Açıq-saçıq, zinət əşyaları ilə məktəbə getmək olmaz

Ekspertin sözlərinə görə, hər bir müəllim istər geyimdə, istər davranışda şagirdlərə örnək olmalıdır




Balakən rayon təhsil şöbəsi rayonda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil şöbəsindən verilən xəbərə görə, ötən gün bəzi kütləvi informasiya vasitələrində Zaqatala və Balakən rayonlarındakı ümumtəhsil məktəblərində müəllimlərə vahid geyim forması tələbi qoyulması barədə məlumat yer alıb.

Məlumatda qeyd olunub ki, tələbə əməl etməyənlər dərsə buraxılmayacaq. Bununla bağlı bildirilib ki, bu məlumat tamamilə yanlışdır, heç bir məktəbə belə tələb qoyulmayıb. Direktorların və müəllimlərin iclasında müəllimlərin geyimlərinin vahid formada deyil, pedaqoji fəaliyyətə uyğun olması barədə tapşırıq verilib, şagirdlərin fikrini yayındırdığına görə bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin xüsusi göstərişi və sənədi olduğunu deyən təhsil üzrə ekspert Əjdər Ağayev tələblərin qoyulmasına görə Balakən rayon təhsil şöbəsinə öz təşəkkürünü bildirib. Ekspertin sözlərinə görə, hər bir müəllim istər geyimdə, istər davranışda şagirdlərə örnək olmalıdır. Xüsusilə qadın müəllimlər cəmiyyətin qəbul edəcəyi əxlaqa uyğun geyimlər geyinməlidirlər: "Təhsil Nazirliyini rəsmi sənədində müəllimlərin geyimi və etik normalara riayət etməsi bir-bir göstərilir. Sənəddə qeyd olunur ki, hər bir müəllim geyimində açıq-saçıqlığa yol verməməli, ifrat bəzək əşyalarından istifadə etməməlidir. Görünür, bu normalara müəllimlər riayət etmədiklərinə görə, Balakən rayon təhsil şöbəsi müəllimlərə xatırlatma verir və bir az da məcbur edir ki, bu müəllimlər həmin etik normaları nəzərdə tutub ona riayət etsinlər. Belə tələblərin qoyulması olduqca yaxşı addımdır. Həqiqətən müəllimlərin öz peşəsinə yaraşan geyimlərdə olması ilə bağlı tələblərin qoyulması vacibdir.

Bəzi qadın müəllimlər imkanlı ailələrdən olduqlarına görə, sanki toya gedirmiş kimi zinət əşyalarını taxıb dərsə gedirlər. Qayda belədir - hər bir mərasimin özünün geyim forması var. Əgər insan yasa qara paltar geyinib gedirsə, işə də iş paltarında getməlidir. Həkimlərdə bu bəllidir, həkim gedən kimi ağ xalatını geyinir. Başqa sahələrdə də xüsusi iş paltarları var. Bircə müəllimlərin iş geyimi yoxdur, amma vaxtilə olub. Buna görə də müəllim özü-özünü tənzimləməlidir. Müəllimlər təmiz, səliqəli geyinməli və şagirdə nümunə olmalıdırlar. Qızıl, zinət əşyaları iş üçün deyil. Balakən rayon təhsil şöbəsinin bəzi müəllimləri düz yola istiqamətləndirməsi olduqca yaxşı haldır. Şöbə geyimdə, davranışda, bər-bəzəkdə şagirdlərə örnək olmağın vacibliyini müəllimlərə başa salır”.

Yeganə Bayramova