Ali məktəblər Bakı ətrafına köçürüləcək
Universitetlər ətrafında tələbə şəhərciklərinin salınacağı gözlənilir
Bakıdakı ali məktəblərin şəhər ətrafına köçürülməsi və tələbələrin yataqxanalarla təmin olunması illərdir müzakirə predmetidir. Əksər ali təhsil ocaqlarının paytaxtın mərkəzində cəmlənməsi və düşərgələrinin mövcud olmaması ölkəyə, ölkənin təhsil həyatına yalnız mənfi nəticələr vəd edib.
Çünki sözügedən universitetlərin böyük tıxaclara səbəb olması paytaxtı iflic hala gətirib. Digər tərəfdən həmin təhsil ocaqlarında ətrafdakı səs-küy səbəbindən tədrisin keyfiyyəti aşağı düşür. Bununla yanaşı, düşərgələrin tikilməməsi tələbələri kirayələrə salır ki, bu da onların təhsil səviyyəsinin zəifləməsinə və sosial vəziyyətlərinin ağırlaşmasına yol açır. Bu baxımdan ölkə rəhbərliyi həmin problemlərin tənzimlənməsi istiqamətində ciddi əhəmiyyətə malik addımlar atıb. Təhsilimizin gələcək inkişafına nail olunması məqsədilə "Təhsil Strategiyası”nı müəyyənləşdirib. Strategiyanın Fəaliyyət Planında qeyd etdiyimiz məsələlərin yoluna qoyulması öz əksini tapıb. Belə ki, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev tələbələrə şad xəbər verib. O bildirib ki, bütün ali təhsil məktəbləri üçün yeni tələbə yataqxanaları inşa olunacaq: "Hazırda ali məktəblərin yerləşdiyi mövcud ərazilər yeni tələbə yataqxanalarının tikilməsinə imkan vermir. Amma tələbə yataqxanalarına hazırda böyük ehtiyac olduğundan Təhsil Strategiyasının yeni təsdiqlənən Fəaliyyət Planında bu məsələ əksini tapıb”. Nazirlik rəsmisi universitetlərin Bakının ətrafına köçürüləcəyini və yeni infrastrukturda tələbə şəhərciyi salınacağını da əlavə edib: "Bu işlər mərhələli şəkildə həyata keçiriləcək”.
Addımı dəyərləndirən Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət "Şərq”ə açıqlamasında qeyd edib ki, bu çox təqdirəlayiq haldır. Onun sözlərinə görə, rayon və bölgələrdən təhsil almaq üçün şəhərə gələn tələbələrin yaşayışla bağlı problemləri əlavə narahatlığa səbəb olurdu: "Ancaq yataqxanaların olması, tələbələrin orada yaşayışı həm onların birgə əməkdaşlığına, həm də maddi təminatlarının qənaətinə köməklik göstərən bir hal olacaq”.
Ekspertin qənaətincə, əksər universitetlərin şəhər ətrafına köçürülməsi məsələsinin də bir çox üstünlükləri var: "Bu, paytaxt yollarında yaranan tıxacların qarşısını olacaq. Həmçinin də şəhər ətrafına köçürüləcək ali məktəb müəssisələrinin özlərinin yataqxanalarının olması uğurlu bir addımdır. Bu hal Azərbaycan dövlətinin iqtisadiyyatının uğurlu inkişafına gətirib çıxaracaq. Bir daha Azərbaycan Prezidentinin iqtisadi sahədə apardığı uğurlu inkişafının göstəricisidir”.
A.Həsrət onu da əlavə dib ki, yataqxanaların salınması, tələbələrin bir-biri ilə sıx əməkdaşlıq və ünsiyyəti zəminində birgə layihə və tədqiqat işlərinin yerinə yetirilməsinə köməklik göstərəcək: "Bu uğurlu addım bir daha Azərbaycanın digər inkişaf etmiş ölkələrlə müqayisədə yüksək inkişaf tempi ilə irəlilədiyinin bariz nümunəsidir”.
Bunun çox sevindirici hal olduğunu deyən İqtisad Universitetinin II kurs magistrantı Pərvin Mansurov bildirib ki, layihənin gerçəkləşməsinə çox böyük ehtiyac duyulur: "6 ildir təhsil alıram. Oxuduğum universitetlərin yataqxanası olmadığından kirayədə qalmalı oluram. Dərsə vaxtında çatmaq üçün şəhərətrafı ərazilərdə deyil, şəhər mərkəzində qalmağa məcburam. Şəhər mərkəzlərində isə kirayələr həddindən çox bahadı. Pul çatdırmaq mümkün deyil. İkinci tərəfdənsə bütün təhsil ocaqları şəhər daxilində olduğu üçün vaxtında istədiyin yerə - dərsə, işə getmək çox çətindi. Bütün yollar tıxacdı, bunun səbəbi isə universitetlərin eyni istiqamətdə cəmlənməsidir. Bu plan həyata keçirilərsə, həm şəhərdə tıxaclar azalar, hər kəs işə, dərsə vaxtında çata bilər, həm də tələbələrin universitetə yaxın olsun deyə şəhər mərkəzində kirayə üçün böyük miqdarda pul ödəməzlər. Hər bir universitetin öz yataqxanası olmalıdı. Bu reallaşarsa, tələbələr "kirayə haqqını necə ödəyəcəm” deyə fikir çəkmək və kafelərdə ofisiant işləmək əvəzinə, fikirlərini, vaxtlarını dərsə cəmləyərlər. Proyektin tezliklə həyata keçirilməsini çox istəyirəm və ümid edirəm ki, tezliklə reallaşacaq”.
"Xəzər” Universitetinin IV kurs tələbəsi Musa İsalı da bunu müsbət dəyərləndirib: "İnkişaf etmiş ölkələrdə ali təhsil ocaqları şəhərin mərkəzindən kənarda yerləşir. Belə olan halda müəssisənin yerləşdiyi ərazi daha geniş olur. Təhsil ocaqlarının öz yataqxanası, tibb məntəqəsi, təcrübə laboratoriyaları, idman meydançaları, gəzinti yerləri olur. Bir-iki ali məktəb istisna olmaqla ölkəmizdəki təhsil ocaqlarında bunları həyata keçirmək mümkünsüzdür. Bakıda universitetlərin 90 faizi şəhər mərkəzində yerləşir. Bu da ərazi cəhətdən kasad olan Bakının ərazi qıtlığını bir az da qabardır. Heç kimə sirr deyil ki, tələbələrin çoxu şəhər mərkəzində inşa olunmuş ali məktəblərdə oxuyurlar. Bu da nəticədə küçələrdə, metroda, sərnişin avtobuslarında sıxlığa səbəb olur. Bu reallıqlar fonunda düşünürəm ki, təşəbbüsü dəstəkləmək lazımdır. Çox zəruri addımdır”.
M.İsalı onu da diqqətə çatdırıb ki, yataqxanalar oğlan tələbələr üçün göydəndüşmə olsa da, xanım tələbələr üçün keçərli olmayacaq: "Tələbə qızların valideynləri övladlarının şəhərdən uzaq bir ərazidə, heç tanımadığı qızlarla eyni otaqda qalmağına icazə verəcəkmi? Cəmiyyətin düşüncəsini və universitetlərdə oxuyanların əksəriyyətinin rayondan gəldiyini nəzərə alaraq zənn edirəm ki, onlar qızlarının yataqxanada qalmasına razı olmayacaqlar. Rayon camaatına yataqxananın daha etibarlı olduğunu anlatmaq çətin olacaq”.
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Qurban Omarov da hesab edir ki, yataqxanaların tikilməsi ölkə təhsilinə yalnız müsbət nəticə verə bilər: "Uzaq rayonlardan və
xarici ölkələrdən gələn tələbələr var. Kirayə ev tutmaq, evin və həmçinin öz tələbatlarını ödəmək hər bir tələbə üçün asan olmur. Hər halda yataqxanalarda bu cür tələbələrin yerləşdirilməsi həm insanlıq, həm də tələbələrin yüksək təhsil alması baxımından müsbət faktordur”.
Ayyət Əhməd