Adam Allah RZAsı üçün danışmır

Amerika məhkəməsi azərbaycanlı iş adamından Türkiyəni diz çökdürmək üçün istifadə edir



"ABŞ-ın məqsədi Türkiyəni diz çökdürməkdir. Onlara baş əymədiyimiz üçün bizi mühakimə etməyə, etibarsızlaşdırmağa çalışır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Amerika məhkəmələrində şahid qismində dindirilən iranlı iş adamı Rza Zərrabın Türkiyə dövlət adamları əleyhinə ifadə verməsini şərh edən Ərdoğan bildirib ki, Türkiyəni bölməyə və zəiflətməyə çalışanlara qarşı qətiyyətlə mübarizə aparıldığını və bundan sonra da aparılacağını bəyan edib:

"Biriləri öz şəxsi maraqları üçün zalımlarla birgə ola bilər, amma biz bunu edə bilmərik. Ssenari bəllidir, bunu əlaltıları, FETÖ terror təşkilatı ilə birlikdə edirlər. Bizi bu oyuna sala bilməyəcəklər. PKK-nı bunun üçün qızışdırdılar, FETÖ-nü bunun üçün meydana çıxardılar. Hazırda ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədrindən də eyni məqsədlə istifadə edirlər. Məqsədləri Türkiyəni diz çökdürməkdir. İstədikləri qədər çalışsınlar, bacara bilməyəcəklər”.

Rza Zərrab İran kəşfiyyatının casusudur

İYİ Partiyasının sıralarına keçən millət vəkili Nuri Okutan iranlı iş adamı Rza Zərrab və onun ailəsi ilə bağlı açıqlamalar verib. Deputat deyib ki, Rza Zərrab və ailəsinin bir sıra üzvləri müxtəlif qeyri-qanuni fəaliyyətlərinə görə Türkiyə təhlükəsizlik orqanları tərəfindən illərdir təqib edilir: "Bununla bağlı sənədlər və qeydlər əlaqədar təhlükəsizlik orqanlarının arxivlərində mövcuddur. Rza Zərrabın İrandakı ailəsini tanımayan yoxdur. Orada kimdən soruşsanız, bu ailənin İran dövlətinin çirkli işlərini həyata keçirməsi ilə tanındığını ifadə edəcək. Hətta Rzanın Ettelat casusu olduğu istiqamətində də informasiyalar mövcuddur”. Nuri Okutan baş vərənlərin Türkiyə ilə ABŞ-ı düşmən etmək üçün qurulan bir tələ olduğunu bildirib. Bəyan edib ki, ABŞ-ın səlahiyyətli şəxsləri vəziyyətin Vaşinqtonun xeyrinə olmadığını görməlidir.

"Ailəsi Rza Zərrabın satılacağını əvvəlcədən bilirmiş...”

"Milliyət” qəzetinin jurnalisti Serpil Çevikcan yazıb ki, Rza Zərrabın anası Şəbnəm Sərraf ilə atası Hüseyn Zərrab sentyabrda, qardaşı Məhəmməd Sərraf isə oktyabr ayında İrana keçib. Müəllif vurğulayıb ki, 27 noyabrda Rza Zərrab müttəhim kimi deyil, şahid qismində ifadə verib. Ancaq Zərrabın cinayətini etiraf edəcəyi məhkəmədən 29 gün əvvəl bəlli imiş: "Zərrab ailəsi əvvəlcədən hazırlıq görürmüş. Rza Zərrab kimi Türkiyədə yaşayaraq türk vətəndaşlığı alan anası Şəbnəm və atası Hüseyn sentyabr ayında İrana gediblər. Valideynlərinin ardınca qardaşı Məhəmməd də Türkiyədən İrana keçib. Zərrabın Türkiyə əleyhinə ifadə verdiyi bir dövrdə ana, ata və qardaşının eyni tarixlərdə İrana keçməsi marağa səbəb olub. Ancaq daha maraqlısı Zəncaniyə edam hökmü çıxarıldığı bir dövrdə Zərrab ailəsinin İrana keçməsidir.

"Mən nə Amerikaya, nə də onun yalançı məhkəməsinə inanıram”

Rza Zərrab olayı ilə bağlı fikirlərini bölüşən AĞ Partiyanın sədri Tural Abbaslının fikrincə, artıq tam aydın olur ki, ABŞ-da Türkiyə ilə bağlı aparılan məhkəmə prosesi tamamilə siyasidir: "Rza Zərrabın dövlətlə razılaşaraq "müttəhim” qismindən "şahid” qisminə keçməsi, xüsusilə məhkəmədə "sübut” adı ilə təqdim olunan "17-25 dekabr saxta rüşvət sənədləri” bunu deməyə əsas verir. Mən nə Amerikaya, nə də onun yalançı məhkəməsinə inanıram. 90 il həbs cəzası almaqdan qurtulmaq üçün məhkəmədə şahidlik edən bir şəxsin ifadələri heç vaxt inandırıcı ola bilməz. Ümumiyyətlə, son zamanlar ABŞ-ın dövlət qurumları arasındakı biri-birinə zidd bəyanatlar və qərarlar, ölkə daxilində yaranmış qeyri-sabitlik hər kəsə bəllidir. Bu qeyri-müəyyənlik ABŞ-Türkiyə münasibətlərinə də mənfi təsir göstərir. Amerikanın yaxın müttəfiqi olmuş Türkiyə ilə münasibətləri qaydaya salacağına və bu siyasi məhkəmə prosesinə son verəcəyinə inanıram. İstənilən halda bütün bu proseslərdə Azərbaycan dövləti və xalqı birmənalı olaraq Türkiyə Cümhuriyyətinin yanında olmalıdır. Qardaşlığın tələb etdiyi də məhz budur”.

İsmayıl