Alimlərimiz mütləq ingilis dilini bilməlidir

Dilavər Əzimli: “İnformasiya mübarizəsində xarici dillərin böyük əhəmiyyəti var”
Kamran Əsədov: “Türkiyənin, İngiltərənin, Fransanın, Almaniyanın arxivlərində çox vacib sənədlər saxlanılır”



Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib ki, tarixçilərə mane olan ən böyük amil xarici dil məsələsidir. Akademikin sözlərinə görə, həm yaşlı, həm də gənc tarixçilər xarici dilləri mütləq öyrənməlidirlər. Alimin fikrincə, xarici dil öyrənmək tarixi faktları araşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir:

"Dil bilikləri bizim gələcək işimizin təminatıdır. Tədqiqat işlərində tədqiqatçının özünün dil biliyinin olmasına böyük ehtiyac var. Həmçinin, kitabxanalarda işləmək, konfranslarda çıxış etmək, müzakirələrdə iştirak etmək üçün dil bilikləri vacibdir”. 

İsa Həbibbəylinin toxunduğu məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən tarixçi-alim Dilavər Əzimli akademikin həqiqəti dilə gətirdiyini deyib. Onun sözlərinə görə, alimlərimizin xarici dil bilgisinin zəif olması müəyyən səbəblərdən irəli gəlir: 

"Bizim nəsil sovet dövründə təhsil alıb və məcburi rus dilini öyrənib. Amma indi rus dili regional xarakterlidir. Qlobal dil ingilis dili sayılır. Beynəlxalq konfranslarda çıxış edərkən fikirlərimizi çatdırmaq üçün artıq bizə rus dili kifayət etmir. O səbəbdən ingilis dilini öyrənmək çox vacibdir. Əgər söhbət sırf tarixi araşdırmalardan gedirsə, qədim və orta əsrləri tədqiq etmək üçün ərəb və fars dilində bilmək ciddi tələb və şərt deyil. Çünki ərəb və fars dilində olan mətnləri tərcümə vasitəsi ilə oxumaq mümkündür. 

Amma Azərbaycanın dünyaya açıldığı bir dövrdə, beynəlxalq elmi-tədbirlərdə iştirak zamanı ingilis dili bilməyən alimlər çıxılmaz vəziyyətdə qalacaq, fikirlərini ifadə edə bilməyəcək”.

D.Əzimli bildirib ki, bizim tarixçilər uzun müddət ingilis, fransız və ya rus başı ilə düşünüblər, indi isə türk başı ilə düşünməli, ancaq fikirlərini xarici dildə çatdırmalıdırlar:

"Tariximizi məqsədli şəkildə yanlış və qərəzli yazıblar. Biz uzun müddət doğru tarixi yazmaqla məşğul olmuşuq. Xüsusən, nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitindədir. İnformasiya mübarizəsində xarici dillərin böyük əhəmiyyəti var. Əslində dil problemi əsasən yaşlı tarixçilər üçündür. Gənc tarixçilərimizin əksəriyyəti ingilis dilini yaxşı bilirlər. Hesab edirəm ki, 15-20 ildən sonra tarixçilərimizin dil problemi olmayacaq”.


Tarixçi Kamran Əsədov "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan 5 min illik tarixə malikdir. Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan ərazisinə kifayət qədər xarici ölkələrin basqınlar etməsi bizə aid olan materialların həmin ölkələrdə saxlanmasına gətirib çıxarıb: 

"Azərbaycan tarixinin vacib dövrləri ilə bağlı Rusiyanın, İranın, Türkiyənin, İngiltərənin, Fransanın, Almaniyanın arxivlərində çox vacib sənədlər saxlanılır. Onları oxumaq üçün həmin dilləri bilmək lazımdır.

Bundan başqa, Azərbaycan dünyaya inteqrasiya edir. Alimlərin elmi tədqiqat işləri, məqalələri xarici ölkələrdə çap olunan jurnallarda dərc edilir. Biz də bunu istəyiriksə, xarici dilləri bilməliyik. Təəssüflər olsun ki, bizim alimlər dünyada tanınmış jurnallarla əməkdaşlıq etmirlər. Səbəb isə odur ki, onlar ya informasiya texnologiyalarından istifadə edə bilmirlər, ya da xarici dil bilikləri aşağı səviyyədədir. Amma dünyanın aparıcı universitetlərində çalışan alimlər demək olar ki, bir neçə xarici dillərdə sərbəst şəkildə danışırlar. Bu da onların üstünlüyü hesab olunur.

Müasir xarici dillərlə yanaşı, azsaylı xalqların dillərini, qədim dilləri bilən mütəxəssislərə də ehtiyac var. Hesab edirəm ki, ali təhsil müəssisələrində bununla bağlı ixtisaslar fəaliyyət göstərməlidir”.

İsmayıl