Aclara yeni nəfəs...

Varlı ərəblər Ermənistanla əməkdaşlığa can atır






"Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. Bunu Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İstanbulda keçirilən toplantısı zamanı deyib. Dövlət başçısı bəyan edib ki, ermənilərin Azərbaycan torpaqlarını işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

 Prezident vurğulayıb ki, işğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalıb və talan edilib: "Ermənistan məscidlər və islam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır”.

Dövlət rəhbərinin sözlərinə görə, iyirmi ildən artıqdır ki, Ermənistan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon daxil olmaqla 20 faiz torpaqlarımızı işğal altında saxlayır: "Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Əslində Prezidentin diqqət çəkdiyi məsələ olduqca mühümdür. Yayılan məlumatlara görə, ərəb şeyxləri Ermənistana ayaq açmağa başlayıblar. Erməni mediasının yazdığına görə, ölkəyə sərmayə cəlb etmək istəyən ermənilər ərəb şeyxləri ilə müxtəlif istiqamətlərdə iş aparırlar. Deyilənə görə, artıq 3 gündür ərəb şeyxləri oğulları ilə birlikdə Qagik Tsarukyanın qonağıdırlar. Tsarukyan Ermənistanın ən güclü oliqarxlarından biridir. Reallıq odur ki, işğalçı Ermənistan bir sıra müsəlman-ərəb dövlətləri ilə sıx əməkdaşlıq etməyə, əlaqə saxlamağa çalışır. Təəssüf doğuran odur ki, bəzi müsəlman-ərəb dövlətləri məqsədli şəkildə təcavüzkar Ermənistanla normal ünsiyyət qurur, Azərbaycanın maraqlarına zidd davranış sərgiləyirlər. Halbuki müsəlman dövlətlər dini baxımdan ilk olaraq Azərbaycanın haqlı mövqeyini müdafiə etməlidirlər. 

Bəs, düşmənlə iş tutan islam ölkələrini bu əməkdaşlıqdan necə çəkindirmək olar?

Məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən tanınmış politoloq Nəzakət Məmmədova Prezident İlham Əliyevin diqqət çəkdiyi məsələnin çox aktual olduğunu deyib. 

Ekspertin sözlərinə görə, dövlət başçısı bu məqamı daima çıxışlarında vurğulayır, beynəlxalq tədbirlərdə iştirakçı dövlətlərin və onların ictimaiyyətinin diqqətinə çatdırır:

"Etiraf etsək də, etməsək də, dünyada həm də bir sivilizasiya, mədəniyyətlərarası toqquşma və dialoq prosesləri gedir. Azərbaycan mədəniyyətlərarası dialoqu öz dövlət siyasətinə çevirən bir ölkədir. Bununla yanaşı, əsrlərlə bağlı olduğu islam sivilizasiyasına da sadiqliyini daima göstərir. Ölkəmizdə İslam Oyunlarının təşkili, təbii fəlakətlərdən əziyyət çəkən müsəlman ölkələrinə humanitar yardım, beynəlxalq təşkilatlarda müzakirələr, səsvermələr zamanı islam ölkələrinin haqqını müdafiə etmək, sonuncu dəfə isə İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitində Prezident İlham Əliyevin parlaq çıxışı buna əyani sübutdur. Baxmayaraq ki, bəzi ərəb ölkələri ümumiyyətlə bu sammitdə iştirakdan çəkindilər, yaxud yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunmadılar, ancaq Azərbaycan Prezidenti öz iştirakı və çıxışı ilə sübut etdi ki, Azərbaycan müstəqil siyasət yeridir, dünyada haqq-ədaləti müdafiə edir və özünə qarşı da bu cür münasibət gözləyir. Azərbaycan dövləti bağlı olduğu islam ənənələrinə sadiqliyini qoruyub-saxlayır”.

N.Məmmədovanın sözlərinə görə, ermənilərin ərəb ölkələri ilə sıx münasibətləri, yaxınlığı təəssüf doğurucu hal olsa da, bir reallıqdır: 

"Bu, ilk növbədə onların vətənsiz xalq olması, tarix boyu öz dövlətləri olmadığı üçün dünyanın müxtəlif bölgələrinə səpələnməsi ilə bağlıdır. Xüsusilə, hazırkı Yaxın Şərqdə, ərəb ölkələrinin ərazilərində yaşamaları isə bilavasitə həm ərəblərin, həm ermənilərin əsrlər boyu Osmanlı imperiyasının təbəəliyində olması ilə əlaqədardır. Onlar türklərin tabeliyində yaşayıblar. Bu amil rəiyyətin öz sahibinə olan münasibətini formalaşdırıb, fürsət düşdükcə, türklərə qarşı arxadan zərbə endirmək istəyinə səbəb olub. Heç təsadüfi deyil ki, məhz Osmanlının ən zəif dövründə ermənilər və bəzi ərəb tayfaları bu dövlətə xəyanət ediblər.

 Ermənilər ruslarla, fransızlarla, ərəblər isə ingilislərlə məxfi əməkdaşlıq əlaqələri quraraq Osmanlıya arxadan zərbə vurublar. Sevr müqaviləsində onlara dövlət yaradılması planı məhz bu xəyanətlərin nəticəsi idi. 

Osmanlının süqutundan sonra da ermənilər və ərəblər eyni coğrafiyada yaşamağa davam ediblər. Bəzi ərəblər üçün ermənilər, baxmayaraq ki, xristiandırlar, müsəlman türklərdən daha yaxın hesab olunurlar. Bir sıra ərəb xalqlarında nəinki müsəlman həmrəyliyi, hətta milli həmrəylik hissləri çox aşağı səviyyədədir. 

Uzun əsrlər eyni coğrafiyada yaşamaları ərəblərlə erməniləri müəyyən qədər yaxınlaşdırıb: "Ermənilərin bəzi ərəb ölkələrində, Livanda, Suriyada çox güclü diasporası mövcuddur. Doğrudur, son illərdə Yaxın Şərqdəki münaqişələrdən qaçan ermənilər digər ərəb ölkələrinə, Avropaya köçüblər. Lakin əlaqələr əvvəlki kimi sıxdır. Vurğulayım ki, bir neçə ərəb ölkəsinin prezidenti erməni əsilli olub”.

Politoloq vurğulayıb ki, islam ölkələrinin Ermənistanla əlaqələrinin zəifləməsi üçün onların öz aralarında ilk növbədə dini həmrəylik, təəssübkeşlik hissləri güclənməlidir: 

"Necə ki, Türkiyə bu gün islam dünyasının hər bir ölkəsinin problemini öz problemi kimi görür. İstər Uzaq Şərqdə olsun, istər Yaxın Şərqdə. Hər bir müsəlman ölkəsi də məsələyə bu cür mövqedən yanaşmalıdır. Nə İran kimi yalnız şiə həmrəyliyini əsas götürməli, yaxud Ermənistanla dostluq əlaqələri qurmalı, nə də digər bir sıra ərəb ölkələri kimi ermənilərin göstərişi ilə hərəkət etməlidirlər”. 

Analitik bildirib ki, ərəb dövlətlərinin çoxunda monarxiya üsul-idarəsi hökm sürür: 

"Osmanlı parçalandıqdan sonra burada ayrı-ayrı böyük dövlətlər istədikləri sülalələri hakimiyyətə gətirib. Hazırda həmin sülalələr xarici qüvvələrin göstərişini yerinə yetirirlər. 

Onlar üçün milli və dini həmrəylik məsələsi vacib sayılmır. Eyni zamanda, bir çox ərəb ölkələrində varlı ermənilərin yaşaması, maliyyə imkanlarının yüksək olması onların siyasi proseslərə təsir göstərmək imkanlarını artırır. 

Nəticədə Türkiyə və Azərbaycan əleyhinə həm olduqları ölkələrin əhalisinə, həm də bu ölkələrin hakimiyyətlərinə təsir imkanları genişlənir. 

Belə vəziyyət ərəb ölkələrinin, islam dünyasının Azərbaycanın problemlərinə biganə yanaşmasına təsir göstərir. Düşünürəm ki, ərəb ölkələrinin rəhbərləri ermənilərin xəyanətkar, ikiüzlü xalq olduğunu dərk etməli, səlib yürüşlərindən bəri xarici qüvvələrlə əməkdaşlıq edərək islam dünyasına xəyanət etdiklərini özləri dərk etməlidirlər. 

Türkiyə və Azərbaycanın islam dünyasının təəssübkeşliyini çəkən ölkələr olduğunu görmək üçün son İstanbul sammitində ölkə başçılarının çıxışlarına diqqət yetirmək kifayətdir”.

İsmayıl