Afrin əməliyyatları ilə PKK təhlükəsi bitmir

Buna görə Türkiyə Menbiçə qədər ərazini nəzarətə almaq istəyir




Türkiyənin Suriyadakı "Zeytun budağı” əməliyyatı davam edir. Qardaş ölkə illərlə təhlükəsiz və sabit inkişafa mane olan separatizmin və terrorizmin kökünü birdəfəlik kəsmək üçün ən sərt tədbirlərə əl atmaq, savaşmaq məcburiyyətindədir.

Çünki separatçı və terrorçu qrupların fəaliyyəti və bu qruplardan öz maraqları üçün istifadə edən güclərin riyakar davranışları Türkiyənin ərazi bütövlüyünü, bir dövlət kimi mövcudluğunu, təhlükəsizliyini təhdid altında qoyur. Əlbəttə, belə vəziyyətlə barışmaq, müdafiə mövqeyində dayanmaq mümkün deyil. 1960-cı ildən bəri PKK ilə mübarizədə Türkiyəyə dəyən ziyan 500 milyard dollar civarındadır. Türk xalqının başqa yolu yoxdur, ya terrorun, separatizmin kökünü birdəfəlik kəsməli, ya da milyonlarla insanın qanı bahasına bu günə gəlib çıxmış dövlətindən əlini üzməlidir. Görünən odur ki, artıq bu reallığı Qərb dövlətləri, xüsusən Türkiyənin müttəfiqi olan ABŞ da dərk edir. Elə bu səbəbdən ötən gün Türkiyəyə səfər edən Amerikanın Dövlət Katibi Reks Tillerson NATO müttəfiqi kimi Türkiyənin yanında yer alacaqlarını söyləyib. Tillersonun Türkiyəyə səfərinin təfərrüatları tam açıqlanmasa da, Ankaranın Vaşinqtona bir sıra təkliflər irəli sürdüyü istisna deyil. Suriya ilə bağlı məsələlərdə Türkiyə ilə Amerika arasında müəyyən bir həmrəylik müşahidə olunmaqdadır. Bunun da mahiyyəti ondan ibarətdir ki, Amerika Türkiyə sərhədlərinin təhlükəsizliyi prinspini qəbul edib və mümkün qədər əməliyyatları tez başa çatdırmağı xahiş edib.

Ərdoğan Osmanlı şilləsini kimə vuracaq?

Türkiyə Baş naziri Binəli Yıldırım deyib ki, terrorla mübarizəmiz amansız şəkildə davam edir, bundan sonra da edəcək: "Kim nə deyir desin, bölgədə bir terrorçu da qalmayacaq. Avropada məndən soruşdular ki, Prezident Ərdoğan Osmanlı şilləsini kimə vuracaq? Dedim, gedin Afrinə, "Zeytun budağı” əməliyyatında Osmanlı şilləsini kimin yediyini görəcəksiniz”. Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çelik isə bildirib ki, türk ordusunun Suriyadakı kürdlərə qarşı əməliyyat keçirdiyini iddia edənlər qərəzli adamlardır: "Heç kim düşünməsin ki, terrorçulara dəstək verərək, Türkiyədən bir daş ala biləcək. Türkiyənin geri çəkilməsinə səbəb olacaq. Amma dəstək verənlər var. Onlara demək istəyirəm ki, hamısı birləşib üstümüzə gəlsinlər, cavablarını verəcəyik”.

Türkiyədən Əsəd ordusunun Afrinə girməsinə reaksiya...

Suriya dövlət televiziyası Bəşər Əsəd qüvvələrinin yaxın günlərdə Afrinə girəcəyini açıqlayıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu buna cavab olaraq bildirib ki, türk ordusunun qarşısında heç kim dayana bilməz: "Rejim Afrinə PKK və YPG-ni təmizləmək üçün girirsə, bu, problem deyil. Amma sözügedən terror təşkilatlarını qorumaq üçün girirsə, unutmasınlar, bizi heç kim dayandıra bilməz”.

"Son dərəcə reallıqdan kənardır”

Bir neçə gün əvvəl Suriyanın rəsmi "SANA” xəbər agentliyi Türkiyə hərbi qüvvələrinin Afrinin Mezyene kəndi yaxınlığında "zəhərli qazdan” istifadə etdiyini və 6 nəfərin xəstəxanaya yerləşdirildiyini iddia edib. Türkiyə ilə yanaşı, rəsmi Vaşinqton da türk ordusunun Afrin əməliyyatı zamanı kimyəvi silah tətbiq etməsi iddialarına münasibət bildirib: "Bu iddialar son dərəcə reallıqdan kənardır. Türkiyənin qadağan edilmiş silahdan istifadəsini sübut edə biləcək heç bir dəlil yoxdur”.

"Sadəcə Afrinlə PKK təhlükəsi bitmir...”

Prosesləri "Şərq”ə dəyərləndirən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, Amerika Birləşmiş Ştatları Afrin bölgəsini Türkiyəyə verib. Ancaq Menbiçi verməmək üçün ciddi-cəhdlə çalışır:   "Menbiçi itirmək isə Türkiyənin maraqlarına cavab vermir. Çünki sadəcə Afrinlə PKK təhlükəsi bitmir. Bunu Türkiyə anlayır. Ona görə də ən azı Menbiçə qədər ərazini nəzarətə almaq istəyir. ABŞ-ın Suriyada yeganə müttəfiqi PKK-çı kürdlərdir və Vaşinqton müttəfiqlərinin tamamilə məhv edilməsini arzulamır. Hər şeyə rəğmən bu cür görüşlərin əhəmiyyəti böyükdür. Hələlik fikrimcə, tərəflər ümumi razılığa gəlməyiblər. Ümumi razılıq Türkiyənin Suriyada nə qədər uğurlu olduğundan asılı olacaq”.

İsmayıl