncamı ilə Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin növbəti sərəncamları ilə Səbail rayonunun icra hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov vəzifəsindən azad edilərək Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezident Abşeron rayon İcra hakimiyyətinin başçısının təyin edilməsi barədə də sərəncam verib. Prezidentin sərəncamı ilə Abşeron rayonunun icra başçısının I müavini İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.

"Mənə etimad göstərib bu vəzifəyə təyin etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm”. Bunu APA-ya açıqlamasında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İradə Gülməmmədova bildirib. O, qeyd edib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi ölkə başçısının qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür: "Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum”.