Açıq suallarla abituriyentləri zora soxdular

“Bunun kim tərəfindən edildiyini bilmirəm, sadəcə onu deyə bilərəm ki, bu bir sifarişdir”




"Dünən keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək
üçün tapşırıqların sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır. Komitə sədrinin sözlərinə görə, buna səbəb TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarlarda dəfələrlə açıq tipli test tapşırıqlarının sayının artırılması ilə bağlı təkliflərdir.

O, qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsinin nəzərdə tutulduğunu deyib. Cədvəldə bu fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunur. TQDK sədri həmçinin bildirib ki, buraxılış imtahanlarında 11-ci sinif şagirdlərinə 3-cü fənn - xarici dil fənni əlavə edilib. O vurğulayıb ki, şagirdlər tədris müddətində hansı xarici dili öyrəniblərsə, həmin fəndən imtahan verəcəklər: "9-cu siniflərin buraxılış imtahanlarında isə heç bir dəyişiklik yoxdur. Bundan başqa buraxılış imtahanlarından 2 alan şagirdlərin hamısı attestat alacaq, amma onlar orta ixtisas məktəblərinə qəbulda iştirak edə bilməyəcək. Çünki qəbul qaydalarına əsasən abituriyent, hər bir fəndən ən azı 10 faiz nəticə göstərməlidir”. M.Abbaszadə buraxılış imtahanlarına əlavə edilən fənnin şagirdlər üçün çətinlik yaratmayacağını deyib: "Üçüncü fənn xarici dil olacaq. Üç qrupda xarici dil fənni var. Hesab edirəm ki, bu fənnin əlavə edilməsi şagirdlərə çətinlik yaratmayacaq. Çünki orta məktəblərin hamısında xarici dil fənni keçirilir. Şagirdlər hansı fənn üzrə təhsil alıblarsa, həmin fənn üzrə də imtahan verəcək”.

TQDK-nın qəbul imtahanları və buraxılış imtahanları üçün nəzərdə tutduğu dəyişiklikləri dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə, açıq tipli sualların abituriyentlərə problem yaratmaqdan başqa heç bir funksiyası yoxdur: "Mövcud təcrübəyə əasən deyə bilərəm ki, abituriyentlər açıq tipli suallara maraq göstərmirlər. Ona görə də, qəbul imtahanlarında bu qədər açıq sualların salınmasını düzgün hesab etmirəm. TQDK-nın fəaliyyətinə dönə-dönə qiymət vermişik və hər dəfəsində də vurğulamışıq ki, qurum qəbul imtahanlarını bilərəkdən çətinləşdirir. Qəbul imtahanında şagirdlərə elə testlər təqdim olunur ki, onların gələcəyi üçün həmin sualların heç bir əhəmiyyəti yoxdur. Əvvəlki illərdə TQDK-nın fəaliyyətini kəskin şəkildə tənqid edirdik. Təqdirəlayiq haldır ki, qurum bu tənqidlərdən nəticə çıxarıb, builki imtahanlarda müsbətə doğru xeyli dəyişikliklər etmişdi. Tam ideal olmasa da, müəyyən mənada qənaətbəxş hesab etmək olardı. Xüsusilə də, 4-cü qrup üzrə abituriyentlərə təqdim olunan testlər irad tutulası deyildi. Amma bir məsələ var ki, tələbələrin imtahanda zəif göstəricilər göstərməsində maraqlı olan qüvvələr var. Onlar açıq tipli sualların sayını çoxaltmaqla öz məqsədlərinə nail olmaq istəyirlər. Sözün açığı, mövcud dəyişikliklərin TQDK-nın öz iradəsi ilə baş tutduğunu güman eləmirəm. Bunun kim tərəfindən edildiyini bilmirəm, sadəcə onu deyə bilərəm ki, bu bir sifarişdir. Məqsəd isə birmənalı olaraq, abituriyentlərin yüksək nəticələr yığmasını əngəlləməkdir”.

Buraxılış imtahanlarında 11-ci sinif şagirdlərinə 3-cü fənn - xarici dil fənni əlavə edilməsinə gəldikdə isə N.Qulamoğlu bu dəyişikliyi müsbət qiymətləndirib: "Orta məktəblərdə müvafiq xarici dil imtahanlarının götürülməsinin tərəfdarıyam. Azərbaycanın dünyaya çıxışı var və həmçinin bir çox dünya ölkələri ilə iqtisadi-mədəni əlaqələri var. Odur ki, attestatı cibinə qoymaq istəyən hər bir şagirdin mütləq xarici dil bilgisi olmalıdır. Şərt deyil ki, o dili mükəmməl bilsin. Əsas odur ki, elementar səviyyədə məlumatı olsun”.

Şəymən