ADP və “Ümid” seçki blokundan niyə kənar qalıb?

İqbal Ağazadə: “Biz ADP ilə birlikdə “Qarabağ” blokundayıq və seçkiyə birlikdə getməyi düşünürük”
Sərdar Cəlaloğlu: “Belə birlik uzunömürlü ola bilməz”


Əli Əliyev: "Ümid Partiyasının mövqeyi məni təəccübləndirdi”

Azərbaycanda fəaliyyət göstərən 8 müxalif partiya payızda keçiriləcək parlament seçkiləri ilə əlaqədar "Azadlıq-2015” adlı seçki bloku yaradıb. Blokda Klassik Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Azadlıq, Xalq, Azad Demokrat, Böyük Azərbaycan, Liberal Demokrat və Aydınlar Partiyası yer alıblar.

Bu barədə məlumat verən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, iclasda parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb və yekunda blok yaradılması ilə bağlı 8 siyasi partiya qərar qəbul edib: "Lakin 3 partiya - Müsavat, Azərbaycan Demokrat və Ümid partiyaları seçki blokundan kənarda qalıb. Seçki qərargahının Əsasnaməsinin yaradılması Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyliyə, seçki platformasının hazırlanması isə AXP sədri Pənah Hüseynə və mənə həvalə edilib”. Rəhbərlik etdiyi Ümid Partiyasının seçki blokundan kənarda qalmasına aydınlıq gətirən millət vəkili İqbal Ağazadə həmin blokda təmsil olunmağın məcburi olmadığını deyib: "Blok yaradan dostlarımıza uğurlar arzulayırıq, onlarla seçkidə əməkdaşlıq edəcəyik. Amma bizim orada yer almağımız məcburi deyil. Biz ADP ilə birlikdə "Qarabağ” blokundayıq və seçkiyə birlikdə getməyi düşünürük”.

ADP sədri Sərdar Cəlaloğlu isə deyib ki, Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyalarla birliyin, ittifaqın perspektivi yoxdur. Çünki hər bir qurumun möhkəmliyi həmin birliyin elementlərinin uyğunluğu ilə bağlıdır: "Əgər bütövü təşkil edən ayrı-ayrı elementlər uyğun deyilsə, struktur heç vaxt möhkəm ola bilməz. Belə birlik uzunömürlü ola bilməz. Ona görə də həmin birlikdə iştirakdan imtina etdim. Məsələ çoxluqda deyil, sayla keyfiyyət tərs-mütənasibdir”.

S.Cəlaloğlu hələlik ADP-nin seçki ilə bağlı qərar vermədiyini bildirib: "Hələ seçki ilə bağlı qərar verməmişik. Amma seçkiyə Müsavat və Ümid Partiyası ilə getməyi düşünürük. Əgər Müsavatla seçkidə iştirak etmək mümkün olmazsa, Ümid Partiyası ilə iştirak edəcəyik. Uzun illərdir, Ümid Partiyası ilə müttəfiqlik edirik”.

Blok haqqında danışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, müxalifət düşərgəsi toparlanmalı və vahid düşərgədən çıxış etməlidir. Ancaq təəssüflər olsun ki, bir sıra müxalifət partiyaları fərqli mövqelər nümayiş etdirdilər: "Hələlik müxalifətdə olan siyasi təşkilatlar gözləmə mövqeyi tuturlar. Amma biz ümumi seçki fəlsəfəmizə uyğun olaraq blokun yaranmasına tərəfdar olduq. Çalışacağıq ki, təmsil olunduğumuz seçki blokunda işlərimiz koordinasiya olunsun və bu proses genişlənərək vahid müxalifət cəbhəsinin yaranmasına gətirib çıxarsın. Sözün düzü, Ümid Partiyasının mövqeyi məni təəccübləndirdi. Çünki bundan əvvəlki iclasda, yəni yanvarın 28-də Mərkəzdə keçirilən toplantıda İqbal Ağazadə çox alovlu şəkildə seçki blokunda olacağını bildirirdi və hətta bizim partiyanın qərarından, yəni Məclisin qərarına qədər qismən iştirakımızdan narazılığını ifadə edirdi. Ancaq birdən-birə, gözlənilmədən seçki blokunda iştirakdan imtina etdi. Onun "Qarabağ” siyasi bloku üzrə müttəfiqi, hörmətli Sərdar Cəlaloğlu da mövqeyini axıra qədər aydın olan şəkildə izah edə bilmədi. Sərdar bəy tərəddüdlü mövqe sərgilədi. Çox güman ki, siyasi blokda müttəfiqi ilə həmrəylik səbəbindən hələlik gözləmə qərarı verib. Çünki ADP sədri mənimlə şəxsi söhbətlərində, həm də mətbuat vasitəsilə ictimaiyyətə bu seçki blokunda iştirakın tərəfdarı olduğunu bildirib”.

İsmayıl