Elxan Mehdiyev: “Əgər Rusiya həmsədrlik institutunda Almaniya ilə işləməyə razılıq verərsə, problem müəyyən qədər çözülər”
Fərhad Mehdiyev: “Ermənistanın da razılığı olmalıdır”
Prezident İlham Əliyevin Berlinə səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən danışan Almaniya kansleri Angela Merkel problemin həllinə öz töhfəsini vermək istədiyini bəyan edib. "Rusiya və Ermənistan Qarabağ məsələsində eyni mövqedən çıxış edir” deyən Merkel Almaniyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunması təklifini irəli sürüb.
Almaniyanın münaqişənin həllində vasitəçi olmaq istəyini məmnuniyyətlə qarşılayan Prezident İlham Əliyev bununla bağlı Avropa Komissiyası ilə danışıqlar aparacağını bəyan edib. Xatırladaq ki, ATƏT-in Minsk Qrupu sadəcə üç ölkədən ibarət deyil. Bu qrupda 11 ölkə, o cümlədən Almaniya və Türkiyə də təmsil olunur. Müzakirə olunan məsələ isə Almaniyanın əsas üçlükdə yer almasıdır. Əslində Almaniyanın Minsk Qrupunun həmsədr üçlüyünə daxil olması barədə təkliflər yeni deyil. Fransanın ermənipərəst siyasət yeritdiyini irəli sürən bir çox siyasi ekspertlər üçlükdə yer alan Fransanın Almaniya ilə əvəzlənməsini daha öncə də təklif ediblər.
Məsələni şərh edən Sülh və Konfliktlərin Həlli Mərkəzinin direktoru, politoloq Elxan Mehdiyev Almaniyanın Avropada böyük rola sahib olduğunu deyib. Politoloq bildirib ki, tarixin və siyasi proseslərin təbii gedişi yenidən Almaniyanı liderə çevirib: "Almaniya Avropada söz sahibi ölkələrdəndir. Belə bir dövlətin dünyadakı proseslərdən kənarda qalması mümkün deyil. Almaniya əvvəllər proseslərə müdaxilə etməkdən çəkinirdi, amma indi fəal surətdə siyasi proseslərə qoşulur və öz mövqeyini ortaya qoyur. Hətta ilk dəfə olaraq xarici münaqişə ocaqlarına öz hərbi qüvvələrini də göndərir”. E.Mehdiyevin sözlərinə görə, Rusiya Almaniya ilə işləməyə daha çox üstünlük verir, nəinki ABŞ-la: "Əgər Rusiya həmsədrlik institutunda Almaniya ilə işləməyə razılıq verərsə, problem müəyyən qədər çözülər. Azərbaycan tərəfi də Almaniyaya neytral ölkə, yəni müxtəlif lobbilərin kök salmadığı bir dövlət kimi baxır. İndiki formatın özünü doğrultmadığını nəzərə alsaq, Azərbaycanın Almaniya və Avropa Şurası ilə danışıqlar aparmasını müsbət dəyərləndirmək olar”.
Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev isə deyib ki, Almaniyanın həmsədrlik qrupuna daxil olması üçün Azərbaycanla yanaşı, Ermənistanın da razılığı olmalıdır: "Almaniyanın vasitəçilər sırasına qoşulmasının Azərbaycana faydası ola bilər. Amma əsas məsələ bunun reallaşmasıdır. Əvvəllər Fransanın Almaniya ilə əvəzlənməsi fikirləri səslənib. Amma Ermənistan buna razı olmayıb. Çünki Fransada erməni maraqları güclü təmsil olunur. Həmçinin, Almaniyanın ora daxil olması üçün digər həmsədrlər də maraq göstərməlidir”. F.Mehdiyevin fikrincə, Merkelin fikirlərini sadəcə Azərbaycana siyasi dəstək kimi dəyələndirmək lazımdır.
İsmayıl