Hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır
Firudin Cəlilov: "Belə çıxır ki, köhnə sistem yavaş-yavaş gətirilir meydana. Kimin pulu var, asanlıqla ali məktəbə daxil ola biləcək"
Təhsil Nazirliyinin (TN) müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq.
Bu məsələ "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili” qaydalarında öz əksini tapıb.
Qaydalara əsasən, hazırlıq qruplarında təhsil əyani formada aparılır. Tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayır. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda 2 həftə tələbələrin biliyinin aralıq qiymətləndirilməsi üçün, ikinci semestrin sonunda isə 2 həftə buraxılış imtahanları üçün nəzərdə tutulur. Birinci semestrin sonunda tələbələrin biliyinin qiymətləndirilməsi və tədrisin keyfiyyətinin monitorinqi məqsədilə ali təhsil müəssisələri tərəfindən aralıq imtahanları keçirilir. Aralıq imtahanlarının nəticələrindən asılı olmayaraq, tələbələr ali təhsil müəssisəsinin hazırlıq qruplarından xaric olunmur və təhsillərini tədris ilinin sonunadək davam etdirirlər. Aralıq imtahanları qaydalara uyğun olaraq keçirilən tələbə qəbulu imtahanlarına müvafiq formada təşkil edilir. Tələbə ali təhsil müəssisəsinin intizam qaydalarını kobud şəkildə pozduqda və ya tədris aparıldığı semestrdə fənlər üzrə ayrılmış ümumi saatların 25 faizindən çoxunda iştirak etmədikdə, ali təhsil müəssisəsinin hazırlıq qrupundan xaric olunur.
Hazırlıq qrupları qaydalarla müəyyən olunmuş ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə formalaşdırılır və hər qrupda tələbələrin sayı 20 nəfərdən çox olmamalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədris olunan fənlər üzrə qrup birləşmələrinə icazə verilmir.
Hazırlıq qruplarında ixtisaslar üzrə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Bəs, hazırlıq qruplarının təşkilinin əhəmiyyəti nə olacaq?
Ekspertlərin fikrincə, hazırlıq qruplarının yaradılması və oranı bitirənlərin imtahansız ali məktəbə qəbul olunması məsələsinə gəldikdə, proses qanunauyğun, tam şəffaf şəkildə keçirilərsə, təhsilimizə müsbət təsirləri olacaq. Amma prosesdə rüşvətxorluq elementlərinə yer veriləcəksə, qanunda gözlənilən layihə dəyişikliyi təhsilimizə mənfi çalarlar gətirəcək.
Sabiq təhsil naziri Firudin Cəlilovun "Şərq”ə açıqlamasına görə, ali məktəblərdə ödənişli hazırlıq qruplarının yaradılmasının müsbət əhəmiyyəti yoxdur:
"Hazırlıq kursları əvvəllər var idi. Test imtahanı çıxandan sonra o öz əhəmiyyətini itirdi. Əvvəllər hazırlıq kursunu bitirən imtahansız ali məktəbin 1-ci kursuna qəbul olunurdu. Test imtahanı qəbul edildikdən sonra mən bu sistemi ləğv elədim. Çünki bu zaman dövlət imtahanından keçib ali məktəbə qəbul olan tələbələrin haqqı pozulur. Oxumaq istəyən abituriyent zəhmət çəkib əvvəldən dərslərini yaxşı oxusun və digərləri kimi müvafiq nəticəni göstərib istədiyi ali məktəbə daxil olsun. Ədalətsizliyin qarşısını almaq üçün o vaxtlar həmin hazırlıq kurslarını ləğv etdim. Hansısa formada hazırlıq kursu təşkil etmək olar, amma bir şərtlə ki, pulsuz olsun. Mən pullu təhsilin əleyhinəyəm. Əgər bu kurslar ödənişlidirsə, deməli bu, pul tələsidir. Yəni əgər kurslar pulludursa, yenə də bu pul valideynlərin canından çıxmalıdır. Bir də bu kursları bitirən uşaqların müvafiq imtahandan keçdikdən sonra ikinci kursda digər tələbələrlə bir yerdə təhsilini davam etdirməsini məqbul hesab etmirəm. Burada artıq qəbulun iki başı görsənir. Birincisi, DİM-in imtahanı vasitəsilə qəbul, digəri "həsri-basma, dolan gəl” – yəni, hazırlıq kursları. Bir il hazırlıq kurslarına pul ödəyir, müxtəlif yollarla buraxılış imtahanlarından keçib, olur universitetin tələbəsi… Belə çıxır ki, köhnə sistem yavaş-yavaş gətirilir meydana. Kimin pulu var, asanlıqla ali məktəbə daxil ola biləcək”.
Şəymən