Alim Şahbaz Xuduoğlunu təkzib etdi

“Rəsulzadə Ensiklopediyası” 1000 tirajla satıldı, yenə istəyirlər”Nəsiman Yaqublu: “Ola bilsin kiminsə kitabı satılmır, amma...”,
"Məhəmməd Əmin Rəsulzadənin bizim nəşriyyatda hər il 1 kitabı nəşr olunur. Təəssüf edirəm ki, bu kitablar satılmır. Bax biz nəşr etmişik, lakin insanların bu kitablardan xəbəri belə yoxdur”.
Bu barədə ötən həftə "Şərq”ə açıqlamasında "Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu demişdi. Onun sözlərinə görə, M.Ə.Rəsulzadənin yazılarını professor Şirməmməd Hüseynov ərəb əlifbasından çevirir, toplayır və çatdırır, onun sayəsində həmin kitabları nəşr edirlər: "Yaxşı olardı ki, müəyyən tədbirlərdə, Müstəqillik Günü ilə əlaqədar mərasimlərdə bu kitablar təbliğ edilsin, ancaq o zaman onlara marağın artırılması və nəşrinin genişlənməsi mümkün ola bilər. Bütün bunlara baxmayaraq, ümid edirəm ki, gənclərin kitab oxumağa marağı günü-gündən artacaq”.
M.Ə.Rəsulzadə ilə bağlı bir neçə kitabın müəllifi, tarix elmləri doktoru, "Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin rəhbəri Nəsiman Yaqublu isə "Şərq”ə açıqlamasında nəşriyyat direktorunun fikirlərini yalanlayıb. O bildirib ki, M.Ə.Rəsulzadə haqqında yazdığı bütün kitablar satılır: "Rəsulzadə haqqında yazdığım kitabların satışına görə, hər ay kitab mağazalarından böyük olmasa da, müəyyən məbləğdə vəsait götürürəm. Onu da deyim ki, ümumiyyətlə, cəmiyyətimizdə kitab alışı aşağı səviyyədədir. Bu da insanların maddi imkanlarının zəifliyi ilə əlaqədardır. Bununla yanaşı, qeyd etməliyəm ki, "Rəsulzadə Ensiklopediyası” adlı kitabımı min tirajla çap etdirmişdik. Hamısı satıldı. Bu mövzuda yazılan kitablar yerdə qalmır. Sadəcə olaraq, insanların maddi vəziyyətləri ağırdır. Kitab almaq imkanları məhduddur. Bu, obyektiv reallıqdır. Rəsulzadənin nə günahı var ki? Bununla belə deyim ki, Rəsulzadəyə maraq böyükdür. Kitab mağazalarından bildirirlər ki, "Rəsulzadə Ensiklopediyası”nı həm rus, həm də Azərbaycan dilində insanlar alıb, oxuyub. Hər iki dildə olan kitabların hamısı satılıb. Kitab mağazalarından mənə sifariş verirlər ki, ensiklopediyaya tələbat var. Amma kitab tapılmır. İndi hazırlaşıram onu təkrar çap etdirim. Ola bilsin ki, kiminsə kitabını almırlar. Bunun Rəsulzadəyə və onun haqqında yazılan kitablara heç bir aidiyyəti yoxdur”.
Ayyət Əhməd