Anar Niftəliyev: “Semaşko”nu da məhkəməyə verəcəm”
Axar.az saytının baş redaktoru Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının ölümündə ittiham etdiyi həkim Firuz İbrahimov tərəfindən maşınla vurulub. Anestezioloq Anar Niftəliyevi maşınla vuraraq qaçıb. Bütün prosesi videoya alan baş redaktor ayaqlarından ağır zədə alıb və dərhal hadisə yerinə polis çağırıb.
Qəzanın təfərrüatları ilə bağlı "Şərq”ə danışan Anar Niftəliyev deyib ki, bütün bunlar başına anestezioloqun cinayət məsuliyyətindən yayınmaq üçün oynadığı oyunların qarşısını alan zaman gəlib: "Avqustun 28-də baş tutan məhkəmə prosesinə Firuz İbrahimovun qardaşı teleqram vuraraq F.İbrahimovun mədə xorasının qanaxması ilə 1 saylı klinik xəstəxananın reanimasiya şöbəsində yatdığını və ona görə də məhkəməyə gələ bilməyəcəyini yazıb. Diqqət etdinizsə, adam "reanimasiyada yatdığı üçün” hətta teleqramı da özü vurmayıb. Mən məhkəmə çıxışımda bunun vaxtı uzatmaq üçün düşünülmüş bir hiylə olduğunu və "Semaşko” xəstəxanasının burda alət kimi istifadə olunduğunu bildirdim. Hansı ki, Firuz İbrahimov özü də "Semaşko” kimi tanıdığımız 1 saylı klinik xəstəxanada anestezioloq kimi fəaliyyət göstərir. Belə görünür ki, xəstəxana rəhbərliyi F.İbrahimovu cinayət məsuliyyətindən qorumaq üçün qanunsuzluq edir. Məhkəmə bütün hallarda işi avqustun 31-nə təxirə saldı. Məqsəd sentyabrın 20-nə qədər hökmün verilməsinin qarşısını almaqdır. Çünki məhkəmə presedenti var. Bu əbləh presedentdə göstərilib
ki, iki il müddətində cinayətkar məsuliyyətə alınmazsa, həmin maddə ilə ona hökm oxunsa da, cəza hissəsindən azad edilir. Başqa sözlə, məhkəmə hökmünü sentyabrın 20-nə, qətlin baş verdiyi tarixdən iki il müddətinin tamam olmasına uzatmaqla F.İbrahimov CM-nin ittiham olunduğu maddələrindən biri - 320.1 maddəsinin cəza hissəsindən azad olunmağa çalışır”.
Firuz İbrahimovun qardaşının məhkəməyə vurduğu teleqramın həqiqətə uyğun olmadığından şübhəyə düşən həmkarımız onun reanimasiyada yatıb-yatmadığını aydınlaşdırmaq üçün avqustun 28-də vəkili ilə birgə "Semaşko”ya gedib: "3-cü korpusdan mənə bildirdilər ki, F.İbrahimov 4-cü mərtəbədə mədə xorasının qanaxması ilə reanimasiyada yatır və bizi onun yanına buraxmadılar. Məlum oldu ki, "Semaşko” xəstəxanası həkimin guya xəstə olduğunu göstərmək üçün onu hətta rəsmi qeydə də alıb. Bu yalanı üzə çıxarmaq üçün mən avqustun 30-da onun yaşadığı ünvana gəldim, maşınının həyətdə olduğunu və özünün də evdə olduğunu gördüm. Gözlədim və məlum videonu hazırlaya bildim. Adam saxtakarlığının faş olduğunu görüb məni maşınla vurub qaçdı. İndi aldığım məlumata görə, hazırda xəstə paltarında "Semaşko” xəstəxanasında palataya "yerləşdirilib”. Belə görünür ki, bugünkü (dünən) məhkəmə prosesinə də gəlməyəcək”.
Anestezioloqa qarşı bundan sonra atacağı addımlara gəldikdə isə A.Niftəliyev video və fotoları məhkəməyə təqdim edəcək ki, məhkəmə heyəti bu yaramazın saxtakarlıq etdiyini görsün: "İkincisi də, tələb edəcəm ki, bu saxtakarlığına görə onun barəsində bu gün hökm verilsin - gedər, cəza evində "müalicə” alar. Eyni zamanda, "Semaşko”nu da məhkəməyə verəcəm və Firuz İbrahimovun cinayət məsuliyyətindən qorunmasına saxtakarlıqla yardım edənlərin cəzalanması üçün hüquqi müstəvidə mübarizə aparacam”.
Anar Niftəliyev son olaraq qeyd edib ki, Firuz İbrahimovun onu qəsdən maşını ilə vurub, qaçdığına görə Nərimanov Polis İdarəsində, baş tədqiqatçı, mayor Ramil Əhmədov araşdırmaya başlayıb: "Mayor Əhmədov artıq məhkəməyə rəsmi arayış da göndərib və hadisəni araşdırdığını yazıb. Bu arayış da Firuz İbrahimovun xəstə yatmadığı barədə Polis İdarəsinin verdiyi rəsmi sənəddir”.
Şəymən