"Ad və soyadların milli aspektdə formalaşmasına dair heç bir iş getmir"







"Dil Komissiyasının üzvləri ad və soyadların milli aspektdə formalaşması məsələsində təkliflər hazırlayacaq”.

Bu barədə "Sherg.az”a "Ad və soyadlar haqqında” yeni qanun layihəsindən danışarkən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova bildirib. 

O diqqətə çatdırıb ki, bununla bağlı Terminologiya Komissiyasına hələlik heç bir layihə daxil olmayıb:

"Əvvəl təkliflər hazırlanmalı, daha sonra isə bunun əsasında istiqamət müəyyənləşdirilməlidir. Hələlik heç bir məlumat daxil olmayıb. Terminologiya komissiyasının tərkibində Adlar və Soyadlar Komissiyası fəaliyyət göstərir. Burada 2010-cu ildən qəbul edilən qərara əsasən uşağın adına xələl gətirə bilən, yaşına, cinsinə uyğun olmayan adların verilməsi tövsiyə edilmir. Yeni təkliflər hazırlanıb, üzərində işləndikdən sonra Milli Məclisə təqdim oluna bilər. Hələlik, bu sahədə heç bir iş getmir”.

Qeyd edək ki, yayılan məlumata görə, "Ad və soyadlar haqqında” qanun layihəsi MM-in Mədəniyyət komitəsinin yaz sessiyasında qanunvericilik işlər planına daxil edilib. Qanun layihəsində ad və soyadların milli aspektdə formalaşdırılması ilə bağlı yeni müddəalar əks olunub.

Aysel Aslan