O dərmanlar Azərbaycandan qabaq Gürcüstanda və digər MDB ölkələrində qadağan olunub
Ölkəmizdə iki dərmanın satışı qadağan edilib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev bildirib ki, həddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə "Bioporoks” və "Sonofaks” kimi dərman vasitələrinin satışı dayandırılıb.
Elmin Quliyev bildirib ki, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib.
Şöbə müdirinin dediyinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir. Sonrakı yerləri Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar tutur. E.Quliyevin sözlərinə görə, Banqladeş və Hindistandan dərmanlar gətirilsə də, onların sayı o qədər də çox deyil.
Dərmanların qadağan olunması ilə bağlı fikirlərini "Şərq”lə bölüşən həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, "Sonofaks” və "Bioporoks” preparatları Azərbaycandan qabaq Gürcüstan və digər MDB ölkələrində qadağan olunmuşdu:
"Sonofaks sakitləşdirici tabletka, Bioporoks isə aerozoldur. Araşdırma edərkən həmin dərmanların kimyəvi tərkibə, molekula uyğun hesablanmadığı qənaətinə gəlinib.
O ki qaldı Azərbaycana Avropa ölkələrindən gələn dərman maddələrinə, ölkəmizdə Səhiyyə Nazirliyinin Analitik Mərkəzində istənilən dərman vasitələrinin Azərbaycanda qeydiyyatdan keçməsi üçün yoxlamalar aparılır. Dərmanlar mərkəzdə analiz olunur, sonra satışa buraxılır.
Təcrübə göstərir ki, son vaxtlar bütün dünyada dərman vasitələri ilə bağlı saxtakarlığa qarşı mübarizə artıb. O cümlədən Azərbaycanın Səhiyyə Nazirliyi də bu sahədə ciddi işlər görməkdədir. Düşünürəm ki, bu baxımdan digər ölkələrdən Azərbaycana idxal olunan dərmanların satışına qadağa qoyulması analizdən sonra təsdiqlənir. Yeni gələn və yaxud əvvəlcə də satışda olan dərmanlar analiz edilərkən onların tərkibində müəmmalı bir məqam aşkarlandıqda, həmin preparatların satışı və ölkəyə gətirilməsi qadağan edilir”.
Yeganə Bayramova