"İstehlakçıların hüquqları haqqında qanunda göstərilir ki, alınan mallar geri qaytarıla bilər”.
Bunu "Sherg.az”a mağazalarda "alınan mallar geri qaytarılmır” şəklində xəbərdarlıqların yerləşdirilməsinin hüquqi cəhətlərini izah edərkən Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.
Hüquqşünas bildirib ki, bu cür elanların yazılması qanuna ziddir:
"Lakin qaytarılması mümkün olmayan malların siyahısı hökumət tərəfindən təsdiq edilib. Bu siyahıdan kənar olan mallar qaytarıla bilər.
Bu məsələdə problem odur ki, kimsə postterminal vasitəsilə ödəniş edir. Avtomatik vergi müəyyən olunur və s. Nəticədə malın geri qaytarılması prosedurası çətinləşir. Bu, istənilən halda mümkündür. Həqiqət odur ki, mağazalar və satıcılar bu çətinliyi çəkməmək üçün belə qanuna zidd şərt qoyur.
Belə olduğu halda istehlakçılar İqtisadiyyat Nazirliyinin müvafiq qurumuna şikayət edə bilər. Məhkəmə qaydasında şikayət təmin edilə bilər. Qeyd etməliyəm ki, istehlakçı hüquqları ilə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumu tutulmur”.
İstehlakçıların öz hüquqları haqqında məlumatları necə əldə etməsinə gəlincə, S.Məmmədov vurğulayıb ki, müxtəlif QHT-lər və dövlət orqanlarına müraciət edilə bilər:"İqtisadiyyat Nazirliyinin müvafiq strukturları və ixtisaslaşmış QHT-lər bununla bağlı müraciətləri cavablandıra bilər. Xüsusilə, Azad İstehlakçılar Birliyi istehlakçıların məlumatlandırılması və şikayətlərinin yönləndirilməsi ilə bağlı mühüm addımlar atır”.
Aysel Aslan